Sui-qəsdlə öldürülən azərbaycanlı “qanuni oğru”lar - FOTOLAR

.

Azərbaycanlı "qanuni oğru", "Lotu Quli" kimi tanınan Nadir Səlifovun Türkiyədə qətlə yetirilməsindən sonra növbəti dəfə diqqət kriminal aləmə yönəlib. Bununla da daha bir kriminal aləm üzvü yaşa dolmadan, sui-qəsd nəticəsində həyatla vidalaşıb.

Metbuat.az xəbər verir ki, Nadir Səlifov sui-qəsd nəticəsində öldürülən ilk "qanuni oğru" deyil. Böyük ehtimalla bu, sonuncu da olmayacaq.

Bu aləmin üzvləri özləri də yaxşı bilir ki, gələcəklə bağlı uzunmüddətli plan qurmaq olmur. Gözləmədiyin məqamda, gözləmədiyin şəxs tərəfindən öldürülə bilərsən. Elə Nadir Səlifovda olduğu kimi.

Qısa arayış olaraq bildirək ki, N.Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Quli” gürcü dilində “ürək” deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib.
O, 21 il həbs həyatı yatdıqdan sonra 2017-ci ilin oktyabrında azadlığa buraxılmışdı. "Lotu Quli" həbsdən çıxdıqdan sonra əvvəlcə Gürcüstana, daha sonra isə Türkiyəyə üz tutmuşdu. Qətlinə gəlincə, onu kriminal aləmdə “Xan Əhmədlinski” kimi tanınan, Səlifovun klanına daxil olan Xəqan Zeynalov öldürüb. Beləcə Rövşən Lənkəranskinin ölümündən sonra kriminal aləmdə böyük güc sahibinə olan N.Səlifov 48 yaşının tamam olmasına 9 gün qalmış qətlə yetirildi.

Rövşən Lənkəranskiyə gəlincə, o da sui-qəsd nəticəsində 41 yaşında öldürülüb. Nadir Səlifov kimi, Rövşən Caniyevin də həyatına Türkiyədə son qoyulub. Atasının qatilini məhkəmə zalında güllələyərək öldürməklə kriminal aləmə səs salan Lənkəranskinin ölümündə "Lotu Quli"nin adı hallansa da, bu iddia iddia olaraq da qaldı.

Türkiyədə öldürülən digər azərbaycanlı "qanuni oğru" "Qoca Yasamalski" kimi tanınan Əlibala Həmidovdur. O da maskalı şəxslər tərəfindən açılan atəş nəticəsində İstanbulda qətlə yetirilib. Maraqlıdır ki, "Qoca Yasamalski" də qətlə yetiriləndə Lənkəranski ilə eyni - 41 yaşında olub.

Bu 3 qətli bir-birinə bağlayan ən maraqlı iddia isə bundan ibarətdir ki, "Qoca"nın ölümündə Lənkəranskinin, Lənkəranskinin ölümündə isə "Lotu Quli"ni adı hallanırdı.

Sui-qəsd nəticəsində öldürülən azərbaycanlı "qanuni oğru"lar bununla bitmir. "Lotu Hikmət" kimi tanınan Hikmət Muxtarov da güllələnərək öldürülən kriminal aləm üzvləri siyahısındadır. 1956-cı il noyabrın 3-də Sabirabad rayonunun Kürkəndi kəndində anadan olan Hikmət Muxtarov 2006-cı il aprel ayının 7-də Moskvadakı Leninqrad prospektinə qətlə yetirilib. Qatillər o ofisdən çıxıb binanın yanında duran Mercedes-500 markalı maşının minmək istərkən ona avtomat və tapançadan atəş açıblar.

"Qanuni oğru"lar arasında ən gənc yaşda ölən isə "Dağlı Cavanşir" kimi bilinən Cavanşir Ağayevdir. Cavanşir Ağayev 18 dekabr 1967-ci ildə Bakıda anadan olub, əslən Xızıdandır. Ona görə oğru aləmində "Dağlı Cavanşir" kimi tanınıb. Dağlı Cavanşir SSRİ-də ittifaqın qəbul edilmiş avtoritetlərindən biri olub. O, 22 Mart 1995-ci ildə Bakıda Yasamal ərazisində MTN-tərəfindən atışma nəticəsində güllələnərək öldürülüb. Öldürülən zaman onun 27 yaşı olub.

Mirseymur Abdullayev də güllənərək qətlə yetirilən "qanuni oğru"lardandır. O, 1963-cü ildə Nardaranda doğulub. Kriminal aləmdə də “Mirseymur Nardaranski” kimi tanınıb. 2013-cü ilin may ayın 4-də Moskvadakı “Peşera” gecə klubunda güllələnərək öldürülüb.

Göründüyü kimi, adı qeyd olunan "qanuni oğru"ların heç biri yaşa dolmadan ölüb. "Massalı Mamed" kimi tanınan Mamed Hüseynov da 50 yaşında dünyasını dəyişib. Bəzi məlumatlara görə, 2006-cı ildə qanunsuz silah gəzdirməyə görə Bakıda həbs olunarkən həbsxanada zəhərlənib. Məhkumlardan biri onun yeməyinə zəhər qatıb. Bundan sonra "Masallı Mamed"in səhhətində ciddi problemlər yaranıb. Elə səhhətindəki problemlərə görə də 2011-ci ildə dünyasını dəyişib.

Bundan başqa, "Kriminal aləmin əfsanəsi" hesab olunan Bəxtiyar Kərimov da həyatla vaxtından əvvəl vidalaşan "qanuni oğru"lar siyahınsadır. "Lotu Bəxtiyar" Bayıl türməsində cəza çəkən zaman 39 yaşında qaraciyər serrozundan vəfat edib. Onlar arasında ən çox yaşayan isə 60-80-cı illərində nüfuzlu “qanuni oğru”su Yetim Hüseyn olub. O, 1998-ci ildə 79 yaşında Bakıda vəfat edib.(qafqazinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR