"Ermənistanın işğaldakı ərazilərdən yox, öz ərazisindən hücum etməkdə məqsədi..." -

Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində iyulun 12-də atəşkəs rejimi Ermənistan ordusu tərəfindən kobud şəkildə pozulmuşdur. Ordumuz tərəfindən cavab atəşləri açılaraq düşmən geri püskürdülmüşdür. Hazırda təmas xəttində gərginlik davam edir.

Metbuat.az xəbər verir ki, cəbhədəki mövcud vəziyyəti saytımıza şərh edən politoloq Turan Rzayev bu addımı atmaqda Ermənistan tərəfinin iki əsas məqsədinin olduğunu qeyd edib:

"Ermənistan tərəfinin birdən-birə belə addım atması, xüsusilə də Tovuz istiqamətində əməliyyatlar keçirməsi əslində təssadüfi deyildi. Çünki Ermənistan mediasına və son siyasi proseslərə baxdıqda belə bir şeyin olacağını təxmin etmək olurdu. Bu gün Ermənistanda siyasi vəziyyət olduqca gərgindir. Daxili siyasət və pandemiya ilə mübarizədə göstərdikləri acizlik ölkədə vətəndaşların etirazına səbəb olub. Ermənistan höküməti sırf cəbhə xəttində bu cür gərginlik yaradaraq ictimaiyyətin fikrini müharibəyə yönəltmək istəyir. Dünənki proseslər Ermənistan daxilindəki gərginliyi səngitmək üçün aparılan siyasi oyundan başqa bir şey deyildi.

Niyə Ermənistan işğal etdiyi ərazilərdən deyil, öz ərazisindən Tovuz istiqamətində əməliyyat apardı? Bu düşünülmüş addım idi. Ermənistan tərəfi bu addımı atmaqla Azərbaycan ordusunu öz ərazisinə cəlb etmək istəyir, müharibəni Qarabağ ərazisində yox, öz ərazisində aparmaq istəyir. Bu zaman isə bütün dünyaya göstərmək istəyirlər ki, guya Azərbaycan başqa dövlətin ərazi bütövlüyünü pozur. Hücum öncəsi Ermənistan prezidenti Armen Sarqisyan Dağlıq Qarabağa səfər etdi və burada Dağlıq Qarabağın güclənməsi fonunda çıxışlar edərək bir növ işğalçılıq niyyətlərini yenidən bəyan etdilər. Bu səfərin ardından ərazimizə hücum edilməsi göstərir ki, bu əməliyyat düşünülmüş planın bir parçası idi.

Ümumilikdə isə düşünürəm ki, nəzarət tam ordumuzun əlindədir. Ermənistan bu əməliyyatda öz niyyətinə çata bilmədi. Biz bilirik ki, Ermənistan ordusu ilə Azərbaycan ordusu arasında müqayisə edilməyəcək qədər ciddi fərq var. Ordumuz ən müasir silahlarla təmin olunmuşdur. Ölkə daxilində də ordumuza qarşı böyük dəstək var".

Politoloq xarici qüvvələrin məsələyə münasibətindən danışarkən bunları bildirib ki, xaricdəndə ölkəmizə böyük siyasi dəstək var:

"Xarici qüvvələrin məsələyə yanaşmasına gəldikdə. Ötən gecə Türkiyə rəsmi bəyanat verərək Ermənistanın Azərbaycan ərazisinə hücumunu kəskin şəkildə qınadı və Azərbaycanın ərazisinə istənilən qəsdi pisləndiyini, ölkəmizin yanında olduğunu qeyd etdi. Dünəndən etibarən Rusiyanın siyasi proqramlarının əsas mövzusu Dağlıq Qarabağ münaqişəsidir.

Təəssüflər olsun ki, ATƏT Minsk qrupundan hələ tam bir cavab gəlməyib. Münaqişənin tənzimlənməsində əsas qüvvə kimi görünən Minsk qrupu məsələyə hələ heç bir reaksiya verməyib. Gözləyirlər ki Azərbaycan tərəfi hücum etsin və Azərbaycanı pisləyən bəyanət versinlər. Bu da Minsk qruöunun və danışıqlar prosesinin boş və səmərəsiz olduğunu göstərir. Bu gün Ermənistanın işğal etdiyi torpaqlarda başqa, Naxçıvan, Goranboy, Tərtər və Tovuza dair ərazi iddiaları var və belə bir dövlətlə danışıqlar aparmaq mənasızdır".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR