Paşinyanın BBC-yə müsahibəsi ciddi tənqid olundu

Erməni milli konqresinin üzvü Levon Zurabyan Ermənistanın baş naziri Nikol Paşinyanın BBC telekanalının “HardTalk” verilişindəki müsahibəsini sərt tənqid edib.

Metbuat.az-ın məlumatına görə, Zurabyan Paşinyanın müsahibəsini uğursuz hesab edir.

Bununla bağlı "Facebook" səhifəsində fikirlərini bölüşən siyasətçi bildirib ki, Paşinyanın tənqidlərə tuş gələn müsahibəsi ona çox pis təsir bağışlayıb.

Zurabyanın fikrincə, bunun bir neçə səbəbi var: Paşinyanın ingilis dilini kafi səviyyədə bilməməsi, cavabların məzmunu, baş nazirin əvvəlki addımlarına görə indi bəraət qazanmaq cəhdləri, Qarabağ məsələsinin mahiyyətini bilməməsi, münaqişənin həlli haqqında özünün təsəvvürünün olmaması.

Erməni siyasətçi vurğulayıb ki, istər Paşinyan, istərsə də həmin proqramın qonağı olmuş Ermənistanın xarici işlər naziri münaqişənin mahiyyətini düzgün şərh edə bilməyiblər.

Bundan əlavə, Zurabyan hesab edir ki, baş nazir Rusiya ilə NATO arasında seçimlə bağlı suala da savadlı cavab verə bilməyib.

"Əslində heç bir seçim mövcud deyil. Rusiya ilə hərbi ittifaqın alternativi yoxdur, çünki təhlükəsizliyin kollektiv sistemi kimi NATO Cənubi Qafqaz ölkələri üçün əlçatmazdır", - deyə Zurabyan əlavə edib ki, Ermənistanın imici baxımından, belə müsahibələr olmasaydı, daha yaxşı olardı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR