Sərt karantin daha 2 həftə uzadılacaq -

"COVID-19-un ən böyük problemi ondan ibarətdir ki, yoluxma çox olanda, xəstələrin xəstəxanaya yerləşdirilməsi gündəmə gəlir. Dünyada elə bir dövlət və səhiyyə sistemi yoxdur ki, bütün xəstələr xəstəxanalara yerləşdirilə bilsin".

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” verilişində Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov deyib.

O, bildirib ki, heç bir səhiyyə sistemi çox sayda xəstələrə tab gətirə bilməz: “Xəstəxanaların çatışmaması dedikdə, biz bunu mülahizə kimi deyirik, lakin görəndə ki, xəstələrin sayı çoxdur, doğrudan da xəstəxanalarda çarpayı çatmır, xəstələri yerləşdirməyə imkan yoxdur, bu, doğrudan da qorxulu hisslərdir. Mən o hissləri yaşadım. Azərbaycanda COVID-19-un yaratdığı uçuruma çox yaxın idik. İkinci dəfə sərtləşdirilmiş karantinin ilk günlərində bizim xəstəxanalarda barmaq sayı qədər çarpayılarımız qalırdı. Cənab Prezidentin tapşırıqları ilə çox qısa müddətdə modul tipli xəstəxanalar tikilməsəydi, bu yaxınlarda 800 çarpayılıq xəstəxana istifadəyə verilməsəydi, Azərbaycan çətin vəziyyətdə olardı. Vaxtında atılmış addımlar, görülən tədbirlər nəticəsində biz uçurumun kənarından geri dönməyə başladıq”.

Ş.Mövsümov qeyd edib ki, yoluxma sürətlə artırdı: “Biz bunu gördükdə sərt karantin rejiminin bərpa olunmasına qərar verdik. İkinci dəfə karantin rejiminin tətbiq olunması nəticəsində sürətli yoluxmanın qarşısını ala bildik. Bu, onun göstəricisidir ki, karantin rejimi bəhrəsini verir. Bizim karantin qaydalarına əməl etməyimiz, maska taxmağımız, məsafə saxlamağımız, gigiyena qaydalarına riayət etməyimiz yoluxmanın sayına təsir edən amildir. Yoluxmanın artmaması insanlarımızın karantin qaydalarına əməl etməsinin nəticəsidir ki, mən cəmiyyətimizə minnətdarlığımı bildirirəm. Amma onu da deyim ki, biz hələ də koronavirusa yoluxma sayında pik göstəricilərdəyik. Azalma yalnız bu gün başlayıb. Ümid edirik ki, azalma davam edəcək. Lakin yoluxma sayının yenidən artmaması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahda bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması, bunun qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edilib. Biz sərt karantin rejiminin daha iki həftəlik uzadılmasını nəzərdə tutmuşuq. Biz buna məcburuq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR