.

DİQQƏT! Koronavirusun ikinci dalğası payızda olacaq - Professor Adil Qeybulladan AÇIQLAMA

Son günlər bir neçə ölkədə tibb mütəxəssisləri bir sıra səbəbləri əsas gətirərək koronavirus pandemiyasının "ikinci dalğası"-nın olacağı haqda xəbərdarlıq edir. Ötən gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Henri Kluqe koronavirus pandemiyasının ikinci dalğası ilə bağlı xəbərdarlıq edib. O deyib ki, payızda koronavirusun ikinci dalğası gözlənilir və bu, daha öldürücü ola bilər.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində pandemiya ilə əlaqəli bəzi sosial izolyasiya tədbirləri həyata keçirir. Sosial həyatda yumşaldılma tədbirləri tətbiq edilsə də, mövcud pandemiya səbəbindən hələki karantinin ümumi olaraq bitmə müddəti may ayının 31- dək müəyyən edilib.

Maraqlıdır, ÜST və ABŞ Səhiyyə nazirliyinin rəsmilərinin verdiyi açıqlama ölkəmiz üçün hansı nəticələri gətirə bilər?

Professor və tibb eksperti Adil Qeybulla Ümumdünya Səhiyyə Təşkilatıının verdiyi məlumatın məntiqli olduğunu açıqlayıb:

"ÜST-ün belə qərarı əslində məntiqidir. Ona görə ki, infeksiya hələki lokallaşdırıla bilmir və vaksin istehsalı üçün müəyyən zaman lazımdır. Sosial həyatı da uzun müddət dayandırmaq mümkün deyil. Yəni ki, gec və ya tez sərhədlər açılmalı, sosial həyat davam etməli və insanların miqrasiya imkanları təmin olunmalıdır. Bütün bunlar davam etdikcə əlbəttə yeni yoluxma dalğası ola bilər. Çünki, kollektiv immunitet yoxdur. Kolllektiv immunitetin yaranması üçün əhalinin həmin regionda 70 faizinin xəstələnməsi tələb olunur. Bu gün koronavirusdan xəstələnmə 4 milyonu ötsə də, bu dünya əhalisinin nisbətində böyük rəqəm deyil. Ona görə də həmin rəqəmin artım dinamikası gözlənilir. Karantin qaydaları yumşaldıqca davranışlara ciddi riayiət edilməlidir. İnsanlar qaydaları gözləmədikcə problemlər də artacaq".

Adil Qeybulla sonxeber.az-a müsahibəsində bildirib ki, ölkəmizdə olan vətəndaşların xüsusi karantin qaydalarına əməl etməmələrinə görə yeni yoluxma dalğasının payızda olacağını real hesab edir:

"Azərbaycanda sərt karantin tədbirləri həyata keçirildi. İnsanlar həmin vaxtı nə etdilər? SMS icazəsindən istifadə edib evlərdə toplaşdılar, ziyafətlər təşkil etdilər, domino oynadılar. Bütün bunlar hamısı yeni yoluxma dalğasının sürətləndirir. Yoluxmaların artması bu gün belə amillərə bağlıdır. Küçələrdə insanların maskalardan istifadə etməməsi dalğanı artıracaq. Qaydalar yumşaldılsa da məhdudiyyətlər qalmalıdır. ÜST məhz bu faktorları nəzər alaraq ikinci dalğanın olmasını real sayır.
İkinci dalğanın payızda başlaması onunla bağlıdır ki, sözügedən COVİD- 19 infeksiyası payızadək sönməsə, yenidən baş qaldıra bilər. Payız vaxtı soyuqdəymə xəstəlikləri və insanların bir-birini yoluxdurma şansları artır. Ona görə də virusun həmin dövrdə yüksəlişi gözləniləndir. Bu baxımdan deyə bilərəm ki, ikinci dalğa ola bilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR