Azərbaycanın 548 vətəndaşının Rusiyadan geri qayıdışı təmin edildi

Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi müddətində Rusiya Federasiyasında yaşayan vətəndaşlarımızın ölkəyə geri dönüşü ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Məlum olduğu kimi, Rusiya Federasiyasında müvəqqəti olan və ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımızın geri dönüşünü təmin etmək məqsədilə www.evegedirem.info xüsusi portalı yaradılıb. Bu portalda qeydiyyatdan keçmə ardıcıllığına uyğun olaraq, vətəndaşlarımızın əvvəlcədən məlumatlandırılmaqla ölkəyə geri dönüşü təmin edilir.

Son günlər ərzində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin dəstəyi, eləcə də Rusiya Federasiyasının aidiyyəti dövlət qurumları ilə əlaqələndirmə və əməkdaşlıq çərçivəsində bir qrup vətəndaşımızın sərhəd keçid məntəqəsində əvvəlcədən təyin edilmiş xüsusi dəhliz vasitəsilə ölkəyə qayıdışı təmin edilib. Ümumilikdə, bu ilin 20 aprel tarixindən etibarən sərhədi 548 nəfər keçib və geri qayıdan bütün vətəndaşlar müəyyən olunmuş müddətə karantinə yerləşdiriliblər.

Xatırladırıq ki, “Evə gedirəm” portalında qeydiyyatdan keçmiş şəxslər növbəti keçidin tarixi barədə telefon zəngi və ya SMS vasitəsilə əvvəlcədən məlumatlandırılacaqlar.

Rusiya Federasiyası ərazisində olan və xüsusi portalda qeydiyyatdan keçmiş vətəndaşlarımızın qabaqcadan sərhəd keçid məntəqələrinə və hava limanına gəlməsinə heç bir zərurət yoxdur. Onlara öz yaşayış yerlərində qalmaq və müvafiq məlumatı gözləmək tövsiyə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR