Avropa Məhkəməsi Ramil Səfərovla bağlı qərarını verdi - TƏFƏRRÜAT

.

Avropa İnsan Haqları Məhkəməsi Ermənistan vətəndaşlarının Azərbaycana qarşı iddiası ilə bağlı qərar çıxarıb.

Metbuat.az xəbər verir ki, mayın 26-da AİHM Ermənistan Silahlı Qüvvələrinin zabiti Qurgen Markaryanın öldürülməsi faktı üzrə "Makuçyan və Minasyan Azərbaycan və Macarıstana qarşı" iddiasına dair hökm verib. Makuçyanın və Minasyanın Azərbaycana və Macarıstana qarşı işi üzrə qərar 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş Ramil Səfərovun işi ilə bağlıdır. AİHM hesab edib ki, bu işdə Konvensiyanın 2-ci (yaşamaq) (həm Azərbaycan, həm də Macarıstan), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verilib:

“Nə Azərbaycan, nə də Macarıstan Konvensiyanın 38-ci maddəsinə əməl ediblər. Azərbaycan ərizəçilərə 15,143 funt strerlinq təzminat ödəməlidir”.

İşin materiallarına görə, Azərbaycanın işğal altında olan Cəbrayıl rayonunda anadan olmuş Ramil Səfərov 2004-cü ildə NATO proqramları çərçivəsində Macarıstanda keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb. O, kurs yoldaşı, milliyyətcə erməni olan Qurgen Markaryanı təhqirə görə qətlə yetirib və 2006-ci il, aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum olunub. 2012-ci ildə Macarıstan hökuməti Azərbaycanın müvafiq müraciəti üzrə R.Səfərovu Azərbaycana təhvil verib. O, Azərbaycanda əfv olunub. Həmin vaxt ölmüş erməni hərbçisinin ailəsi hüquqi prosedurları başladıb. Nəticədə, AİHM-ə şikayət edilib. İddiaçı tərəf bildirib ki, hərbçinin Azərbaycanda əfv edilməsi Konvensiyanın 2-ci maddəsi ilə təminat altına alınan yaşamaq hüququna uyğun olmayıb. Eyni zamanda, AİHM qarşısında ayrı-seçkiliyin qadağan olunması hüququ (Maddə 14, ekstradisiya edilmiş hərbçinin əfv edilməsi, rütbə verilməsi ilə etnik məzmunlu nifrət iddiası) və 38-ci maddənin (dövlətin səmərəli təhqiqat üçün zəruri şəraiti yaratması) pozuntusunu mübahisələndirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR