“Beynəlxalq Dəniz Təşkilatının Xoşməramlı Dəniz Səfirləri” arasında video konfrans keçirilib

Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin məlumatına görə, “Beynəlxalq Dəniz Təşkilatının Xoşməramlı Dəniz Səfirləri” arasında video konfrans keçirilib.

Metbuat.az xəbər verir ki, video konfransla təşkil olunan görüşdə ölkəmizi Beynəlxalq Dəniz Təşkilatının Azərbaycan üzrə Xoşməramlı Dəniz Səfiri, Dövlət Dəniz Agentliyinin direktor müavini Fərhad Məmmədov təmsil edib.

Səfirləri salamlayan Beynəlxalq Dəniz Təşkilatının Baş Katibi Kitak Lim koronavirus infeksiyası ilə mübarizə çərçivəsində reallaşdırılan tədbirlər, gələcək planlar barədə danışıb.

Fərhad Məmmədov koronavirus (COVID-19) infeksiyasının zərərlərini minimuma endirmək üçün Azərbaycan Respublkasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhəmiyyətli və sistemli tədbirlərin görüldüyunü vurğuladı. Fərhad Məmmədov, pandemiyanın vura biləcəyi zərbələrdən az itki ilə çıxmaq məqsədilə Azərbaycanda vacib addımlar atıldığını, nəticədə respublikada bu sahədə vəziyyətin digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğunu söylədi.

Fərhad Məmmədov bildirdi ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə qeyri-neft sektorunun inkişaf etdirilməsi, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, sahibkarlığın inkişafına şərait yaradılması bu çətin günlərdə öz sözünü deyir. Bütün bu amillər ölkəmizin koronavirusla mübarizədə bir nümunə olduğunu nümayiş etdirir. Artıq bəzi ölkələr Azərbaycan nümunəsini öyrənməyə, tətbiq etməyə başlayıb.

Koronavirus (COVID-19) infeksiyasının dəniz nəqliyyatı sahəsində törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində də əhəmiyyətli addımlar atıldığı video konfrans iştirakçılarının diqqətinə çatdırıldı.

Fərhad Məmmədovun sözlərinə görə reallaşdırılan tədbirlər çərçivəsində Dövlət Dəniz Agentliyi tərəfindən Azərbaycan bayrağı altında üzən gəmilərdə Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyalar və yerli qanunvericiliklə nəzərdə tutulan və vaxtı bitmiş şəhadətnamələrin müddəti 1 iyul 2020-ci il tarixədək artırılıb.

Beynəlxalq Dəniz Təşkilatının Xoşməramlı Dəniz Səfirlərinin diqqətinə çatdırıldı ki, koronavirus pandemiyası ilə əlaqədar zəruri xidmətlərin göstərilməsinə dair planlar barədə Azərbaycan dənizçilərinə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, dövlət liman nəzarəti və bayraq nəzarətini həyata keçirən qurumlara, gəmiləri heyətlə komplektləşdirən agentliklərə və digər aidiyyəti şəxslərə bildirişlər göndərilib.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahın və Beynəlxalq Dəniz Təşkilatının (BDT) qeyd olunan məsələ ilə bağlı göstəriş və tövsiyələrinin Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində yerinə yetirilməsinə nəzarət olunması məqsədilə lazımi tədbirlər görülüb. BDT-nin qəbul etdiyi “Gəmilərdə COVID-19 hallarının və nəticələrinin idarə olunması üçün istismar mülahizələri”, “Dənizçilərinin sağlamlıqlarının qorunması məqsədilə gəmiçilik şirkətləri üçün Təlimat”ın nəzərə alınması məqsədilə gəmiçilik şirkətlərinə Dövlət Dəniz Agentliyi tərəfindən müvafiq tövsiyələr verilib.

Eyni zamanda Azərbaycan dənizçilərinə verilən şəxsiyyət sənədi və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”nın tələblərinə uyğun olaraq verilən sertifikatların (diplomların) etibarlılıq müddətlərinin bitmə ehtimalı yarandığından bu istiqamətdə mühüm addımlar atılıb. Görülən tədbirlər nəticəsində hazırda beynəlxalq səfərlər həyata keçirən Azərbaycan bayrağı, eləcə də xarici bayraq altında üzən gəmilərdə Azərbaycan dənizçilərinın çalışdığı nəzərə alınaraq dənizçilərin etibarlılıq müddəti bitmiş sertifikatlarının (diplomların) etibarlılıq müddətinin müvafiq tələblərə riayət olunmaqla 1 iyul 2020-ci il tarixədək Agentlik tərəfindən uzadılmasına razılıq verilib.

Bununla yanaşı Agentliyin ən son texniki avadanlıqlar ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən ərazi sularımızda istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin müşahidəsinin gücləndirilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

Həmçinin xarici bayraq altında üzən gəmilərin heyət üzvləri ilə təmasın minimuma endirilməsi məqsədilə xüsusi katerlərdən istifadə edilərək həmin gəmilərə bələdçi xidmətləri göstərilməkdədir. Qeyd edilən işlərə cəlb olunan liman nəzarəti müfəttişlərinin və bələdçilərin fasiləsiz olaraq xüsusi xidməti maşınlarla iş yerlərinə daşınmasına, onların sosial izolyasiya tədbirlərinə əməl etməsinə ciddi nəzarət edilməkdədir.

Sonda Beynəlxalq Dəniz Təşkilatının Xoşməramlı Dəniz Səfirləri görülən işlər, həyata keçiriləcək əməkdaşlıq planlarını müzakirə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR