Elmar Məmmədyarov MDB XİN Şurasının iclasında çıxış edib

Metbuat.az həmin çıxışı təqdim edir:

Hörmətli həmkarlar,

İcazə verin Azərbaycan Respublikası adından və şəxsən öz adımdan sizi, habelə MDB Xarici İşlər Nazirləri Şurasının üzvlərini salamlayım və bugünkü iclasın təşəbbüskarı, MDB Xarici İşlər Nazirləri Şurasının sədri Abdüləziz Hafizoviçə təşəkkürümü bildirim.

Çıxışımın əvvəlində qeyd etmək istərdim ki, bugünkü görüşümüz çətin bir vaxtda - COVID-19 koronavirus pandemiyası dövründə keçirilir. Pandemiya, şübhəsiz ki, beynəlxalq fəaliyyətə təsir göstərir. Böhran səbəbindən bəzi görüşlər, səfərlər, eləcə də beynəlxalq tədbirlər təxirə salınmışdır. Lakin, eyni zamanda bir çox görüşlərin bugünkü kimi - video konfrans rejimində fərqli bir formatda keçirilməsinin şahidi oluruq.

Hamımız şahidi oluruq ki, pandemiya beynəlxalq səviyyədə əməkdaşlıq, qarşılıqlı yardım və əlaqələndirmənin səmərəliliyinin artırılmasının zəruriliyini açıq şəkildə nümayiş etdirdi. COVID-19 dünyanın qlobal böhranlara hazırlığının bir növ sınağına çevrildi.

Azərbaycan həm ölkədə, həm də dünyada koronavirus pandemiyası ilə mübarizədə fəal rol oynayır. Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək, Ümumdünya Səhiyyə Təşkilatına koronavirusla mübarizəyə könüllü ianə olaraq 10 milyon ABŞ dolları ayırmışdır. Azərbaycan, eyni zamanda, ayrı-ayrı ölkələrə də maddi və maliyyə yardımı göstərir.

Azərbaycanın koronavirusun ölkə daxilində yayılmasının qarşısını almaq üçün atdığı operativ və qabaqlayıcı addımlar barədə məlumatı diqqətinizə çatdırmaq istərdim. Yaranmış şərtlərə uyğun olaraq məhdudlaşdırıcı tədbirlər həyata keçirildi. Belə ki, fevral ayında Azərbaycan Respublikası ərazisinə yeni koronavirus infeksiyasının gətirilməsi və yayılmasına dair ilkin xəbərdarlıq üzrə Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı. Mart ayının əvvəlindən etibarən ölkədə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə dayandırıldı. Ölkədə planlaşdırılan bütün kütləvi tədbirlər təxirə salındı və ya ləğv edildi. Mart ayının ortalarında bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi bir rejim tətbiq edildi və martın ayının sonlarından etibarən ölkədə xüsusi karantin rejimi tətbiq olundu.

Bu gün Azərbaycan hökuməti yaranmış presedenti olmayan çətinlikləri uğurla aradan qaldırmaq üçün bütün zəruri tədbirləri görür. Dövlətin bütün resursları səfərbər olunub və müəyyən olunmuş məqsədlərə nail olmaq üçün onlardan səmərəli şəkildə istifadə olunur.

Ölkə sərhəddindən kənarda qalmış vətəndaşlarımızın təxliyəsi böhran şəraitində ən vacib vəzifələrdən birinə çevrilmişdir. Hal hazırda yaranmış vəziyyətdə vətəndaşlarımızın digər ölkələrdən geri qaytarılması üçün bütün lazımi tədbirlər görülmüşdür. Bu tədbirlər davam etdirilir və hazırda 20 minə yaxın Azərbaycan vətəndaşı vətənlərinə qaytarılıb.

Dövri sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlərin nəticəsi müsbət olmuşdur və son üç həftə ərzində Azərbaycanda müsbət tendensiya müşahidə olunur. Yəni, koronavirusdan sağalmış insanların sayı yoluxmuş insanlardan çoxdur. Ölüm hallarının nisbətinin aşağı olması işin müsbət istiqamətdə aparıldığını göstərir. Mayın ayının 4-dən etibarən Azərbaycan məhdudlaşdırıcı tədbirlərin yumşaldılmasının ikinci fazasına keçmişdir.

Hesab edirəm ki, MDB, COVID-19 koronavirus infeksiyasının yayılması ilə mübarizədə birgə səyləri müzakirə etmək, habelə milli səviyyədə həyata keçirdiyimiz tədbirlərlə bağlı təcrübə mübadiləsi, lazımlı vaxtda bir-birimizə dəstək nümayiş etdirmək və xalqlarımız arasında həmrəyliyi gücləndirmək üçün vacib bir platformadır.

Əziz həmkarlar, hazırkı gündəlik beynəlxalq gənclər əməkdaşlığı kimi humanitar əməkdaşlığın, eləcə də bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığın inkişafı kimi aktual məsələlərin müzakirəsini nəzərdə tutur. Azərbaycanda bu sahələrə böyük diqqət yetirilir. Humanitar sahədə və mədəniyyət sahəsində ənənəvi sıx əlaqələr ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün münbit zəmin təşkil edir.

Bununla əlaqədar, bugünkü iclasda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin 2021-2030-cu illərdə bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığının inkişafı strategiyası layihəsi haqqında Qərarın imzalanmasının vacibliyini qeyd etmək istərdim. Əminəm ki, bu Strategiya bədən tərbiyəsi və idman sahəsindəki əməkdaşlığımızı əhəmiyyətli dərəcədə gücləndirməyə, vətəndaşların bədən tərbiyəsi və idmana cəlb edilməsində mühüm nəticələr əldə etməyə imkan verəcəkdir.


Bildiyiniz kimi, çox qısa bir müddətdə Azərbaycan müxtəlif beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi idman yarışlarının mərkəzinə çevrilmişdir. Dövlətin idmana verdiyi dəstək, dövlət proqramlarının icrası beynəlxalq idman strukturları tərəfindən yüksək qiymətləndirilir.

Son beş ildə respublikamızda bir çox idman növləri üzrə Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, o cümlədən Dünya və Avropa çempionatları, Dünya Kubokları və Qran Pri yarışları kimi beynəlxalq miqyaslı tədbirlər uğurla keçirilmişdir. Bu il də ölkəmizdə yenidən mötəbər idman yarışlarının keçirilməsi planlaşdırılırdı. Onların arasında dörddə bir final da daxil olmaqla futbol üzrə Avropa çempionatının dörd oyunu var. Lakin, koronavirus pandemiyası ilə əlaqədar olaraq, Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) Avropa çempionatı üçün tarixləri 2020-ci ildən 2021-ci ilə keçirdi.

Əminəm ki, bu gün qəbul olunan “Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin 2021-2030-cu illər üçün Beynəlxalq Gənclər Əməkdaşlıq Strategiyası haqqında" Qərar, MDB çərçivəsində beynəlxalq gənclər əməkdaşlığını əhəmiyyətli dərəcədə genişləndirməyə, gəncləri dövlətlərimizin sosial-iqtisadi inkişaf problemlərinə daha fəal cəlb etməyə imkan verəcəkdir.

Hörmətli Şura üzvləri,

Bu gün dünyada hökm sürən reallıqlar sabitlik və təhlükəsizlik üçün yeni çağırışlara və təhdidlərə qarşı bütün dövlətlərin səmərəli qarşılıqlı fəaliyyətini və səylərinin əlaqələndirilməsini tələb edir.

Lakin Birlik məkanında mövcud olan həll olunmamış münaqişələr, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Birlik daxilindəki inteqrasiya potensialını tam və effektiv şəkildə reallaşdırmağa imkan vermir və MDB-yə üzv olan dövlətlərin yeni çağırışlara və təhdidlərə qarşı daha sıx qarşılıqlı fəaliyyətinə əsas maneədir.

Ermənistan rəhbərliyinin son açıqlamaları göstərir ki, Ermənistan tərəfi münaqişənin dinc yolla nizamlanması prosesinin aktivləşdirilməsinə mane olmaq üçün əlindən gələni edir və bununla da regional sabitliyə və təhlükəsizliyə yeni təhdidlər yaradır.

Azərbaycan münaqişənin ən qısa zamanda siyasi həllinə sadiqdir. Bununla yanaşı, danışıqlar əbədi davam edə bilməz və danışıqlar güc tətbiqi, işğal və etnik təmizləmə nəticəsində yaranmış vəziyyətin davam etdirilməsinə və saxlanılmasına xidmət etməməlidir.

Bir daha xatırlatmaq istərdim ki, BMT Nizamnaməsində, Helsinki Yekun Aktında, Paris Xartiyası və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində qeyd olunduğu kimi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində bütün vasitələrlə ərazi bütövlüyünü bərpa etmək hüququ vardır.

Münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına əsaslanan tezliklə həlli, şübhəsiz ki, bölgədə regional və beynəlxalq təhlükəsizliyin, sosial tərəqqinin və regionda iqtisadi əməkdaşlığın möhkəmlənməsinə kömək edəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR