Qazlı spirtsiz içki markaları arasında lider hansıdır? - İQTİSADİ ARAŞDIRMA

Qızmar yayda ən çox suya ehtiyac duyulur. Bu səbəbdən yayda sərinləşdirici içkilərə tələbat artır.

Bəs ölkədə hansı marka qazlı sərinləşdirici içki liderdir?

Metbuat.az xəbər verir ki, statistikaya əsasən ölkə əhalisinin 80 faizi qara rəngli, yəni kola tipli qazlı içkiləri istehlak edir.

Bu içkilər sırasında bazarın lideri “Coca-cola” markasıdır.


Coca-Cola şirkəti Amerikanın transmilli içki korporasiyası olub, istehsalçı, pərakəndə satıcı və alkoqolsuz içki konsentratları və siroplarının satışı ilə məşğul olan bazar nümayəndəsidir.

Azərbaycanda kola tipli içkilərin alıcılarının 57 faizi elə məhz “Coca-cola”-nı içir.

Məşhur “Pepsi Cola” markası isə bu sırada 22 faizlə ikinci yerdə qərarlaşıb.

"PepsiCo"-nun xidmətlərinə içki, qida və başqa məhsulların istehsalı, marketinqi aiddir. 1965-ci ildə Pepsi və Frito-Lay şirkətlərinin birləşməsi ilə yaranmışdır. Şirkətin gəlirlərinin yarıdan çoxu ABŞ-ın, 20 faizi isə Meksika, Rusiya, Kanada, Böyük Britaniya və Braziliyanın payına düşür.

Bazarın lider markalarını illər üzrə təhlil etdikdə, görünən bir dinamika var.

“Coca-cola’’ 2017-ci ildə 55 faiz, 2018-2019-cu illər dəisə artım dinamikası göstərərək 60 faiz alıcı kontingentinə sahib olub.



Azərbaycanda 2017-2019-cu illər arasında “Pepsi Cola” markası 25 faiz alıcının seçimində olsa da növbəti illərdə bu göstərici 20 faiz olub.

Siyahıda yerli məhsul “Gülüstan’’ da var. Bu marka içki əsası 1997-ci ildə qoyulmuş “TAC” MMC tərəfindən qablaşdırılır. Azərbaycanda 2019-cu ildə “Gülüstan” 9 faiz alıcının seçimi olub.

Bu marka ilə bərabər “Cola Turka” isə 5 faiz alıcının diqqətində olub.

2017-2019-cu illərdə “Gülüstan” ,“Cola-Turka’’ markası stabil göstəricilər nümayiş etdiriblər.

Belə ki, hər iki marka 2017-ci ildə 11 faiz alıcı qazansa da, 2018-2019-cu illərdə bu artım dinamikası 9 faizə qədər geriləyib.

Ölkədə 6 faiz əhali isə digər adda olan bu dadda içkilərə üstünlük verib.

Sərinləşdiricilər sırasında digər tamlı qazlı içki markaları arasında isə lider “Fanta’’ markasıdır.



“The Coca Cola” kompaniyasına məxsus sərinləşdirici alkoqolsuz içkinin markasıdır. Dünyada “Fanta” içkisinin istehsalına görə 1-ci yeri Braziliya tutur.

Hal-hazırda Fanta dünyanın 160 ölkəsində istehsal olunur.

Azərbaycanda 73 faiz tamlı qazlı işki alıcısı bu dadda olan sərinləşdirici içkini seçir.

Onların da 33 faizi “Fanta”markasına üstünlük verir. Buna baxmayaraq, lider markanı illər üzrə analiz etdikdə, görünən düşüş var.

“Fanta” markası 2017-ci ildə 35 faiz, 2018-ci ildə 40 faiz, 2019-cu ildə 33 faiz alıcının seçimi olub.

“Sprite” markası isə 18 faiz ilə ikinci pillədədir.

Bu marka da 3 il ərzindəmüəyyən qədər alıcı itkisi ilə üzləşib.

Belə ki, “Sprite” 2017-ci ildə 23 faiz, 2018-ci-ildə 12 faiz, 2019-cu ildə isə 18 faiz alıcının seçimi olub.

Öz növbəsində yerli qazlı sərinləşdirici içki markası olan “Gülüstan’’, 15 faiz alıcının seçimidir. 2017-2019-cu illər ərzində “Gülüstan’’ markası stabil xətt ilə alıcı diqqəti qazanıb.

Yerli marka məhsul olan “Gülüstan’’-ın üç il ərzindəki bazar payı isə 15-18 faiz arasında dəyişib.

Statistikaya əsasən “Nataxtari’’ 8 faiz, “Mirinda’’ 7 faiz, “7up’’ isə 6 faiz alıcı kontingentinə sahibdir.

“Nataxtari’’2017-2018-ci illər ərzində 5-10 faiz alıcı qazansa da, 2019-cu ildə 2 faiz geriləyərək 8 faizdə qərarlaşıb.

“Mirinda’’ markası da 2017-2018-ci illər ərzində stabil olaraq 10 faiz alıcı qazansa da 2019-cu ildə o da geriləyərək 7 faiz alıcı toplayıb.

2017-2019-cu illər ərzində “7up’’ 5-4 faiz arasında müştəri məmnuniyyəti qazanıb. Amma 2019-cu ildə bu rəqəm müsbətə doğru dəyişərək 6 faiz olub.

Tamlı qazlı sərinləşdirici içkilər sırasında 13 faiz alıcı diqqəti görən digər adda içki markalarıdır.

Bura 5 faiz “Mountain Dew’’, 5 faiz “Aguafina’’, 3 faiz isə digər adda olan sərinləşdirici içki markalarının payına düşür.

Qeyd edək ki, bu məqalədə istifadə olunan iqtisadi göstəricilər Metbuat.az-ın "ERA" Marketinq Mərkəzindən aldığı məlumatlara əsaslanır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR