Pandemiya dövründə distant təhsil sistemi özünü doğrultdumu? -

Pandemiya dünyada təhsil sistemlərinə də təsirsiz qalmadı. Virusa yoluxmanın ilk mərhələlərində təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə fəaliyyətini davam etdirəcəyi barədə gözləntilər var idi.

Lakin pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət davam edəcəyi aydın olandan sonra, təhsil sistemləri təhsilin fasiləsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görülməyə başlandı.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə 2020-ci il mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırıldı.

Bundan sonra isə ölkənin təhsil sistemi məktəbdənkənar məsafədən təhsilə cəlb edildi. Bu vəziyyət hamı tərəfindən birmənalı qarşılanmasa da, müəyyən çətinliklərin yaşanmasına baxmayaraq daha bir təhsil mövsümünü geridə qoyduq.


Bəs Azərbaycan təhsil sistemi pandemiya dövründə bu çətin sınaqdan necə çıxdı? Distant təhsil sistemi şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsində uğurlu metod sayıla bildimi?

Övladı ikinci sinifdə oxuyan Günay Qayıbova deyir ki, distant təhsil ənənəvi təhsildən fərqli olaraq o qədər də keyfiyyətli deyil. Səbəb də odur ki, müəllim ənənəvi təhsil metodlarında dərs zamanı idarə etməni tam əlinə alaraq daha yaxşı təlim metodlarından istifadə edə bilir.Amma distant təhsil zamanı azyaşlılara nəzarət etmək,onların diqqətini dərsə cəlb etmək çox çətindir. Buna görə də o onlayn dərslərdə övladının iştirakına o qədər də maraqlı olmayıb.

Günay kimi düşünən valideynlər çoxdur. Kimisi müəllimdən şikayət edir, kimisi internet yetərsizliyindən, kimisi də keçirilən dərslərin effektiv olmamasından...

Metbuat.az-a müsahibəsində təhsil eksperti Elçin Əfəndi bildirdi ki, ölkədə əksər ailələrin internet resurslarına çıxış imkanı olmadığından distant təhsil sistemi özünü doğrultmadı.


“Martın ortalarından etibarən respublikada onlayn tədrisə başlanılsa da bu gözlənilən ümidləri doğrultmadı. Səbəb də o idi ki, bu bütün ölkəni əhatə edə bilmədi. Çünki hər ailədə internetdən istifadə imkanları əl çatan deyildi. Əksər şagird və tələbələr dərslərdə onlayn iştirak edə bilmədilər. Bu da distant təhsilin ənənəvi təhsil formasından o qədər də effektiv olmadığını göstərdi. Biz əgər müqayisə aparsaq görərik ki, ənənəvi təhsil formasında şagirdlər dərslərdə biliklərin mənimsənilməsi baxımından 80-90 faiz nəticə əldə edirdisə distant təhsil formasında bu 50 faiz idi. Burada qeyd etdiyim kimi əsas faktor bütün ailələrdə lazımi internet resurslarına əlçatanlığın olmaması idi.’’

Mövzuya münasibət bildirən təhsil üzrə ekspert Kamran Əsədov Mətbuat.az-a müsahibəsində bildirdi ki, martın 3-dən etibarən tədris prosesinin dayanması ən çox aşağı sinif şagirdlərinə mənfi təsir göstərdi.

“Nəzərə alsaq ki, onlarda oxuma, yazma və anlama vərdişləri yeni formalaşırdı, uzun müddət planlaşdırılmamış tədrisdən kənarda qalma onlarda bu qabiliyyətlərin itməsinə və ya azalmasın səbəb ola bilər.

Ona görə də təhsil nazirliyinin 11 martdan etibarən Mədəniyyət tv-də Tele Dərs layihəsinə başladı ki, bu da şagirdlər üçün dərs axınının təmİn olunmasına imkan verdi. Virtual məktəb layihəsi vasitəsi ilə evdən çıxmadan da ibtidai sinif şagirdlərinin təhsil almalarına davam etmələrinə kömək edən bu üsulu olduqca müsbət qiymətləndirirəm. Təhsil Nazirliyinin virtual məktəb platforması, ibtidai sinif şagirdləri üçün təhsilin əlçatanlığının təmin olunmasıdır. Nəzərə alsq ki, resurs çatışmazlığı var, Təhsil Nazirliyinin virtual məktəb layihəsi şagirdlər üçün göydən düşmə olacaq.

Hesab edirəm ki, bu proqramlar əsasında şagirdlərin tədrisində yaranmış boşluqlar aradan qalxacaq. Çünki Təhsil Nazirliyinin virtual məktəb layihəsi tam şəkildə proqramı əhatə edir.”

Mövcud çətinliklər qaçılmaz idi....

“Amma ilk vaxtlar istifadəçilərin qeydiyyatdan keçməklə bağlı probleminin olması hal-hazırda yaranmış çətinlikdir. Bundan başqa 4447 orta məktəbdə təhsil alan 1,5 milyon şagirdin heç də hamısının bu platformadan istifadə imkanı yoxdur. Belə ki, hal-hazırda mövcud internet qiymətləri bahadır və şagirdlər şəxsi komputer, planşet və telefona sahib deyillər.

Sayt qeydiyyat üçün 2 apreldən aktiv edilib. Lakin görünən budur ki, qeydiyyat zamanı texniki qüsurlar əmələ gəlir. Lakin buna baxmayaraq qısa müddətdə “Virtual məktəb” portalında 900 min şagird qeydiyyatdan keçib ki, bu da sevindirici haldır.”

Ekspert bildirdi ki, elektron məktəb seçimindən fərqli olaraq, “Virtual məktəbə” qeydiyyatda birincilik şagirdə hər hansı bir üstünlük vermir.

“Təssüflər olsun ki, Təhsil Nazirliyi tərəfindən görülən bu qədər tədbirlərə baxmayaraq təhsilin əlçatanlılığı tam şəkildə təmin olunmayıb. Xüsusi ilə Ali təhsil pilləsində ciddi çatışmazlılar mövcuddur. Belə ki, onlar 2009-cu ildən etibarən distant təhsili təmin etməli idilər. Maraqlıdır ki, universitetləri akreditasiyadan keçirən şəxs və qurum niyə buna göz yumub?

Bu müddət ərzində universitetlər azı 2 dəfə akreditasiyadan keçiblər və onlar ən vacib göstərici üzrə tələbə cavab vermədikəri halda onu nəyəsə və ya kiməsə görə akreditasiyadan keçiriblər. İndi isə 165 min tələbə tədrisdən kənarda qalıb.’’

Mobil operatorlar və interenet provayderləri karantin müddətində internet qiymətlərinə yenidən baxmalıdırlar...“Nəzərə alsaq ki, internet hal-hazırda təhsil alanların təhsil verənlərlərə əlaqələndirilməsi üçün yeganə yol və vasitədir, bunu onların əlindən almaq olmaz. Əgər internet güzəştləri olsa müəyyən qədər şagirdlərin bilik və bacarlıqlarında mövcud vəziyyətdə artım olar. Şagirdlər DİM-in "youtube" resursları və DİM-in "okt.az" portalından dövlət sınaqları ilə bilik və bacarıqlarını yoxlamalıdılar ki, tədris bərpa olunandan sonra keçiriləcək imtahanlarda yaxşı nəticə əldə edə bilsinlər. Bunun üçün isə internet mütləq şəkildə ödənişsiz olmalıdır. ”

Kamran Əsədov bildirdi ki, real vəziyyət ondan ibarətdir ki, mövcud şərtlərdə şagirdlərin yalnız 30-35 faizi onlayn dərslərə cəlb oluna bilib və çox az hissə elektron resurslardan istifadə edir.

Regionlarda isə elektron resurslardan istifadə faizi daha azdır. Hətta bir sinifdə onlayn dərslərdən 10-15 faiz şagird istifidə edə bilir. Lakin internet tariflərində güzəştlər olarsa bu rəqəmlərin 70-80 faizə qədər qaldırılması mümkündür.

“Mövcud vəziyyət bütün dünyada təhsilin fəaliyyətini iflic etsə də, ən zəif göstəricilər ölkəmizdə aiddir. Qardaş Türkiyədə 8 TV bu prosesə qoşulub və distant təhsil də tətbiq edilməklə təhsildəki boşluqlar aradan qaldırılıb. Avropa və Amerikada distant təhsil tam şəkildə təşkil edildiyi üçün onlarda təhsilin davamlılığında hansısa bir problem yaranmayıb.’’

Distant təhsil sisteminin ölkəmiz üçün nə dərəcədə uğurlu olacağını zaman göstərəcək. Əvvəllər hər kəs Təhsil Nazirliyinin distant təhsili tanıyıb tanımacağını soruşurdu.

Pandemiya onlayn tədris sistemi distant təhsilinin önəmini artırdı. Bu çox önəmli və asan həyata keçirilən qərar deyil. Distant Təhsil çoxlu maliyyə tələb edən sahədir. Burada bununla işləyə biləcək professorlar, texnologiyaya yönümlü və maraqlı insanlarda olmalıdır. Amma ən azından dövlət rəsmi olaraq distant təhsili tanıyacaq. Qarşıdaki yeni təhsil mövsümündə distant yoxsa ənənəvi yolla şagirdlərin bilik və bacarıqlarının inkişaf etdiriləcəyi isə rəsmi olaraq təsdiqlənməsə də hazır ki yoluxma nəticələri onu deməyə əsas verir ki, bu sistem hələ bir müddət də gündəmdə aktual olaraq qalacaq.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR