Türkiyənin siyasi partiyaları Ermənistanı qınayan birgə bəyanat yayıb -

Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın millət vəkillərinin qrup rəhbərləri Ermənistanın Azərbaycana hücumlarına etiraz edən bəyanat qəbul ediblər.

Baku.Tv xəbər verir ki, Bəyanatı Türkiyə Böyük Millət Məclisi Süreyya Sadi Bilgiç parlamentdə səsləndirib.

Sədr müavini bildirib ki, Türkiyə parlamenti olaraq millət vəkilləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonuna 12 İyuldan başlayan hücumlarını şiddətlə qınayır.

Ermənistanın yanlış yolda olduğunu xatırladan Süreyya Sadi Bilgiç Azərbaycan ərazisi olan Dağlıq Qarabağı və ətraf bölgələrini illərdən bəri işğal altında saxlayan Ermənistanın hazırkı hücum mövqeyini Cənubi Qafqazda daimi sülhə və sabitliyə ən böyük maneə hesab etdiklərini bildirib: “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü beynəlxalq aləmdə tanınmış qanunlar çərçivəsində sülh yolu ilə həll edilməsinə olan dəstəyimizi bir daha təkrarlayırıq. Ermənistan BMT-nin Təhlükəsizlik Şurası və ATƏT-in qərarlarına razılaşmalı, işgal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir”.

Süreyya Sadi Bilgiç şəhidlər verən Azərbaycan xalqına, hökumətinə başsağlığını bildirərək deyib ki, “İki dövlət, bir millət” anlayışına malik, sülh və sabitliyin tərəfdarı olan Türkiyə bundan sonra da bütün imkanları ilə ərazi bütövlüyünü bərpa etmək üçün Azərbaycanın yanında olacaq.

Sonda millət vəkilləri ayağa qalxaraq bəyanatda səslənən fikirlərə alqışlarla da dəstəklərini ifadə ediblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR