Koronavirus pandemiyası e-ticarətə necə təsir etdi? -

Onlayn alış-veriş bir çox cəhətlərinə görə artıq ənənəvi mağaza və mollardan alış-verişi üstələyir. Son dövrlərdə isə Türkiyə mağazalarından onlayn alış-veriş etmək Azərbaycanda trendə çevrilib.

Azərbaycanın elektron ticarət istifadəçilərinin Türkiyədən onlayn alış-verişlərinin həcmison 4 ildə dəfələrlə böyüyüb.

Metbuat.az xəbər verir ki, koronavirus pandemiyası günlərində Azərbaycanda Türkiyədən onlayn qaydada alış-verişin həcmi iki qat artıb.

Bütün dünyada olduğu kimi ölkəmizdə də elektron ticarət sistemində təhlükəsizliyi təmin etmək üçün zəruri tədbirlər görülür.

Məsələn, “ Visa”,“Visa Electron”,“MasterCard “ kimi plastik kartlar xüsusi təhlükəsizlik koduna sahibdirlər. Bütün bunlara baxmayaraq, elektron ticarət sistemində iştirak edənlərdən diqqətli olmaları tələb olunur.

Bəs türk saytlarından alış-veriş etmək nə qədər təhlükəsizdir?


Bu barədə Metbuat.az-a müsahibəsində informasiya texnologiyaları üzrə mütəxəssis Ramin Həsənzadə bildirdi ki, onlayn ticarət zamanı təhlükəsiz ödəniş məsələsi çox vacibdir.

“E-ticarətdə alış-veriş zamanı bank kartında 3D və SMS ilə təsdiq kodu aktivləşdirilməlidir. Ola bilər ki, alış-veriş zamanı onlayn kartdan da istifadə edilsin. Hətta kartınızın nömrəsi oğurlansa belə, bu kodu bilmədən heç kim sizin hesabınızdan pul çıxara bilməz.

Bundan başqa, dünyada SSL (Təhlükəsiz Soketlər Protokolu) şifrələnməsindən istifadə edilir. Məlumatlar bir saytdan digərinə ötürülən zaman şifrələnir.

Ölkəmizdə ödəniş sistemlərini təşkil edən şirkətlər də ("Azericard" və "GoldenPay") bu şifrələnmədən istifadə edirlər. Onu da qeyd edim ki, hazırda dünyada ən etibarlı şifrələnmə "VeriSign SSL" hesab edilir. Bəzi onlayn ticarət ilə məşğul olan türk saytlarında yerli bank kartlarından istifadə mümkünsüz olur.

Ona görə də ölkəmizdə onlayn satış saytlarından sifariş zamanı istifadəçilər alış-veriş köməkçisisi kimi çatdırılma şirkətlərindən istifadəyə üstünlük verirlər"

Hazırda 4 ölkədən -Türkiyə, Rusiya, Amerika və Birləşmiş Ərəb Əmirliklərindən müxtəlif yüklərin və onlayn ticarət istifadəçilərinin sifarişlərinin Azərbaycana və ölkənin rayonlarına çatdırılmasını həyata keçirən Mover (Mover.az) Çatdırılma və Logistika şirkətindən Metbuat.az-a bildirilib ki, pandemiya və karantin təbirləri başlayandan sosial məsafə səbəbindən insanlar onlayn alış-verişə daha çox üstünlük verməyə başlayıblar.

“Pandemiya dövründə dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da onlayn satış edən platformalardan sifarişlərin miqdarı artmağa başladı. Bunun bir çox səbəbləri var idi. Amma ən böyük səbəb o oldu ki, Azərbaycanda iki ay müddətində böyük alış-veriş, ticarət mərkəzləri bağlandı. Bu da öz növbəsində insanlarda e-ticarətə marağı artırdı. Bu zaman alıcılar daha çox böyük markaların onlayn mağazalarına üstünlük verdilər. Qeyd edək ki, biz hazırda dünyanın 4 ölkəsindən - Türkiyə, Amerika, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən müxtəlif yüklərin ölkəmizə daşınmasını həyata keçiririk. Pandemiya dövründə qısa müddətdə hazırlıq görərək Rusiyada da anbarımızı müştərilərimizin ixtiyarına verdik. Hazırda şirkətimiz 100 mindən çox onlayn ticarət istifadəçisinə xidmət göstərir" - şirkət təmsilçisi bildirib.

“Mover”dan bildirilib ki, onlayn sifarişlərin qəfildən çoxalması bir çox şirkətin hazırlıqsız yaxalanmasına və gözlənilməz problemlərin yaranmasına səbəb oldu:

“Son zamanlar "Amazon"un, "Trendyol"un sifarişlərində o qədər səhvə yol verilir ki, bu faktları əvvəlki aylarla müqayisə edəndə çox olduğu ortaya çıxır. Buna da səbəb odur ki, həmin onlayn ticarət platformalarında da sifarişlər hədsiz dərəcədə çoxalıb. İşin həcmi qəfil böyüdüyü üçün firmalar buna hazırlıqlı deyildilər. Bu da çatdırılma şirkətlərinin işinə də mənfi təsir edirdi. Sifarişçi vətəndaş isə satıcı mağazadan qaynaqlanan bir çox problemi obyektiv və subyektiv səbəblərə görə çatdırılma şirkətlərinin üzərinə yükləyir".

Yaranmış problemlərdən biri də koronavirus pandemiyası dövründə aviareyslərin sayının kəskin azalması oldu.

“Dünyada, o cümlədən Azərbaycanda sərnişin reysləri tamamilə dayandırıldı. Yalnız karqo təyyarələri işləməyə başladı.Məlum olduğu kimi karqo təyyarələri çox sayda deyil, məhdud saydadır. Həmin məhdud sayda olan karqo təyyarələri, daşınması vacib olan məhsullardan ilk sıraya dərman preparatlarını saldılar. Bura qida da daxil idi. İstehlak üçün digər kateqoriyada sayılan məhsullar isə üçüncü planda qaldı. Bu da dünyanın sifarişlərin ölkəmizdə vaxtında çatdırılmasına problem yaratdı.

Amma hazırda bu məsələlər həm satıcı mağazalar, həm də çatdırılma şirkətlərində həll olunur. Koronavirusun yaratdığı yeni situasiyaya sürətlə adaptasiya olunduq və qısa müddətdə bütün resurslarımızı mövcud vəziyyətə və tələb sayına uyğunlaşdırmağı bacardıq. Artıq demək olar ki, bütün yüklərimiz vaxtı-vaxtında Azərbaycana göndərilir və qısa müddətdə müştərilərimizə təhvil verilir".

Qeyd edək ki, pandemiya dövründə Azərbaycanda dövriyyədə olan kredit kartları ilə bu ilin mart ayı ərzində 161 mln. manat həcmində əməliyyat həyata keçirilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Əməliyyatların həcmi əvvəlki ayla müqayisədə 9,5% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 33% artım qeydə alınıb. Mart ayı ərzində həyata keçirilən ölkədaxili əməliyyatların 45 mln. manatı ATM, 63 mln. manatı POS-terminal vasitəsilə həyata keçirilən, 37 mln. manatı elektron ticarət əməliyyatlarının payına düşüb.

Beləliklə, ölkədaxili əməliyyatların həcmi 145 mln. manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 39,4 % artım deməkdir.

AMB-nin məlumatına əsasən, ölkə xaricində kredit kartları ilə hesabat ayında 16 mln. manat əməliyyat həyata keçirilib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR