ABŞ portalında azərbaycanlı məcburi köçkün qadın və uşaqlara həsr olunmuş məqalə dərc olunub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın ABŞ-ın “Big League Politics” portalında Azərbaycanın məcburi köçkün probleminə, xüsusən də qadın və uşaqların üzləşdikləri problemlərə həsr edilmiş “Məcburi köçkün böhranı: həssas əhalinin ən həssas təbəqəsi” adlı məqaləsi dərc olunub. Məqalədə 20 iyun tarixinin Beynəlxalq Qaçqınlar Günü olması kontekstində məcburi köçkünlər probleminin də diqqət mərkəzində saxlanılmasının önəmi vurğulanaraq bildirilir ki, əslində məcburi köçkünlər beynəlxalq sərhədləri aşmadıqları üçün onların hüquqlarını tənzimləyən universal mexanizmin olmaması dünyada bu problemi daha da dərinləşdirir.

Məqalədə qeyd olunur ki, Azərbaycan Demokratik Respublikası müsəlman şərqində qadınlara seçki hüququ verən ilk respublika olmuş və hələ XX əsrin əvvəllərində Azərbaycanda qadın məktəbləri açılmışdı. “Təhsilli qadın həm də təhsilli cəmiyyət və millət deməkdir. Bunu anlayan Azərbaycan cəmiyyətində qadınların hüquqları, xüsusən də təhsil hüququ hər zaman qorunub və Azərbaycan qadınları cəmiyyətin bərabərhüquqlu üzvləri olublar. Lakin Azərbaycanın Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yaranmış yüz minlərlə məcburi köçkün əhalisi içərisində məcburi köçkün qadınların üzləşdikləri müharibə dəhşətləri, fiziki və mənəvi zorakılıq, öz yurd-yuvalarından didərgin düşməklə təhsil, səhiyyə və bu kimi digər həyati zəruri xidmətlərdən məhrum olmaları, öz doğmalarını və gələcək ümidlərini itirmələri və s. bu kimi faciələr bu qadınları məcburi köçkün əhalisi içərisində ən həssas təbəqəyə çevirib”,- deyə məqalədə qeyd olunur. Bildirilir ki, üzləşdikləri bütün dəhşətlərə baxmayaraq, məcburi köçkün qadınları Azərbaycanın digər bölgələrində yeni həyata başlayaraq öz bacarıq və təhsillərini inkişaf etdirmək və həyata yeni optimist nəzərlərlə baxmaq imkanı əldə edib, öz övladlarını böyüdüblər: “Onların içərisində əzmkarlıq göstərib keçmişin dəhşətlərinə qalib gəlməyi bacaran və uğur əldə edənlər isə bu uğuru həm də bu təhlükələrə tab gətirə bilməyib həlak olanların xatirəsinə həsr edirlər. O gün gələcək ki, bütün yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlər, xüsusən də həssas əhalinin ən həssas hissəsi - qadınlar və uşaqlar - öz torpaqlarına qayıdaraq vaxtilə tərk etməyə məcbur olduqları yerlərdə layiq olduqları həyatlarını sürəcəklər”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR