Azərbaycanlı alim koronavirusa qarşı vaksin hazırladı

Çikaqo Universitetinin (University of Chicago) alimləri koronavirusa qarşı hazırladıqları vaksini sınaqdan keçirərək uğurlu nəticələr əldə ediblər. Ali təhsil müəssisəsinin Molekulyar mühəndislik fakültəsinin azərbaycanlı doktorant tələbəsi Aslan Mansurov da elmi təcrübə qrupunda təmsil olunur. Eyni zamanda həmyerlimizin işlədiyi laboratoriyada xərçəng xəstəliyi əleyhinə də yeni immunopreparat hazırlanıb.

Metbuat.az xəbər verir ki, gənc tədqiqatçı "report"un xüsusi müxbirinə müsahibə verib.

- ABŞ laboratoriyalarının əksəriyyətində bütün tədqiqatlat, demək olar ki, dayandırılıb və sadəcə, koronavirusla bağlı araşdırma aparılır. Mənim təmsil olunduğum elmi qrupun rəhbəri Cefri Hubel (Jeffrey Hubbell) biomühəndislik və immunologiya sahəsi üzrə dünyanın ən aparıcı ekspertlərindən biridir. O, ABŞ-ın Milli Tibb Akademiyasının (National Academy of Medicine) və Milli Mühəndislik Akademiyasının (National Academy of Engineering) seçilmiş üzvüdur. Hazırda təxminən 7-8 nəfərdən ibarət bir araşdırma qrupumuz var. Təcrübə, elmi biliklərimiz və beynəlxalq nəşrlərdə dərc olunan məqalələrimizi nəzərə alaraq bizi bir araya gətiriblər. Artıq üç ildir buradayam və laboratoriyanın ən təcrübəli işçilərindən biriyəm. ABŞ-ın Milli Səhiyyə İnstitutu (National İnstitute of Health) koronavirusa qarşı istifadə ediləcək vaksinin hazırlanması üçün çox böyük vəsait xərcləyir. Hazırda bütün laboratoriyalar gücləndirlimiş iş rejmində işləyir və bir-biriləri ilə rəqabət aparırlar. Laboratoriyamızda koronavirus vaksininin hazırlanması istiqamətində işlər davam edir. Artıq ilk mərhələni keçmişik və gələn həftədən etibarən vaksini sıçanlar üzərində sınaqdan keçirəcəyik. Ali təhsil müəssisəsinin laboratoriyalarının vaksin platforması çox geniş və güclüdür. Biz hesab edirik ki, koronavirusa qarşı hazırladığımız vaksin bu infeksiyaya qarşı mübarizədə daha güclü bir vasitə olacaq. Pandemiya yaranandan bəri ABŞ-da 20-yə yaxın vaksin hazırlanıb və hazırda kliniki tədqiqatlar həyata keçirilir. Həmin vaksinlər bizim peyvənd platformasına nisbətən daha asan hazırlanır. Güman edirik ki, həmin vaksin növləri yararlı olmazsa, bizim hazırladığımız peyvəndin kliniki təcrübədən keçmə ehtimalı böyükdür. Hər birimiz gün ərzində təxminən 8 saat çalışırıq. Əgər hazırladığımız vaksin ABŞ Milli Səhiyyə İnstitutu tərəfindən bəyənilərsə, həkimlərlə işləməklə insanlar üzərində sınaqdan keçirəcəyik.

- Mütəxəssislər hansısa bir infeksiyaya qarşı vaksinin hazırlanması və tətbiqi üçün uzun müddət lazım olduğunu deyirlər. Bəs siz necə düşünürsüz?

- Bəli, vaksinin insanlar üzərində sınaqdan keçirilməsi uzun müddət çəkir. Kliniki tədqiqatların birinci mərhələsində (Phase 1 Clinical Trial) peyvəndin təhlükəsizliyi təxminən 20-50 sağlam insan üzərində yoxlanılır. İki ay müddətində vaksinin əks təsirlərinin olmadığını və qanda virusa qarşı immunoqlobulinlərin yarandığını gördükdən sonra ikinci mərhələyə keçilir. İkinci mərhələdə isə daha çox insan cəlb olunur. Əgər bir vaksin hazırlanırsa, ilk öncə təhlükəsizlik, daha sonra isə effektivlik əsas götürülür. Hansısa bir vaksinin hazırlanması, kliniki sınaqlardan keçməsi və insanlarda geniş tədbiqi üçün ən azı 2 il lazımdır. Biz hələ ki sıçanlar üzərində çalışırıq. Bu, mövcud şərtlərdə kifayət qədər yaxşı model hesab olunur. Düzdür, sicanların orqanizmi insanlara bənzəməsə də, yenə bu metodla uğurlu nəticələr əldə etmək mümkündür.

- Sizcə, ABŞ-da pandemiya qurbanlarının sayının artmasının səbəbi nədir?

- Mən hesab edirəm ki, ABŞ hökuməti koronavirusun ciddiliyini gec qəbul etdi. Cari ilin fevral ayında Çində kütləvi ölümlərin qeydə alınmasına baxmayaraq, ABŞ hökuməti əhalini qorxmamağa çağırdı. Çinin qonşuları cəld tərpənərək vəziyyəti nəzarət altında saxladılar, nəticədə həmin ölkələrdə koronavirus geniş yayılmadı. ABŞ-da karantin rejmi martın ikinci yarısından tətbiq olunmağa başladı. Bu, çox gec idi. Bu səbəbdən də ABŞ xeyli sayda qurban verdi. Xəstəxanalarda yerlərin olmaması normal haldır. Təbii ki, bu qədər insanın eyni anda səhiyyə ocaqlarına axın etməsi belə bir nəticə verəcəkdi. ABŞ-da sərt karantin rejiminin tətbiqi mümkün deyil, çünki belə bir cəmiyyətdə qaydalar işləmir. Ancaq yenə də vaxtında düzgün tədbirlər alınmalı idi. Artıq vəziyyət düzəlməyə doğru gedir və müsbət tendensiya var. Gün ərzində ölkə üzrə xəstə sayında azalma müşahidə olunur. İnsanlar koronavirusun öldürücü gücünün fərqindədirlər, sadəcə, market və apteklərə getmək üçün evdən bayıra çıxırlar. Təbi ki, bu da öz nəticəsini verməyə başladı.

Bu gün ABŞ-ın gündəmində isə afro-amerikalıların daha çox koronavirusa yoluxduğu və öldüyü yönündədir. Amerikalı həkimlər onlarda bəzi xroniki xəstəliklərin daha çox olduğunu söyləsələr də, ancaq mən başqa səbəbləri olduğunu düşünürəm. Hazırda yaşadığım Çikaqo şəhərində üç insandan biri qaradərilidir. Ancaq koronavirusdan ölənlərin 70 faizi afro-amerikalılardır. Hesab edirəm ki, onlar iqtisadi baxımdan bir qədər çətin şərtlərdə yaşayırlar və bu vəziyyətdə belə hər gün işə getmək məcburiyyətindədilər. Bir neçə ailənin bərabər qaldığı evlərdə yaşayırlar, bu isə virusun kütləvi yayılması üçün əlverişli şərait deməkdir. Ağdərili amerikalılar isə izolyasiya olunmuş evlərdə qalırlar. Onların işləri də daha rahatdır.

- Bildiyimizə görə, xərçəngə qarşı yeni immunopreparat da hazırlamısınız...

- Biz yeni bir metodu sınaqdan keçirmişik və uğurlu nəticələr əldə etmişik. Mənim barəmdə sosial şəbəkələrdə çıxan xəbərlərin altına onsuz da xərçəngin müalicəsinin tapıldığını yazırlar. Sadəcə, bunu gizlətməyə çalışırlar. Ancaq əminliklə bu fərziyyələrin yalan olduğunu demək istəyirəm. ABŞ ildə 50 milyard dollar yalnız xərçəng xəstəliyinin müalicəsinin tapılmasına ayırır.

Bir də onu demək istəyirəm ki, xərçəng heterogen xəstəlikdir. Xərçəngin müxtəlif növləri var və bütün növləri üçün yalnız bir dərmanın olması mümkünsüzdür. Hətta bəzən eyni preparat eyni xərçəng növünü daşıyan mütəlif insanlarda müxtəlif effektlər verir. Buna görə də həkimlərin arsenalında nə qədər çox preparat olsa, bir o qədər yaxşıdır. Bizim əsas məqsədimiz odur ki, müxtəlif immunopreparatlar hazırlayıb pasiyentlərin ömrünü mümkün qədər uzadaq.

- Bəs təhsilini başa vurduqdan sonra nə etmək fikrindəsən? Hazırda işlədiyin laboratoriyanı Azərbaycanda da qurmaq mümkündürmü?

- Ümumiyyətlə, mənim işlədiyim sahə Azərbaycanda, demək olar ki, yoxdur. Bu, ABŞ, Avropanın bəzi ölkələri və Çində tətbiq olunur. Bu sahənin əsas liderləri Çin və ABŞ-dadır. Çin xüsusilə bu sahəyə xüsusi diqqət ayırır. Bir laboratoriya yaratmaqla iş bitmir. Bu elmin inkişafı üçün bir çox laboratoriyaya ehtiyac var. Elmdə hər zaman rəqabət zəruridir. R Ürəyim hər zaman Azərbaycanla döyünür. Burada diaspor tədbirlərində də yaxından iştirak edib ölkəmiz üçün əlamətdar olan tarixləri Amerika cəmiyyətinə tanıtmağa çalışıram. Gələcəkdə də qazandığım elmi biliklərlə ölkəmə və millətimə faydalı olmağa çalışacağam.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR