Azərbaycanda və Avropada ipoteka modeli - ŞƏRTLƏR VƏ QAYDALAR / ARAŞDIRMA

İpoteka kreditlərin verilməsi bir çox dünya ölkələrində aşağı və orta gəlirli əhali qruplarının evlə təmin olunması məqsədilə geniş tətbiq edilir.

Hər ölkədə müxtəlif kredit növləri və onların verilməsinə görə öz şərtləri və faiz dərəcələri var.

Metbuat.az xəbər verir ki, Azərbaycanda öz aktuallığına görə ən çox tanınan istehlak kreditləri ilə yanaşı ipoteka kreditləridir. Bunlar da ən çox daşınmaz əmlakda evlərin alınması ilə tanınır. Artıq bəzi tikinti şirkətləri aylıq ödənişləri faizsiz şəkildə ödəməklə də evlər təklif edirlər.

Mövzu ilə bağlı Metbuat.az-a özəl müsahibə verən Almaniya Comdirect Bankının baş ofisində Maliyyə və İnvestor Əlaqələrinə Nəzarət şöbəsində çalışan iqtisadçı-ekspert Murad Calalov deyir ki, nəzərə alsaq ki, tikinti sahəsində istifadə olunan materialların təqribi 90%-i Azərbaycanda istehsal olunur və neft sektorundan sonra ölkədə əsas lokomotiv sahə sayılır, tikinti sektoru post-pandemiya dövründə iqtisadi artımı canlandırmanın əsas seqmenti sayıla bilər.


“Pandemiyanin tikinti şirkətlərinə təsiri olduğu kimi onların alıcıları üçün də ziyansız ötüşməyib. İndiki dövr həssas bir dövr olduğu üçün, tikinti və kredit sahəsində, dövlət və Mərkəzi Bank nəzarəti gücləndirməlidir. Buna görə tikinti şirkətləri ilə yanaşı alıcılara da müəyyən güzəştlər olunmalıdır ki, alıcılıq qabiliyyəti öz stabilliyini qoruya bilsin. Yeni ailə qurmaq istəyən cütlüklər, həyat yoldaşlarını itirib uşaqları ilə qalmış insanlar və s. kimi şəxslərə istisna hal kimi, evin tam qiymətini ödəmək şərti ilə ilkin ödənişin azaldılması, yerdə qalan pulun miqdarının aylıq ödənişlərə əlavə edilməsi və aylıq ödənişlərin həcminin azaldılaraq müddətinin artırılması ilə satışların təmin edilməsi tikinti sahəsində monitar canlanmanı artırmaqla yanaşı insanlara da pozitiv təsiri olacağına inanıram. Həmçinin qısamüddətli kreditlərdən çox, uzunmüddətli kreditlər banklar üçün daha risksiz kredit növü hesab olunur.”

Ekspert qeyd etdi ki, bəzi ölkələrdə olduğu kimi artıq Azərbaycanda da sosial ipoteka kreditlərinin tədbiqinə başlanmışdır. Bu prosesin genişləndirilməsi insanların alıcı rolunu daha da reallaşdıracaq.

“Dünya üzrə sosial ipoteka ilə ev almaq 35 yaşa kimi olan gənc ailələrə, sağlamlığını itirən tək yaşayan insanlara və s. şamil olunur. Evin sahəsi orda yaşayan hər kəsə görə 18 kvadrat metrdən az olmalıdır. Stabil aylıq gəliri və bu gəlir kreditin aylıq ödənişindən iki dəfə çox olmalıdır. İlkin ödəniş 10%-30%, aylıq isə 4%-7% civarında dəyişir.’’

Bəs əhali Avropada ipoteka ilə mənzil almağa nə qədər maraq göstərir?

“Almaniyada da ipoteka kreditləri var amma burada əhalinin çoxunun şəxsi evlərə deyil kirayə evlərdə yaşamağa üstünlük verdiklərinə görə ipoteka kreditləri evlər üçün o qədər də maraq kəsb eləmir. Bunu insanlar çox zaman Avropada evlərin qiymətinin bahalığı, vergi və digər əlavə xərclərin yüksək olması və uzun müddət gözləmə ilə əlaqələndirirlər. Düzdür, bunların da təsiri vardır, ancaq burada əsas nüans fərqli düşüncə tərzidir. Öz ölkəmizdə bir anlayış var ki, övlad özünə mütləq ev almalı olur. Çünki bizdə ailə qurmaq üçün şəxsi evin olması vacib şərtlərdən biri sayılır. Almanlar əsasən külli miqdarda pulu uzun zamanla ev alınmasına ya tikilməsinə yatırmaqdansa, hansı ki, o pul artıq gəlir gətirməyəcək, bunun üçün investisiyanı daimi gəlir gətirən birjalar üzərindən səhimlərin, "bitcoin"lərin alınması və s. kimi başqa gəlir gətirən sahələrə yatırırlar. Bu cür maliyyə siyasəti şirkətlərdən əlavə insanların onlayn şəkildə maliyyə əldə etməsinə də marağı artırır.’’

Ekspert bildirdi ki, Almaniyada insanların şəxsi ev almağa maraq göstərməməsinə səbəb olan digər bir amil isə, harada işləməyinin qeyri-müəyyən olmasıdır. Ola bilər Almaniyanın müxtəlif şəhərlərində işləyib həyatını qurmuş olsun.

“Burada bir nüansa toxunmaq istəyirəm. Azərbaycanda işləmək ya ev almaq deyəndə, Bakı şəhəri başda olmaqla maksimum 2-3 şəhər nəzərdə tutula bilir. Buna da səbəb kimi universitetlərin, əsas iş yerlərinin bu şəhərlərdə yerləşməsi göstərilir. Bunun üçün də təəssüflər, Bakıda yaşamaq və işləmək insanların təfəkküründə bir prestij halını almışdır.

Əhalinin bir şəhərə toplu şəkildə axın etməsi, ölkənin müxtəlif yerlərində deyil ancaq bir ərazisində şəhər aqlomerasiyasına, meqapolislərin yaranmasına və bunanla da şəhərin yüklənməsinə, süni qiymət artımlarının olmasına və ən əsası havanın çirklənməsinə gətirib çıxardır.

Bunun üçün artıq digər şəhərlərdə iş yerlərinin açılmasını müsbət bir hal kimi qiymətləndirirəm. Bu işlərin daha da davam etdirilməsi ilk öncə neftdən asılılığı zamanla aradan qaldırar, insanların da digər şəhərlərdə ya öz şəhərlərində işləməsi, ölkədə çarpaz şəkildə sərnişin, yük daşınmalarını artırar, bir nöqtədə yüklənmənin qarşısını alar, tikinti şirkətlərinin öz əməkdaşlıq dairələrini müxtləlif bölgələrdə genişləndirər. ”

Ekspert əlavə etdi ki, bundan qaynaqlanaraq da yeni iş yerləri yaranmış olar, xüsusilə mülklərdə süni qiymət artımını aradan qaldırar. Və bütün bu sadalanan və digər başqa amillər müxtəlif bölgələrin də iqtisadi canlanmasını təmin etmiş olar.

“İqtisadi canlanmanı təmin etmək üçün monitar genişləndirməni artırmaq lazımdır. Amma indiki dövür həssas bir dövür olduğu üçün, tikinti və kredit sahəsində, dövlət və Mərkəzi Bank nəzarəti gücləndirməlidir. Əks təqdirdə 2008-ci ildəki kimi mənzil bazarının çökməsinə, səhm qiymətlərinin düşməsinə ve bank krizisinə səbəb ola bilər.’’

Məlumat üçün bildirək ki, Avropa ölkəsində əmlakı ipoteka kredit ilə almaq olar. Burada müxtəlif şərtlər var.

Avstriyada ipoteka krediti ilə təkcə mənzil və evi deyil, istənilən əmlakı almaq olar, amma bunun üçün müştəri Avropa Birliyində gəlirinin olduğunu, eləcə də alacağı əmlakın yarısı qədər sərvətinin olmasını isbatlamalıdır.

Bolqarıstanda ipoteka krediti götürmək Avstriyadakı kimi çətin deyil, xaricilər burada illik 7,5% və ilkin ödəniş 30%-lə, avroda və ya yerli valyutada – levdə kredit götürə bilərlər. Yerli sakin zamin dayansa xarici vətəndaşa krediti illik 3-4%-lə də ayrırlar. Yeganə tələb odur ki, müştərinin Bolqarıstandakı bankda hesabı və bu hesabda 1 illik ödəmə həcmi qədər depoziti olmalıdır. Kredit müddəti 20 ildir.

Formal olaraq İtaliyada xaricilər üçün ipoteka krediti var: avro ilə, illik 3-5%, ilkin ödəniş 40-50% olmaq şərtilə 20 illik müddətə.

Avropanın ən məşhur əmlak bazarlarından biri olan Çexiyada əmlakı cəlbedici edən amillərdən biri sərfəli ipoteka şərtləridir. Burada krediti çex kronunda, illik 3% dərəcə ilə, 40% ilkin ödənişlə götürmək mümkündür. Kreditin müddəti müştərinin 65 yaşına çatmasına qədərdir. Çexiyada yaşayıb işləyən xaricilər krediti 2,5%-lə də götürə bilərlər. Amma müqaviləyə əsasən, bu faiz dərəcəsi 3-4 il qüvvədə olacaq, sonrakı müddətdə isə faizlər dəyişə və bazar həddinə çata bilər. Burada heç də bütün əmlakları ipoteka ilə almaq olmur, banklar likvid obyektlərə, xüsusilə də yeni tikililərə daha həvəslə kredit ayırırlar.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR