102 yaşlı Azərbaycan ordusu -

Müasir dövlətçilik tariximizdə çağdaş Azərbaycanın ən böyük nəaliyyətlərindən biri güclü potensiala malik milli orduya sahib olmasıdır.

Baku.Tv xəbər verir ki, milli ordumuzun yaranma tarixi isə 102 il əvvələ təsadüf edir. 1918-ci ilin 28 may tarixində Azərbaycan Demokratik Respublikası elan olunanda Azərbaycanda milli ordu yox idi. 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bu gün Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusu statusunu daşıyır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixində imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Demokratik Respublikası dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibəti ilə keçirilən hərbi parad ordumuzun gücünü, taktiki-texniki imkanlarını bir daha bütün dünyaya nümayiş etdirdi. Ordumuzun nəyə qadir olduğunu son illərdə bir daha yaxşı görmüş və dərsini almış düşmən hal-hazırda daha da sarsılmış durumdadır.

Ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsindədir. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. 2016-cı il aprel döyüşləri isə Azərbaycan Ordusunun gücünü və işğal altındakı torpaqlarımızı qısa müddətdə azad etməyə qadir olduğunu bir daha göstərdi.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR