.

Baş Prokurorluğun sabiq əməkdaşı barəsində cinayət işi başlanılıb

Prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı mübarizədə ardıcıl tədbirlərin icrası davam etdirilir.

Metbuat.az xəbər verir ki, bu xüsusda prokurorluq orqanlarının əhali arasında olan nüfuzuna və imicinə kölgə salmaqla vətəndaşların qanunla qorunan mənafelərinə zərər vuran prokurorluq əməkdaşı barədə qanunamüvafiq tədbirlər görülmüşdür.

Belə ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin sabiq əməkdaşı Orxan Hacıyevin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş material araşdırılmışdır.

Aparılmış araşdırmalarla Orxan Hacıyevin 2015-2018-ci illərdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifəsini icra edərkən icraatında olan cinayət işinin istintaqı ilə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək zərərçəkmiş şəxsin qohumunu xidməti otağında qəbul edərək istintaqın aparılması və təqsirləndirilən şəxsin tutulması məqsədilə əməliyyat tədbirlərinin keçirilməsinin təşkili üçün xərclərin həmin şəxs tərəfindən ödənilməli olması adı ilə aldadaraq 5 000 manat məbləğində pulunu ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.

İş üzrə Orxan Hacıyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur.

Cinayət işi üzrə istintaq tamamlanaraq 10 iyun 2020-ci il tarixdə baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR