Milli Məclisin Gənclər və idman komitəsi gənclərlə onlayn konfrans keçirib

İyunun 15-də Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşəbbüsü ilə 15 iyun - Milli Qurtuluş Günü münasibətilə gənclərlə onlayn konfrans keçirilib.

Metbuat.az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, konfransda parlamentin Sədr müavini Adil Əliyevlə yanaşı, Gənclər və idman komitəsinin üzvləri Könül Nurullayeva, Şahin Seyidzadə, Etibar Əliyev, Jalə Əliyeva, habelə Milli Məclis Aparatının əməkdaşları, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

İclası açan Adil Əliyev, ilk növbədə, Milli Qurtuluş Günü ilə əlaqədar təbriklərini çatdırıb. Vitse-spiker bu günün əbədiyaşar liderimiz Heydər Əliyevin adı ilə bağlılığı, xalqın xilaskarına çevrilən Ulu Öndərin 1993-cü ilin 15 iyun tarixində xalqının səsini eşidərək hakimiyyətə qayıtması, bununla da müstəqil dövlətimizi dünya xəritəsindən silinmək təhlükəsindən xilas etməsi barədə fikirlərini bölüşüb. Adil Əliyev Ulu Öndərin müasir müstəqil Azərbaycan Respublikasının memarı olmasını, onun böyük əməyi nəticəsində Azərbaycanın qısa zamanda regionun liderinə çevrilməsini, onun əsasını qoyduğu ideyaların bu gün Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Onlayn tədbirdə çıxış edən Milli Məclisin deputatı Şahin Seyidzadə Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb və bu əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib.

Deputat Jalə Əliyeva isə Ümummilli Liderin hakimiyyətə qayıtması ilə ölkədə bütün özbaşınalıqlara son qoyulduğunu, müstəqil Azərbaycan dövlətinin onun gərgin əməyinin bəhrəsi olduğunu qeyd edib.

Onlayn konfransda çıxış edən deputat Könül Nurullayeva gənclərin ulu öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan Respublikasında yaşamalarından və onun siyasi kursunun uğurla davam etdirilməsindən böyük qürur duyduqlarını söyləyib.

Deputat Etibar Əliyev isə Ulu Öndərin xilaskarlıq missiyasından danışıb, onun siyasi irsinin gənc nəsil tərəfindən öyrənilməsinin vacibliyini diqqətə çatdırıb.

Sonra konfrans iştirakçıları Ümummilli Liderin həyatı, onun ölkəmiz və xalqımız üçün gördüyü nəhəng işlər barədə fikirlərini bölüşüb, tədbirin təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.

Tədbirin sonunda münsiflər heyəti Gənclər və idman komitəsinin Azərbaycan, rus və ingilis dillərində keçirdiyi “Ulu Öndər Azərbaycan xalqının xilaskarıdır” adlı esse müsabiqəsinin qaliblərini elan edib.

Bununla da Gənclər və idman komitəsinin təşkilatçılığı və gənclərin iştirakı ilə keçirilən 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş onlayn konfrans başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR