“Oruc tutan insanlara çay məsləhət görülmür ” -

Orucun əsas məqsədlərindən biri insanlara aclıq və susuzluğun nə demək olduğunu öyrətməkdir. O, insanları bir-birinə yaxınlaşdırır, doğmalaşdırır. Oruc bundan başqa insanı müxtəlif xoşa gəlməyən yollara sövq edən nəfsini nəzarət altına almağa kömək edir.

Bəs Ramazan ayında insanlar necə qidalanmalıdırlar?

Metbuat.az xəbər verir ki, oruc tutan şəxs günboyu yemək yemədiyi üçün imsak və iftar yeməklərinə xüsusi diqqət yetirilməlidir. Hazırlanan süfrə daha zəngin olmalıdır. Yağlı yeməklərdən mümkün qədər az istifadə edilməlidir. Azərbaycan milli kulinariya assosiasiyasının idarə heyətinin üzvü, Qida Texnoloqu Ağa Salamov Metbuat.az-a müsahibəsində dedi ki, imsakda çox ağır olmayan, sağlam və eyni zamanda gün ərzində orqanizmi tox tutan, zülal və karbohidrat tərkibli qidalar istehlak etmək lazımdır.

''Karantin şəraitini nəzərə alaraq insanlar daha çox evdə oturmağa məcburdurlar. Oruc tutanlar səhər imsakda daha çox kalori dəyəri yüksək yeməklər yeyirlər. Əslində yaxşı olar ki, suya tələbat yaratmayan qidalar yeyilməlidir. Bura əsasən yumurta,ağartı məhsulları,kərə yağı,nehrə yağı,qaymaq, qatıq, yüksək lifli qidalardan,mərci ,lobyali,noxud,çərəzlər və quru meyvələr istehlak edə bilərik.Vitamin və mineral ehtiyaclarını təmin etmək üçün meyvə və tərəvəzlərə üstünlük verilməlidir. Meyvə və tərəvəz istehlak etməklə, həm vücudumuzun artan aclıq və susuzluq hissinin qarşısını almış olarıq həmdə sağlamlığımıza faydası olar. Gün ərzində maye ehtiyacımızı təmin etmək üçün isə, otaq temperaturunda olan su,ayran, təzə sıxılmış meyvə, tərəvəz şirələri, şorba və kompotlar içmək məqsədə uyğundur. İmsakda yeməkdən dərhal sonra yatmaq olmaz. Ən az yarım saat sonra yatmaq lazımdır.''

Bəs hansı qidalardan və içkilərdən uzaq durmaq lazımdır?


''Ağartı məhsullarından istifadə zamanı da nəzərə almaq lazımdır ki, bu məhsullar duzlu olmasın. Çox ədviyyatlı məhsullar, duzlu pendir, turşular, konservləşdirilmiş məhsullar, emal olunmuş ət məhsulları (kolbasa,sosiska,hisə verilmiş balıq) kimi qidalardan uzaq durmaq lazımdır. Bu cür qidalar gün ərzində susuzluq hissini artırır ki, buda oruc tutan adamda susuzluq əmələ gətirir. Həmçinin qazlı rəngli içkilər, enerji içkiləri və qəhvədən uzaq durmaq lazımdır. Qəhvə kofein tərkibli olduğu üçün, kofein istehlakı bədənin su ehtiyacını artıracaq ki, buda oruc tutan insan üçün müxtəlif çətinliklər yarada bilər. İftarda qidalanma Ramazan ayında oruc tutanlar iftar saatı yaxınlaşdıqda zəngin bir menyu ilə süfrəni zənginləşdirirlər. Ancaq, uzun sürən aclıqdan sonra boş mədəni çox yemək ilə yükləmək olmaz. Qızartma, həddindən artıq yağlı, xəmir yeməklərindən və unlu qənnadı məmulatlarından, iftar və imsak süfrələrində doyumluq deyil yalnız dadmaq üçün istehlak etmək məqsədə uyğundur. Yaxşı olar ki, iftar otaq temperaturunda su və xurma ilə açılsın . Xurmanın tərkibində şəkər, zülal, lif və yağdan başqa 15 fərqli mineral və C, B1, B2, niacin və A vitaminləri var. Həmçinin xurmada immunitet sistemini gücləndirərək xərçəngin qarşısını alma funksiyasına sahib olan selenium kimi minerallarda mövcuddur. İftar yeməyinə, mərci,tərəvəz və ya paxlalı şorba , bir dilim tam buğda ya da çovdar çörəyi ilə başlamaq lazımdır.''

Ağa Salamov qeyd etdi ki, çay seçimi zamanı yaxşı olar ki, bitki çayları qəbul edilsin. Çünki qara çay oruc tutan insanların bədənlərində susuzluq və mədə narahatlığına səbəb ola bilər.

'' Xüsusilə razyana və çobanyastığı çayı tövsiyə olunur. Burada çayın yanında şirniyyat yeyiləcəksə yaxşı olar ki, yeməkdən iki saat sonra su və ya süd ilə qəbul edilsin.''

Bəs kimlər oruc tuta bilməz?

''Yaşlı və xəstə insanlar mütləq həkim müayinəsindən keçməli və həkimlərinin məsləhəti olmadan oruc tutmaqları da tövsiyə olunmur.''

Allah tutulan oruclarınızı qəbul etsin!

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR