x
Loading...

"Topun, tüfəngin səsi bizə milçək vızıltısı kimi gəlir'' - Tovuzlu jurnalist Turan Ədalətqızı

.

İyulun 12 günorta saatlarından başlayaraq təcavüzkar Ermənistanın silahlı qüvvələri Ermənistan və Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutaraq hücuma keçdilər. Ötən günlər ərzində düşmənə layiqli cavab verilsə də bu yolda itkilərimiz az olmadı. 14 iyul səhər saatlarında Azərbaycan ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev Tovuz istiqamətində gedən döyüşlərdə həlak oldu. Azərbaycan üç gündür ki, davam edən döyüşlərdə biri general-mayor olmaqla 13 hərbçisini itirib. Bu hadisədən sonra Azərbaycan prezidenti tərəfindən Ermənistana qarşı cəza əməliyyatının başlanmasına dair göstəriş verilib.

Hadisələrin baş verdiyi Tovuz rayonu sakinləri sərhəddə yaşanan insidentdən sonra istənilən an ərazilərimizin müdafiəsi uğrunda döyüşə hazır olduqlarını bildirdilər.

Metbuat.az-a özəl müsahibəsində hadisələrin mərkəzi Tovuzdan olan jurnalist Turan Ədalətqızı hazırda yaşanan hadisələrə münasibət bildirib.

Turan deyir ki, doğma yurdu Tovuzda baş verənlər kənd sakinləri qorxutmur. Kənd camaatı evlərini tərk etmir, etməyəcək də.

“Elimin igid əsgərlərini salamla başlamaq istəyirəm. Allahın xeyir-duası onların üzərinə olsun.Uca Tanrının adını tutub, yola çıxan darda qalmaz. Necə ki, Azərbaycan əsgəri də Ya Allah deyərək, düşmənin xain baxışlı gözünü dəlir. Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəman şəhidlərimizin şücaətini xüsusi qeyd etmək istəyirəm. Döyüşlər başlayandan 13 şəhid vermişik. Onlar arasında general-mayorumuz və polkovnikimizin olması önəmli xəbərdi. Bu onu göstərir ki, yüksək rütbəli zabitlərimiz eyni zamanda əsgərlərini qoruyur, onun arxasında yox, önündə gedir. Şəhid mərtəbəsinə yüksələnlər sırasında Ağdam kəndindən mənim qohumum Elşad Məmmədov Dönməz oğlu da var. Onun kimi neçə qohumum da düşmənlə burun-buruna məğrurcasına döyüşür. Qürur hissi ilə şəhadətə çatan şəhidlərimizin ruhu qarşısında baş əyirəm.Onlar bizim and yerimizdir. Onların qisası düşməndən necə lazımdır alındı və alınmağa davam edəcək.’’

Turan deyir ki, sərhəddəki hərbi müdaxilənin təhrikçisi Ermənistanın bu təcavüzü Tovuz istiqamətində törətməsi insanlar arasında çoxsaylı suallar doğurur.

“Bildiyiniz kimi atəşkəsi pozan düşmən ilk olaraq, Tovuzun sərhəd kəndi Ağdamı hədəfə seçdi. Çünki, Ağdamda Tovuza nəzarəti həyata keçirən önəmli postlarımız var. Əlbəttə, bu ağdamlıları heç də təşvişə salmadı. Ermənin ordusuna gəlincə isə səngərini muzdluların öhdəsinə buraxıb. Muzdluların sayəsində bizə qorxu gəlməyə çalışırlar.Sizcə, vətəni olmayan yadelli səngərdə mərdanəlik göstərərmi? Əlbəttə yox, sadəcə vuruşar və bu döyüş ona baha başa gələr. Görün indi Ermənistan ordusunda vəziyyət nə yerə gəlib çıxıb ki, ölkənin Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan post paylaşaraq, əsgər valideynlərinə səslənib ki, övladlarınızı hərbidən geri çağırın yoxsa hamımız məhv olacağıq. İtkilərinin say çoxluğundan rəsmi açıqlama verməyə çəkinirlər.

Xalqın kütləvi üsyan etməsi təhlükəsi ilə qarşı-qarşıyadırlar. Bununla da Azərbaycan ordusunun üstünlüyü danılmaz faktdır. Çox sevindiricidir ki, savaş başlayandan indiyədək, Azərbaycanımızın hər bölgəsindən orduda könüllü iştirak etmək istəyənlər var.

Əminliklə deyirəm, Ali Baş Komandan müharibə əmri versə, qadınlı, kişili hamımız səngərdə dayanacağıq. Elə döyüşün ilk günlərdə yüzlərlə tovuzlu sərhəd kəndə doğru yol aldı. Onların içərisində qadınlar da var idi.Bu cür dəstək qonşu rayonlardan da gəlməkdədir. Paytaxtımızda insanların Qarabağ uğrunda yürüş təşkil etməsi, səngər arzusunu dilə gətirməsi qürurverici idi.

Türkiyə mətbuatı da daxil dünya mediası bunu heyrətlə izlədi. Dünyanın bir çox ölkəsindən "Biz səninləyik Azərbaycan !" dəstəyinin gəlməsi düşmənin belini qırdı.’’

Turan çox maraqlı bir faktı qeyd etdi. Bildirdi ki, atəşkəs dövründən indiyədək, Ağdam və ətraf kəndləri aralıqlarla düşmənin açdığı atəşə məruz qalır. Artıq, Əlibəyli, Ağdam, Vahidli, Dondar Quşçu,Koxa Nəbi kimi kəndlərimizin camaatı silah səsi olmadan yata bilmir.


"Bir az zarafatyana olsa da amma bu həqiqətən belədir, silah səsi onlara laylay kimi gəlir. İndi siz düşünün bu insanlar qorxaraq, ev-eşiyini qoyub qaçarmı? O qədər olub ki, kənddə toy mərasimləri keçirilərkən, erməni caamatı qorxutmağa çalışaraq, atəş edib, bu əksinə ağdamlıların toy şənliyini daha da qızışdırıb. Təəssüflər olsun ki, bəzi özünü bilməzlər, provakasiya yaratmaq istəyənlər, guya "Ağdam da daxil Tovuzun bir neçə kəndi boşaldılıb, postumuz ələ keçirilib, əsgərlər qırılıb, erməni gəldi imdat!"- deyərək insanlarımızda ruh düşkünlüyü yaratmağa çalışdılar.

Cəbhədəki vəziyyətlə bağlı mobil əlavələr vasitəsilə həqiqətə uyğun olmayan məlumatlar yaydılar. Və əlbəttə bunların hamsı ağ yalandan başqa bir şey deyildir."

Hadisələri yaxından izləyən jurnalistimizin sözlərinə görə mütəmadi olaraq, Tovuz şəhərinin özü və kəndlərində yaşayan çoxsaylı qohumlarımla əlaqə saxlayır.

“Heç şikayət edəni eşitmədim.Hər kəs öz fəaliyyəti ilə məşğuldur. Hələ mənə “Tovuza niyə gəlmirsən, gəl bir az dincəl”- deyirlər. Təəssüflər olsun ki, karantin kimi səbəblərdən hələ gedə bilməmişəm. Amma imkan tapan kimi ən qısa müddətdə Tovuzdakı qohumlarıma baş çəkəcəm. Uşaqlıqda şahidi olduğum savaşın səsini yenidən eşitmək istəyirəm. Və sizi əmin edim ki, biz məğruruq, topun, tüfəngin səsi bizə ancaq milçək vızıltısı kimi gəlir.''

Ermənistanın Tovuz rayonu istiqamətində apardığı çirkin oyunlara layiqli cavab verən Azərbaycan ordusunun arxasında bütün xalq dayanıb desək yanılmarıq. Belə çətin vəziyyətlərdə xalqın, dövlətin, ordunun yanında olmayıb yalan məlumatlar, saxta informasiya ilə ölkəni çətin vəziyyətə salmağı arzu edənlərə də Turanın sözü var.

“Tovuz strateji zonadır. Əlbəttə ki, Azərbaycan dövləti və hərbisi bu sualların cavabını daha yaxşı bilir. Zərurət yarandığı halda bu barədə ictimaiyyət məlumatlandırılacaq. Biz isə bilməyərəkdən, səbrsizliyə yol verərək və ya həyacana qapılaraq, düşmənin dəyirmanına su tökməyək, təmkinli olub, hadisələrin gedişatını izləməliyik. Sosial şəbəkələrin Azərbaycan seqmentinə səslənirəm, ayıq, sayıqlığımızı əldən verməyək, düşmənin bizim informasiyalardan bəhrələnərək, təhrif olunmuş xəbərlər yaymasına imkan tanımayaq.Unutmayaq ki, düşmən hər yerdədir, təkcə sərhəddə deyil. Bu anlarda gücümüzü birləşdirib,Azərbaycan əsgərlərinə mənəvi dəstək olmalıyıq.”

Müsahibimiz Turan Ədalət deyir ki, tovuzluların əsgər sevgisi də bir başqadır. Onlar məmləkətimizin fərqli bölgələrindən Tovuzda xidmət keçən hərbiçilərimizə xüsusi rəğbət bəsləyirlər.


"Hər kəsin qapısı əsgər üzünə açıqdır. Səngərlərə yemək daşıyanları demirəm hələ. Orada hərbidə müddətdən artıq xidmət edən insanlarımız da çoxdur. Belə bir oğuz yurduna erməninin həddi nədir ayaq bassın. Odur ki, burdan bütün insanlarımıza səslənirəm, qəlbiniz rahat olsun, vətən əmin əllərdədir. Rahatlıqla Tovuzun səfalı dağlarına qonaq gedə bilərsiniz. Karantindən sonra inşallah. Qarabağda bayrağımızın dalğalanacağı gün də yaxındır.Yetər ki, birliyimiz, andımız daimi olsun."

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR