Mart ayının 14-dən etibarən pandemiya səbəbi ilə ölkədə bütün kütləvi tədbirlər, o cümlədən toy-nişan mərasimləri təxirə salınıb. İki aydır ki, kiminsə evindən "Vağzalı" səsi eşidilmir. Mövcud durumdan isə ən çox zərər çəkən heç şübhəsiz ki, şadlıq saraylarıdır.
Maraqlıdır, indi şadlıq sarayları yay ayları üçün sifariş qəbul edirmi? İnsanlar necə, yaya toy planlaşdırırmı?
Metbuat.az xəbər verir ki, bu suallarla Bakıda yerləşən şadlıq saraylarına müraciəti modern.az edib.
Bir şadlıq sarayından deyiblər ki, artıq iyun ayı üçün boş gün qalmayıb:
"Aprel-may ayının toyları təxirə salındığı üçün bütün mərasimləri növbəti aya keçirmişik. İyun ayının 1-dən 30-dək bütün günlər bron edilib. Aprel ayında 22 toy təxirə salındı. İyul ayı üçün də sifarişlər çoxdur, həmin ay üçün cəmi 7 gün boş qalıb".
Başqa bir şadlıq sarayından bildiriblər ki, camaata yalandan söz verməyin mənası yoxdur:
"Toy-nişan mərasimləri üçün müraciət daxil olur, amma biz qəbul etmirik. Çünki kiməsə yalandan söz verə bilmərik ki, iyun-iyul ayında mütləq toy mərasiminizi təşkil edəcəyik. İndi vəziyyət elədir ki, qərarsız qalmışıq. Müraciətlər olur, amma kiməsə dəqiq cavab verə bilmirik. Mart-aprel ayına toy etmək istəyənlər var idi ki, indi onlar həmin mərasimləri iyun-iyul ayına keçirmək istəyirlər. Amma bizə dəqiq vaxt deyə bilmirlər ki, hansı tarixləri istəyirlər. Çünki hamı narahatdır ki, vaxt təyin edər, toy mərasimi yenidən alınmayar".
Toyların nə vaxt keçiriləcəyi başqa bir restoran isə bildirdiki, karantinin bitməsi ilə bağlı rəsmi qərarı gözləyirlər:
"Nə vaxt rəsmi qərar qəbul ediləcək ki, toy-nişan mərasimi keçirmək olar, onda sifariş qəbul edəcəyik. Düzdür, yay ayları üçün sifariş verənlər olur, biz də bunu qeyd edirik. Amma həmin adamlara da deyirik ki, əgər yay ayları üçün də qadağa tətbiq olunsa, məsələ bizlik deyil. Karantin rejimi iyun-iyul üçün də tətbiq olunsa, müştərilərə zəng edib toy-nişan tarixlərini yenidən təxirə salacağıq".