ARB-dən Rövşanə işdən çıxarılmasına

“Son zamanlar bəzi xəbər saytlarında ARB telekanalında ixtisarlar olması barədə yayılan məlumatla bağlı bildirmək istəyirik ki, bu, reallığı əks etdirmir”.

Metbuat.az xəbər verir ki, bunu apa-ya açıqlamasında ARB telekanalının mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli deyib.

O bildirib ki, pandemiya başlamazdan əvvəl - 2020-ci ilin yanvar ayında ARB24 MMC-nin tərkibindəki ARB və ARB24 telekanallarında 344 nəfər əmək müqaviləsi ilə çalışırdısa, hazırda bu rəqəm 341-dir: “Yanvardan indiyədək bir neçə əməkdaş işdən çıxıb, eləcə də yeniləri işə götürülüb. Bu, təbii haldır. Bütün telekanallarda cari mövsüm bitəndə reytinqi aşağı olan bəzi layihələr dayandırılır, yeni mövsüm üçün yeni layihələr hazırlanır. Buna görə də yeni mövsümlə əlaqədar bəzi əməkdaşların işdən çıxması və yenilərinin işə götürülməsi baş verir. Bildirmək istəyirik ki, qarşıdakı televiziya mövsümündə 20-dən çox yeni əməkdaşın işə götürülməsi nəzərdə tutulur. Buna görə də pandemiya dövründə ARB telekanalında guya ixtisarların olması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir və spekulyasiya xarakteri daşıyır”.

O. İbrahimli qeyd edib ki, aparıcı Rövşanə Ağasəfqızının ittihamına gəlincə, hələ bu ilin əvvəlində ona verilişin baxımlılıq səviyyəsinin aşağı olması ilə bağlı xəbərdarlıq edilib: “Ona verilişin keyfiyyətinin artırılması və yeniliklər edilməsi ilə bağlı qarşısında tapşırıqlar qoyulub. Lakin o, tələbləri yerinə yetirməyib və verilişin səviyyəsini artırmağa nail ola bilməyib. Buna görə də yeni mövsümdə layihənin davam etdirilməsi məqsədəuyğun hesab edilməyib. Bundan sonra Rövşanə Ağasəfqızına başqa veriliş təklif olunub, lakin o, bundan imtina edib. Bu səbəbdən onunla əmək müqaviləsinin uzadılmamasına qərar verilib. R. Ağasəfqızına bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq”.

ARB telekanalının reytinqinin aşağı olması ilə bağlı səsləndirilən iddiaya gəlincə, Ozal İbrahimli bildirib ki, 2016-2017-ci il mövsümündə telekanalın ümumi reytinqi 2.18% idisə, 2019-2020-ci il mövsümündə bu rəqəm 7.47% olub:

“Göründüyü kimi, ilk mövsümlə müqayisədə hazırda reytinq 3.4 dəfədən çox artıb. 2019-2020-ci il mövsümünün nəticələrinə görə, ARB ölkə telekanalları arasında reytinqinə görə 3-cü olub”, - deyə o əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR