Çin dünyanın yeni bəlası ola bilər: Öz əhalisinə yeni vətən axtarır

Çin dünyanın yeni bəlası ola bilər: Öz əhalisinə yeni vətən axtarır
18:17 23 Aprel 2020
437 Dünya
Ölkə mətbuatı
A- A+

Koronavirus pandemiyası aradan qalxandan sonra dünya bir başqa olacaq. İndi demək olar ki, hansı eksperti dindirsən bu fikri səsləndirir, dünyanın xəbər agentlikləri bunu təlqin edir. Bu, bəzən hətta təhdid kimi səslənir. İnsanlar özlərini əməliyyata hazırlanan xəstə kimi hiss edirlər.

"Əcəba, sağ çıxacağammı, çıxsam, necə olacaq, hansı dəyişikliklər baş verəcək, yeni vəziyyətə alışa biləcəmmi? Postpandemiya dövründə Yer kürəsini gözləyən o naməlum dəyişim necə olacaq, bu gün bizim bir qanadı ağ, bir qanadı qara mələyə bənzətdiyimiz Çin müqəssirdir, yoxsa qurban?

 

Milli.Az hazırda Türkiyədə yaşayan və çalışan həmyerlimiz, politoloq Xallədin İbrahimli bizimyol.info-ya verdiyi müsahibəni təqdim edir:

- Xallədin bəy, pandemiyadan sonra dünya daha köhnə qaydalarla yaşaya bilməyəcək?

- Nə baş verəcəyi sualı hamını düşündürür. Hansı istiqmətdə dəyişikliklər gözlənir sualına cavab olaraq deyə bilərəm ki, beynəlxalq təşkilatların işinə yenidən baxılmalı olacaq. BMT, ÜST, BVF , NATO Dünya Bankı barəsində müxtəlif dövlətlərin fikirləri üst-üstə düşmür, Avropa Birliyi daxilində pandemiyadan sonra narazılıqlar , fikir ayrılıqları yaşandı, bütün bunlar dünyanın yenidən təşkilatlanması zərurətini ortaya çıxara bilər. Beynəlxalq münasibətləri nizamlayan əsas sahə beynəlxalq hüquq və beynəlxalq təşkilatlardır. Onların içərisində böhran yaşanırsa yenidənqurma zəruri olacaq.

İnsanların düşüncələri, psixologiyaları çox dəyişəcək. Psixologiya və sosiologiya elmlərində yeni baxışlar yaranacaq. Gen mühəndisliyində, tibb elmində bir çox suallar meydana çıxdı ki, onlara cavab axtarmalı olacaqlar. Elmi texnoloji yeniliklər yeni düşüncəli insan tələb edir. İndi insanların təhlükəsizlik məsələləri ortaya çıxacaq. Öncə özümüzü, sonra başqa planetləri tanımağa çalışacağıq. Dövlətlərin də baxışları dəyişəcək. Elm insanlarına diqqət artacaq. Siyasi idarəçilər elm adamlarına möhtac durumdadırlar. Bu anlamda da dəyişikliklər olacaq. Koronavirus dövrlə ayaqlaşamağa çalışaraq zamanını işə, əyləncəyə həsr edən çox kütlələri inzivaya məcbur etdi, düşündürdü. Bunu müsbət məqam kimi dəyərləndirmək olar.

- Sizcə bu inziva, düşünmək və onun gətirəcəyi bir sıra hərəkətlənmələr siyasi elitanın marağındadırmı?

- Bu maraqlı məntiqdir. Hesab etmirəm ki, bu süni şəkildə hazırlanmış bir şey ola. Axı bütün dünya ölkələrinin insanları təcrid olublar. Bir ölkə üçün deyil . Məsələn, ABŞ vətəndaşlarının daha yetişkin, daha ağıllı, daha rəqabətədavamlı olmasını istəyir. Düşünməyən xalq rejim dövlətlərinə lazımdır. İnkişaf etmiş həqiqi demokratik dövlətlərdə insanlar inqilab yox, etiraz mitinqi keçirib, seçkilər yolu ilə hakimiyyəti dəyişirlər. Hakimiyyəti seçki sandığı ilə dəyişə bilməyən dövlətlərdə isə fikrimcə narazılıqlar yaranacaq və hakimiyyətə qarşı etirazlar baş qaldıracaq. Hətta hesab edirəm ki, pandemiyadan sonra bir çox ölkələrdə, aclıq başlayacaq . Bu da etirazlara, insanların baş qaldırmasına səbəb olacaq. Məsələn, İtaliyada, İngiltərədə, İspaniyada hökumət dəyişikliklərini gözləyirəm. Xalq bu idarəetməni bağışlamayacaq. Dünya iqtisadiyyatı bərbad vəziyyətə doğru gedir. Dünya iqtisadiyyatına dəstək verən dövlətlər özləri böhrana giriblər.

- Dünya mediasında pandemiyanın yaranma səbəblərinə dair müxtəlif nəzəriyyələr dolaşmaqdadır. Kimiləri hesab edir ki, bu Çinin planı idi, dünya üzərində güc göstərişi edirdi, lakin sona doğru ABŞ onu öz qazdığı quyuya saldı və böyük təzminat tələbi ilə Çini çökdürəcək. Hətta belə bir xəbər də yayıldı ki, Avropa koronavirusdan ölüm sayını qəsdən artıq göstərməklə gələcək təzminatda öz payını gücləndirmək hesabı aparır.

- Çin, ümumiyyətlə, çox sirli, qapalı və qaranlıq dövlətdir. O öz qapılarını keçmiş Sovetlər kimi bərk- bərk bağlayıb, çölə informasiya buraxmır. İranı da belə deyirlər. Lakin İran fərasətsizdir, ona çata bilməz. Çin bu böhrandan istifadə edib, bir az da irəli çıxacaq və Amerika bunu bağışlamayacaq və indi açıq şəkildə ittihamlara başlayıb. Bu irəlidə gərginliyə səbəb olacaq. ABŞ zəifləsə, Çin güclü dövlət olaraq ortaya çıxsa (hansı ki planında budur) o zaman öz qorxunc planlarını reallaşdıracaq. Politoloqlar düşünür ki, Çinin dünyanı ələ keçirib, idarəçiliyi əlində toplamağa dair çox qorxulu planları var. Və bu planların əsası 80-ci illərdən qoyulub. Bu anlamda hətta Rusiya da Çinə qarşı ABŞ-la eyni cəbhəni tuta bilər. ABŞ Çini ciddi şəkildə blokadaya almağa çalışacaq. Çin bu gedişlə bütün dünya xalqlarına bəla olacaq. Laboratoriyalarında nəyin üzərində çalışırlar, bəlli deyil, bilinməyən silahlar istehsal edirlər. Dünya buna görə əndişə edir ki, o nələr, hansı sürprizlər hazırlayacaq. Hələ 1997-98-cı illərdə Çin rəsmiləri ağızlarından qaçırtıdlar ki, heç bir planımızı açıqlamırıq. Onlar müəyyən planları gizli-gizli işləyirlər ki, dünya buna mane ola bilməsin. Artıq bütün plan hazır olandan sonra onun həlli uğrunda işə başlayırlar.

Çinin əhalisi ölkənin sərhədlərinə sığmayacaq qədər çoxdur və Çin indi özünə ikinci bir ölkə, vətən, yeni torpaqlar axtarır ki, əhalisini yerləşdirsin. Tutaq ki, Afrikanın hansısa inkişaf etməmiş dövlətinin əhalisi onun yaratdığı naməlum virusdan qırılarsa, Çin o ölkəyə öz insanlarını yerləşdirə bilər. Düzdür ehtimaldır, amma həqiqət olmayacaq qədər də boş ehtimal deyil. İndi Çin iqtisadiyyatı elə bir gücdədir ki, daha planlarını gizlətməyə ehtiyac yoxdur. Çin kəskin müharibə, işğal planı irəli sürmür. Yumşaq iqtisadi vasitələrlə öz planlarını həyata keçirməyə başlayıb. Məsələn, Böyük İpək yolu. Bu planların arxasında bu dövlətin başqa hansı niyyətləri dayanır - onu heç kim bilmir. Onlar heç kimin ağlına gəlməyən və bəşəriyyətə qarşı acımasız xarakterli layihələr irəli sürə bilər. Nəzər salsaq, Çin tarixində bunu görmək olar. Zəif halqa tapıb orda bərqərar ola və dünya əhalisi üçün təhlükəli ola bilərlər. Əgər isbat olunsa ki, bu bəla Çinin başının altından çıxıb, dünyanın Çinə təzminat davası açmaq hüququ var.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/844398.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR