Karantindən sonra restoranlar belə işləyəcək - QAYDALAR

İctimai iaşə müəssisələrində koronavirusa yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə işçi heyətin virus və ondan qorunma yolları barədə məlumatlandırılması zəruridir.

Metbuat.az Qida Təhlükəsizliyi Agentliyinə istinadla xəbər verir ki, müəssisə daxilində işçi heyətin şəxsi gigiyena qaydalarına riayət etmə səviyyəsi həmin qaydalar barədə məlumat vərəqələrinin çap edilərək müvafiq sahələrə (soyunub-geyinmə otaqları, sanitar qovşaq, mətbəx və s.) yerləşdirilməsi ilə artırıla bilər.

İşçi heyəti tibbi maskalardan istifadə qaydaları (taxılması, istifadəsi, çıxarılması, atılması) ilə bağlı təlimləndirilməlidir. Eyni zamanda, işçilər şəxsi gigiyena mədəniyyəti və praktikada tətbiqi barədə məlumatlandırılmalı və bu tələblərə uyğun davranmaları tələb edilməlidir.

Yeməklər hazırlanarkən bişirilmə temperaturuna riayət edilməsi, lazımi temperatur dərəcəsinə qədər bişirilməmiş yeməklərlə qidalanmadan qaçınılması işçi heyətinə xatırladılmalı, həmçinin xam məhsulların istifadədən əvvəl təmizlənməsi, yemək dəstlərinin, mətbəx avadanlıqlarının, kirli səthlərin yuyulub təmizlənməsi prosedurları barədə mütəmadi təlimləndirmə həyata keçirilməlidir.

Müəssisədə təmizlik və dezinfeksiya işlərinin aparılması üzrə məsul şəxs təyin edilməlidir.

Məsul şəxs təmizlik və dezinfeksiya işlərinin dövriliyi, tətbiqinə icazə verilən dezinfeksiyaedici maddələrdən düzgün istifadə qaydaları, həmçinin
dezinfeksiyanın aparılması qaydaları barədə məlumatlarla təmin edilməlidir.

İctimai iaşə müəssisələrində koronavirusla mübarizə çərçivəsində görülməli tədbirlər:

  • sanitar gigiyenik qaydalara əsasən, müəssisələrdə sanitar məişət otaqlarının (sanitar qovşaq , soyunub geyinmə otağı və s.) işlək və təmiz vəziyyətdə saxlanması;
  • müəssisədə axar isti və soyuq su təchizatının təmin edilməsi;
  • müəssisənin təmizlik vasitələri və dezinfeksiyaedici maddələrlə daimi olaraq təmin edilməsi;
  • birdəfəlik istifadə üçün salfetlərlə təmin edilməsi və ya hava əlqurudanlarının işlək vəziyyətdə saxlanılması;
  • yetərli sayda tibbi maskaların və əlcəklərin təmini;
  • istifadə edilmiş tibbi maskaların atılması üçün ayrıca qapalı torbaların qoyulması və
  • bu tullantıların müvafiq qaydada məhv edilməsi;
  • işçi heyətinin qanunvericilikdə göstərilən dövrilikdə, şübhəli hallarda həmin
  • müddətlərdən kənar plandankənar icbari tibbi müayinədən keçməsinin təmin edilməsi;
  • mətbəxdə, heyət otaqlarında, sanitar qovşaqlarda və xidmət zallarında mütəmadi dezinfeksiya işlərinin aparılmasının təmin edilməsi;
  • qida qəbulu zallarında həm yemək masaları, həm də oturacaq yerləri arasındakı
    məsafənin 1.5 metr olmasının təmin edilməsi.

Təmizləmə zamanı görüləcək işlər:

1. İlk öncə səthləri sintetik yuyucu vasitələr və ilıq su ilə yuyun,
2. Təmiz və ya içməli su ilə durulayın,
3. Təmiz dəsmalla qurulayın.

Ərzaq satışı ilə məşğul olan müəssisələrdə insanların ən sıx toplaşdığı yerlərin kassaların qarşısı olduğunu nəzərə alaraq, koronavirus xəstəliyi ilə bağlı vəziyyət normallaşana qədər müəssisənin fəaliyyətdə olduğu saatlarda mövcud olan hər bir kassanın fəaliyyət göstərməsi, həmçinin kassaların qarşısında növbədə duran insanların bir-birlərindən 2 metrlik məsafədə dayanmaları təmin edilməlidir.

İctimai iaşə (ailəvi istirahət mərkəzi, restoran, şadlıq sarayı, keytrinq, yeməkxana, bufet, kafe, qəlyanaltı və s.) xidməti fəaliyyəti ilə məşğul olan müəssisələrdə əhaliyə realizasiya olunan yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi məqsədilə texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin icra edilməsi yeyinti məhsulları sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər üçün məcburidir.

İctimai iaşə xidməti müəssisələrində istehlakçıların zoonoz xəstəliklərə yoluxma riskinin qarşısının alınması məqsədilə yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən və yoluxucu xəstəliklərə görə sağlam təsərrüfatlardan olan heyvan mənşəli məhsulların tədarükünə, saxlanmasına, emalına və satışına yol verilir.

Eyni zamanda ictimai iaşə müəssisələrinin sahibləri baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən, üzərində ekspertizadan keçməsini təsdiq edən möhür və ekspertiza arayışı olmayan heyvan mənşəli məhsulların (məsələn, iri və xırdabuynuzlu heyvanların, quşların əti və s.) alışına, satışına və istifadəsinə görə qanunla müəyyən edilmiş qaydada şəxsən məsuliyyət daşıyırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR