.

"Mən jurnalist olmaq istəmirdim" - Günay Novruz ilə MÜSAHİBƏ

Atam sürücü, anam isə tibb bacısı idi. Ailədə beş uşaq idik, mən sonbeşiyəm.

Metbuat.az Günay Novruzun müsahibəsini təqdim edir.

Günay Novruz 1985-ci il iyun ayının 14-də Sumqayıt şəhərinin H.Z. Tağıyev qəsəbəsində dünyaya gəlib. Qəsəbənin 6 saylı orta məktəbini bitirib. ABU-nun jurnalistika fakültəsinə daxil olub və 2008-ci ildə oranı bitirib. 2012-2014-ci illərdə isə Bakı Slaviyan universitetinin yaradıcılıq fakültəsində oxuyub. Azərbaycan Jurnalistlər Birliyinin və Yazıçılar Birliyinin üzvüdür. İki kitab müəllifidir. Prezident təqaüdünə layiq görülmüşdür.

Günay xanım, deyirsiniz ki, “atam sürücü, anam isə tibb bacısı idi.” Yəni ailənizdə ədəbiyyat, incəsənətlə maraqlanan olmayıb. Bəs sizdə bu həvəs hardan yaranıb?

Səkkiz yaşım var idi otururdum televizorun qarşısında gündəlik siyası məsələləri qələmə alırdım və bir az da onları bədiiləşdirirdim. On bir yaşım olanda atam xalq şairi Cabir Novruza demişdi ki, Günay siyasətçi olmaq istəyir.

Üzr istəyirəm sözünüzü kəsdiyimə görə. Niyə məhz Cabir Novruz?..

Xalq şairi Cabir Novruzla atam əmiuşağı idilər. Bir gün atam mənim yazdığım dəftərləri məndən xəbərsiz Cabir əmiyə göstərmişdi. O da yazılarla tanış olub, deyibmiş ki, “Bu qız siyasətçi-politoloq yox hazır yazıçıdır.”

O dəftərlərdə nədən yazırdız?

Bilirsiz, mən uşaq ikən xəbərlər informasiya proqramlarına baxmağı çox sevirdim və hər xəbəri də öz təxəyyülümdə personajlaşdırırdım. Yəni o xəbərlərə uyğun obrazlar yaradırdım. Dəftərlərdən bir neçəsi indi də evimizdə durur, çoxunu isə yandırmışam.

Niyə yandırmısız?

Ona görə ki, yazıçı-şair yox siyasətçi olmaq arzusunda idim.

Deyirsiz ki, Cabir Novruzla qohumluq əlaqələriniz var. Deməli sizə ilk xeyir-duanı Cabir Novruz verib?

Bəli. Bilirsiz anam məni həkim görmək istəyirdi, atam isə yazıçı. Mən isə böyüdükcə həm yazı sənətini həm də xəbəri özündə birləşdirən peşəyə, jurnalistikaya meyillənirdim. Elə bu meyilliyi də məndə Cabir Novruz yaratmışdır.

Günay xanım, belə görünür ki, siz necə deyərlər jurnalistikaya öz ürəyinizin hökmü ilə gəlməmisiz.

Mənim ağlım kəsəndən hər gün səhər-səhər yuxudan oyananda ilk gördüyüm işlər nə idisə bu gündə eyni cür başlayır günüm. Yəni informasıya toplayıb oxucuya ötürmək. Sadəcə indi oxucularım təkcə ailə üzvlərim və qonşularım deyil.

Bildiyimiz kimi jurnalistika fakültəsini bitirmisiz, bu gün sizi jurnalistikanın hansı sahəsi daha çox maraqlandırır?

Niyə bu gün? Bəlkə də məndə jurnalistikaya meyli, bəlkə də yox, elə dəqiq deyə bilərəm ki, 1990-cı il 20 yanvar haisələri, Qaradağlı hadisəsi, Xocalı hadisəsi, ümumiyyətlə xalqımızın başına gələn faicələr yaradib...-hərbivətənpərvərlik yönümlü jurnalistikaya daha çox marağım artıb. Yeri gəlmişkən onu da qeyd edim ki, bu günlərdə Tovuzda olan hadisələr bir vətəndaş kimi məni də Cənab Prezidentin səfərbərlik çağrışına qoşulmağa sövq etdi. Necə deyərlər müsəlləh əsgərəm mən də bu gündən.

Günay xanım, bilirik ki, iki kitab müəllifisiz.

İlk kitabim “Xoxan”-dı. Bu kitabda olan bütün yazılar jurnalistika fakütəsində oxuyarkən yazdığım yazılar idi. Əksəriyyəti dərs tapşırıqları idi. Müəllimlərimiz bizə məqalə olaraq yazmağı tapşırdığı mövzusuları mən ya şeir ya da hekayə formasında yazırdım. Həmin kitabda yalnız bir yazı dəsr tapşırığı deyildi. Məhz ona görədə də kitabin adını “Xoxan” qoymuşdum.

Bildiyimizə görə sizi dostlar arasında hərdən zarafatla “Xoxan” deyə çağırırlar. Xətrinizə dəymir ki?

Xeyir qətiyyən xətrimə dəymir. Əksinə bizim sahədə bu yaxşı haldı. Bir yaradıcı şəxsi əsərinin adı ilə tanıyırlarsa, hətta o əsər ilk qələm nümunələrindəndirsə bu həqiqətən də çox sevindirici haldır. Onu mütləq qeyd edim ki, kitabın redaktoru Dilsuz Mustafayev, ön söz müəllifi müəllimim Dəmir Gədəbəyli idi. O zaman mənim ilk qələm nümunələrimə belə insanların qiymət verməsi məni bir az da həvəsləndirmişdi.

İkinci kitabiniz necə ərsəyə gəldi?

Bilirsiz mən tez-tez yazmağı xoşlamıram. İkinci kitab sırf şeirlərdən ibarətdir. Birinci kitab 2009-cu ildə çıxmışdısa düz altı ildən sonra balaca, otuz şeirdən ibarət ikinci kitabım çıxdı. Bu da düz 30 yaşıma təsədüf etdiyindən, kitabın adını “30” qoymuşdum.

Günay xanım, Yazıcılar birliyinin üzvüsünüz, Prezident təqaüdünə də layiq görülmüsünüz. Axır vaxtlar sizi ancaq sosial şəbəkələrdə izləyirik. Ən çox da qiraətçi kimi. Bu o demək deyilmi ki, siz yaradıcılıqdan bir az incik düşmüsüz?

Heç bir inciklik yoxdur, sadəcə dedim axı mən tez-tez yazmağı sevmirəm. İnşallah yeni şeirlərimlə, kitablarımla oxucuların görüşünə gələcəyəm. Amma indi əsas Cabir Novruzun şeirlərini səsləndirməkdir işim. Bu həm də Cabir Novruzun sonuncu yadigarı Müşfiq Cabiroğlunun mənim çiynimdə qoyub getdiyi yükdür. Müşfiq sağ olanda biz daxilən çox rahat idik. Cabir Novruz adı gələndə bütün işləri Müşfiqin edəcəyini düşünürdük. İndiisə şairin oxucuları məni tanıyır və mən onları şad edmək üçün tez-tez şeirlər oxuyuram.

Sizə yaradıcılıq uğurları arzulayırıq, Günay xanım.

Çox sağ olun, minnətdaram.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR