​Karantin rejimi insanlarda niyə panika yaradır? - "Sosial şəbəkələrdəki videolar göstərir ki..." -

Bütün dünyanın mübarizə apardığı koronavirus artıq təxminən üç aydan çoxdur ki, ölkəmizdə də müşahidə olunur. Bu səbəbdən, tətbiq edilən karantin rejimi, müxtəlif qaydalar kimsənin gözləmədiyi anda həyat tərzimizi tamamilə dəyişdi. Hər şeyin normala döndüyünü düşündüyümüz və yumşalma dövrünü yaşadığımız bu günlərdə isə yoluxma sayının kəskin artması ilə ölkədə iki günlük çölə çıxma qadağası elan edildi.

Bu barədə əvvəlcədən məlumat verilməsinə, eyni zamanda, müddətin bir o qədər də uzun olmamasına baxmayaraq, market və ərzaq dükanlarında yaşanan izdiham bizdə təəccüb və çaşqınlıq hissi yaratmadı desək, yanılarıq. Bəs insanların karantin rejimini pozaraq, hətta sosial məsafəni belə gözləməyərək bu formada hərəkət etməsinin səbəbi nə idi?

Metbuat.az mövzu ilə bağlı tanınmış psixoloq Nərgiz Allahquluzadə həmsöhbət olub. Psixoloq qeyd edib ki, ölkəmizdə bu cür rejim ilk dəfə tətbiq olunduğu üçün insanların yaşadığı panikanı normal qəbul etməliyik:

“İnsanlardakı bu panikanın səbəbini bir neçə nüansla əlaqələndirə bilərik. İlk növbədə, qeyd edim ki, insan elə bir varlıqdır ki, o, hər zaman nə baş verəcəyini bilmək istəyir, yəni qeyri-müəyyənliklə mübarizə aparmaq gücü yoxdur. Bu gün apardığımız mübarizədə isə çox təəssüf ki, nə baş verəcəyini bilmirik. Nəinki, vətəndaşlar, hətta qurumlar, təşkilatlar belə. Hər kəs sadəcə xəstəliyin gedişatına baxaraq qərar verdiyindən, onlar anidən dəyişə bilir. Ona görə də cəmiyyətin bu cür dəyişikliklərə, şərtlərə öyrəşməsi olduqca çətin olur. Hər kəsin ağlında isə fərqli suallar yaranır ki, görəsən, bu rejim nə qədər müddət davam edəcək, qaydalar yenidən sərtləşəcəkmi və s. Yaşanan bu qeyri-müəyyənliyin özü elə panikaya səbəb olur və hər kəs bu qeyri-müəyyənlik içində məntiqini itirir. Nəticədə isə biz emosiyalarımızla, panikayla, həyəcanla hərəkət etməyə başlayırıq. Sosial şəbəkələrdə gördüyümüz videolar, fotolar bunun sübutudur.

Burada biz həm də kütlə psixologiyasının rolunu qeyd etməliyik. Qrup içinə düşəndə insan öz mənindən, fərdindən çıxaraq həmin kütləyə uyğun davranmağa başlayır. Qrupda da panikalar bir-birinə yansıyaraq daha artır və bilməliyik ki, qrup panikası daha şiddətli olur.

Lakin növbəti günlərdə də bu formada qadağalar elan edilsə, artıq insanların daha təmkinli hərəkət etdiyini, daha az təşviş içində olduğunu müşahidə edəcəyimizi düşünürəm”.

Sahilə Musayeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR