Azərbaycanda devalivasiya olacaq? -

“2020-ci ilin mart ayında Azərbaycan manatının real məzənnəsi 3,1% artıb. Bu, son 19 ayın ən yüksək göstəricisidir”.

Metbuat.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev bildirib.


Ekspert qeyri-neft sektoru üzrə manatın real bahalanmasının 5%-i ötdüyünü bildirir:

“Milli valyutanın real effektiv məzənnəsi onun başqa valyutalar qarşısında bazarda müəyyənləşən (yaxud Mərkəzi Bankda rəsmiləşən) məzənnəsindən fərqli olaraq alıcılıq qabiliyyəti əsasında dəyərini əks etdirir. İki valyutaya münasibətdə real məzənnənin dəyişməsinə iki göstərici təsir edir: nominal məzənnədə baş verən dəyişiklik; iki ölkənin istehlak qiymət indeksində baş verən dəyişiklik.

Bu ilin martında qeyri-neft sektorunun timsalında manatın nominal effektiv məzənnə indeksi 4,5%, real məzənnə indeksi 3,1% yüksəlib, istehlak qiymətləri 1% artıb.

Nominal məzənnədə bahalanma çox yüksək olub. Buna səbəb Azərbaycanda tənzimlənən məzənnə müqabilində əsas xarici ticarət tərəfdaşlarının hamısında dəyəri daha çox bazarda müəyyən edilən çevik məzənnə sisteminin mövcudluğudur. Türkiyə, Rusiya, Çin, Qazaxıstan və başqa ölkələrin milli valyutaları son iki ayda xeyli dəyər itirib. Milli valyutanın real bahalanması o deməkdir ki, sizin ixrac etdiyiniz milli məhsul və xidmətlər bahalanır, xaricdən idxal etdiyiniz isə daha ucuz olur, yəni idxal stimullaşır.

Real effektiv məzənnə indeksi üçün meyar sayılan göstərici 100-dür. Bu göstərici 100-dən aşağı olarsa, milli valyutanın arxasında durduğu məhsul və xidmətlərin beynəlxalq rəqabətə davamlı olduğunu, 100-dən üzü yuxarı getdikcə isə rəqabət qabiliyyətinin düşdüyünü göstərir. Məsələn, manatın real məzənnə indeksi martda 104,9, türk lirəsinin məzənnəsi 73 olub.

2018-ci ilin yanvarından indiyədək manatın qeyri-neft sektoru üzrə real məzənnəsinin 15% bahalanması bu sektorun beynəlxalq ticarətdə rəqabət gücünün əhəmiyyətli dərəcədə zəiflədiyinə işarədir”.

2015-ci ilin devalvasiyaları nəticəsində Azərbaycanda dolların rəsmi kursu 0,7844 manatdan 1,5594 manata qalxıb.

2016-cı ildə rəsmi qiymət 1,7707 manata çatıb.

2017-ci ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən 1,7 manata təklif olunur.

Dövlət Neft Fondu Mərkəzi Bankın 2020-ci ilin yanvar-aprel aylarında keçirdiyi valyuta hərraclarında 3 milyard 303 milyon dollar məbləğində vəsait satıb.

Yanvarın hərraclarında fond 300,2 milyon dollar, fevralın hərraclarında 543,4 milyon dollar, martın hərraclarında 1 milyard 928,3 milyon dollar, aprelin hərraclarında 531,1 milyon dollar sərf edib.

2016-cı ildə Dövlət Neft Fondunun analoji xərci 4,9 milyard dollar, 2017-ci ildə 3,6 milyard dollar, 2018-ci ildə 6,5 milyard dollar, 2019-cu ildə 6,6 milyard dollar göstərilib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR