"Nargis" Fondu 230 aztəminatlı ailəni

Daha öncə məlumat verdiyimiz kimi, Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi elan olunduğu ilk günlərdən “Nargis” fondu tərəfindən yaşlılara dəstək aksiyası keçirilib.

Fonddan Metbuat.az-a verilən məlumata görə, dəstək aksiyası davam etdiyi müddətdə COVİD-19 yayılması ilə əlaqədar köməyə ehtiyacı yaranmış müxtəlif insanlardan, xüsusən də aztəminatlı ailələrdən Fonda çoxsaylı müraciətlər daxil olub. Bu səbəbdən “Nargis” Fondu 14 aprel tarixindən etibarən xeyriyyə kampaniyasını davam etdirdi və vətəndaşlara dəstək olmaq istəyən hər kəsi kampaniyaya qoşulmağa çağırdı.

Bu müddət ərzində “Nargis” Fondunun müdiriyyəti 5 744 AZN və 5 000 avro, Bank Respublika 5 000 AZN, anonim xeyriyyəçilər tərəfindən isə 2790 AZN ianə edildi. Beləliklə, xeyriyyə kampaniyası çərçivəsində toplanan məbləğ 22 639 AZN təşkil etdi. Toplanan vəsait hesabına 230 aztəminatlı ailə bir aylıq ərzaq məhsulları ilə təmin edildi. “Nargis” Fondu tərəfindən hazırlanan hər bir ərzaq qutusuna aşağıdakı məhsullar daxildir: qaymaq, yüksək keyfiyyətli kərə yağı, bitki yağları, pendir, xama, təzə kəsilmiş ət, toyuq, kartof, soğan, mərci, qarabaşaq, düyü, un, makaron, spagetti, çay, müxtəlif çeşidlərdə peçenye, şəkər tozu, qənd, konfet.

Bundan əlavə bütün ailələr gigiyena məhsulları ilə təmin edildi. “Huggies” şirkəti azyaşlı uşaqları olan ailələri uşaq bezləri, “Laric Chemical” firması antibakterial vasitələrlə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi isə tibbi maskalarla hər bir ailəni təmin etdi. “Nuush.az” şirkəti tərəfindən ərzaq məhsullarının qablaşdırılması və operativ şəkildə ünvanlara çatdırılması həyata keçirildi.

“Nargis” Fondu olaraq bütün Azərbaycan xalqına xoş Ramazan ayı və tezliklə virusa birgə qalib gəlməyi arzu edirik!




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR