“Diplomatiya könüllüləri” üçün "Evdə Qal Mühazirələrdən Qalma” adlı onlayn görüşlər keçirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda elan olunmuş “Könüllülər ili” çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən, XİN-in nəzdində fəaliyyət göstərən “Diplomatiya könüllüləri” üçün "Evdə Qal Mühazirələrdən Qalma” adı altında keçirilən onlayn görüşlər bu həftə ərzində də davam edib.

Bu görüşlər COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlərə dəstək olaraq, könüllülərin evdə qaldıqları müddətdə zamanlarını səmərəli keçirmələri üçün təşkil olunub.

Bu həftə ərzində Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov, İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov, NATO yanında Nümayəndəliyinin başçısı Qaya Məmmədov, Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurovun könüllülərlə videokonfransları baş tutub və səfirlər könüllüləri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

Görüşlərdə Azərbaycanda dövlətimizin başçısı tərəfindən təşviq olunan könüllülər hərəkatının əhəmiyyətindən və Azərbaycanın xarici siyasətinin prioritetlərindən danışılıb, hər bir səfir tərəfindən akkreditə olunduğu ölkə (və təşkilat) ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlərin geniş əməkdaşlıq gündəliyi barədə məlumat verilib.

Hazırda Koronavirus infeksiyasının (COVID-19) dünya ölkələrində sürətlə yayıldığını nəzərə alaraq, pandemiyanın ölkələrin xarici siyasətinə və iqtisadiyyatına mümkün təsirləri görüşlər zamanı müzakirə edilib.

Videokonfranslar zamanı COVID-19-un ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin başçılığı altında Azərbaycan hökuməti tərəfindən aparılan hərtərəfli fəaliyyətdən geniş bəhs olunub.

Qeyd etmək istərdik ki, Azərbaycan hökuməti tərəfindən COVID-19-un ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə görülən işlərə dəstək və Azərbaycan gənclərinin evdə qalaraq sahə üzrə maarifləndirilməsinə töhfə olaraq, diplomatik nümayəndəliklərimizin rəhbərləri ilə “Diplomatiya Könüllüləri”nin müvafiq görüşlərinin növbəti həftə də davam edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR