Sığorta şirkətlərinin yeni fırıldağı: Sürücülər belə aldadılır -

Avtomobilini sığorta etdirmək istəyən Salyan sakini Mahur Kərimov gözləmədiyi bir halla üzləşib. Məlum olub ki, onun adına özündən xəbərsiz o qədər avtomobil sığorta olunub ki, artıq limiti keçib və yeganə şəxsi avtomobilinin sığortası üçün yer qalmayıb.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Mahir Kərimov – Şikayətçi: “Avtomobilimi sığortalatmaq üçün getdim amma sığortalamadılar. Dedilər ki, adınıza bir neçə maşın sığortalanıb. Mən onlara dedim ki, mənim cəmir bir maşınım var və çörəyim o maşından çıxır. Çox xahiş etdim, yalvardım ki, sığortalasınlar”.

Bu problem sığorta sahəsində bonus-malus sisteminin tətbiqindən sonra ortaya çıxıb. Belə ki, uzun müddət qəza törətməyən müştərilərə sığorta haqqında güzəşt tətbiq olunur. Əksinə, il ərzində qəzalara yol vermiş avtomobil sahibləri sığortaya görə daha çox pul ödəməli olur. Az xərclə canını qutarmaq istəyən fürsətcillər isə öz avtomobillərini güzəşt kateqoriyasına düşmüş şəxslərin adına sığorta etdirir.

Xəyal Məmmədxanlı – Ekspert: “7-8 il qəzasız sığorta tarixcəsi olan hər hansı bir vətəndaşın sığorta müqaviləsini onun adına, onun fin kodu ilə rəsmiləşdirirsiniz. Və belə olan halda siz 200 manat sığorta haqqı ödəyəcəyiniz yerdə yeni şəxsin fin kodu ilə güzəştindən istifadə edib hətta 100 manat yerinə 60-65 manat sığorta haqqı ödəyirsiniz”.

Nəticədə icbari sığortadan hər il güzəştli istifadə edənlərin sayı artır. Amma cəzalandırılanların, artıq sığorta haqqı ödəyənlərin sayı 1-2 faiz təşkil edir.

Xəyal Məmmədxanlı – Ekspert: “Bu da bütün statistikalara ziddir. Çünki 1 il ərzində 100 mindən çox avtoqəza baş verir. Bu qəzaların ən az yarısında kimsə günahkardır. Necə ola bilər ki, bonus sistemindən istifadə edənlər əhalinin çox böyük bir qismidir amma malusdan, yəni cəza sistemindən isə hər kəs yayınır. Və bu icbari sığorta bürosunun neçə illər ərzində həll edə bilmədiyi bir problemdir”.

Təbii ki, bu cür vəziyyətin yaranmasında sığorta şirkətlərinin, daha doğrusu, bəzi sığorta agentlərinin dırnaqarası əməyi var. Onlar ya özləri qazanc əldə etmək, ya da müştəridən maddi maraq hesabına daha az sığorta haqqı almaq naminə dələduzluğa əl atırlar.

Rəşad Əhmədov - İSB-nin icraçı direktoru: “Ya sığorta vasitəçisi edib, ya sığorta şirkəti özü edib. Bu dələduzluqdur, bəli dələduzluqdur. Başqasının hüququndan istifadə etmiş olursuz. Biz onun üçün bu məsələləri təsbit etməyə çalışırıq ki, dələduzluq edən agentləri təsbit edək. Əgər bu hərəkəti sığorta şirkəti edibsə sığorta şirkəti cəzalandırılsın və s”.

Vətəndaşlara belə bir qarşılaşdıqları halda icbari sığorta bürosuna müraciət etmələri tövsiyyə olunur. Həmin müraciət araşdırılır və sürücüyə adından hansı avtomobillərin olması barədə arayış verilir. Bundan sonra sığorta şirkətinə müraciət edən vətəndaş həmin müqavilələrə xitam verdirə bilər. Sığorta şirkəti də vətəndaşın müraciətini icra etməyə məcburdur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR