“Şərq Tərəfdaşlığı” sammiti:

2020-ci il iyunun 18-də Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət və hökumət başçılarının video konfransında Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə Ermənistanın işğalçı və terrorçu siyasətini ifşa etdi.

Azərbaycan Prezidenti İlham Əliyev tarixi həqiqətlərə əsaslan, obyektiv faktlarla Paşinyanın cavabını növbəti dəfə verdi.

Bu barədə AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru,politoloq Elnur Kəlbizadə Metbuat.az-a özəl müsahibəsində bildirdi ki, Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti tərəfindən faktiki olaraq “siyasi knockouta” salınan Ermənistanın Baş Naziri Nikol Paşinyan “Şərq Tərəfdaşlığı” sammiti zamanı vəziyyəti öz xeyrinə dəyişmək üçün cəhd göstərsə də özünü daha ağır vəziyyətə salmış oldu.


''Nikol Paşinyan nəinki siyasi və tarixi mövzularda savadsızlığını və naşılığını, hətta elementar dil bilgilərinə da sahib olmadığını nümayiş etdirmiş oldu. Xüsusən, Azərbaycan Prezidentinin Fransanın Orli hava limanında törədilən terror hadisəsi və bu hadisəni törədən terrorçunun Ermənistana ekstradisiya edilməsindən sonra əfv edilərək qəhrəmana çevrilməsi ilə bağlı diqqətə çatdırdığı fakt Ermənistanın terroru dövlət siyasətinə çevirməsini sübut edən yüzlərlə nümunədən biridir.

Avropa ölkələri XX əsrin 80-ci illərinin sonlarından 90-cı illərinin ortalarına qədər keçən dövrdə erməni terrorçular tərəfindən törədilən çoxsaylı terror aktlarının şahidi olmuşdur. Uzağa getmək lazım deyildir. Elə qonşu İranda ermənilərin ASALA terror təşkilatının üzvləri tərəfindən 1980-1993-cü illərdə Fransa, İsveçrə, Türkiyə kimi indi ittifaq üzvü olan və olmayan ölkələrin diplomatlarına qarşı onlarla terror aktı həyata keçirmişlər. Tehranda "Frans Air", "Swiss Air", kimi şirkətlərin ofisləri partladılmış, səfirliklər atəşə tutulmuşdur. 1991-ci ildə müstəqilliyini elan etməsindən sonrakı dövrdə Ermənistanın dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terror təşkilatlarını və cinayətkarları fəal şəkildə dəstəklədiyi faktdır."

Politoloq Elnur Kəlbizadə bildirdi ki, Şərq Tərəfdaşlığı Avropa İttifaqının 6 post-sovet ölkəsi ilə əlaqələrinin inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün mühüm platforma hesab edilir.

''2009-cu ilin mayından etibarən qüvvəyə minmiş Şərq Tərəfdaşlığı proqramı həm Aİ üzvü olan ölkələrlə təşəbbüsə qoşulmuş tərəfdaş ölkələr arasında, həm də tərəfdaş ölkələrin öz aralarında əməkdaşlıq mühitinin formalaşdırılmasını, inkişaf etdirilməsi nəzərdə tutur. Bu təşəbbüsə əsasən, Avropa İttifaqı tərəfindən 6 ölkəyə (Azərbaycan, Belarus, Moldova, Ukrayna, Gürcüstan və Ermənistan) müxtəlif sahələrin inkişafı üçün maaliyə yardımlarının göstərilir, münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur."

Azərbaycan, Belorusiya, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın tərəfdaş ölkə kimi qoşulduğu bu proqramda Ermənistan tərəfi hər zaman pozuculuq mövqeyi ilə seçilmişdir.

"Əməkdaşlıq mühitinin inkişaf etdirilməsi üçün özünün təcavüzkar əməllərindən çəkinmək əvəzinə Ermənistan tərəfi özünün təcavüzkar siyasətini bu proqramın toplantıları çərçivəsində də davam etdirmişdir. Təbii ki, bu cür cəhdlər Avopa İttifaqında ümumi rəyin çaşdırılmasına yönəlmişdir. Bu baxımdan iyunun 18-də keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti də istisna təşkil etməmişdir."


Politoloq xüsusi ilə vurğuladı ki, birmənalı şəkildə söyləmək olar Nikol Paşinyan bir daha hazırladığı “ev tapşırığı” ilə vəziyyəti öz xeyrinə dəyişməyə çalışsa da, Azərbaycan Prezidentinin yerində, tutarlı və tarixi faktlara əsaslanan, Avropa ölkələrinin özlərinə də yaxşı məlum olan fakt əsasında verdiyi cavab onu uğursuzluq zolağından çıxmağa qoymadı.

Qeyd edək ki, Paşinyanı gülünc vəziyyətə salan başqa fakt isə onun videokonfransa maska ilə qatılması idi. Onun videokonfransda maska taxaraq qatılmasını yalnız koronavirusa qarşı apardığı bərbad siyasətini malalamaq cəhdi kimi qəbul etmək olar.

Maraqlıdır, otaqda tək oturub videokonfransda iştirak edən Nikol Paşinyan özünü kimdən qoruyur?

Görünür onun bu addımın mahiyyəti guya koronavirusa yoluxduğunu bildirməklə erməni xalqını qorumaq üçün koronavirusa qarşı apardığı bərbad siyasətin qəzəbə səbəb olmamasına çalışmaqdır. Bütün bu ''hoqqalar'' onun həmişə ki, kimi səmimiyyətinin saxta olduğuna işarədir.

Videokonfransda Nikol Paşinyanın gülünc vəziyyətdə həm ingilis, həm də erməni dilində danışması konfrans iştirakçılarının çaşqınlığına səbəb oldu.

Azərbaycan Prezidentinin çıxışına yarı ingilis yarı erməni dilində cavab verən Paşinyanın bu hərəkəti medianın diqqətindən yayınmadı.Onun bütün bu davranışları konfrans iştirakçılarının istehzasına səbəb oldu.

Bununla da Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR