Azərbaycanda Məhərrəm ayı başlayıb

.

Hicri təqvimi ilə avqustun 21-də Məhərrəm ayı başlayıb.

Metbuat.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının bununla bağlı müraciətində Hicri-qəməri təqvimi ilə 1441-ci ilin başa çatdığı, 1442-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-nin Miladi təqvimlə 2020-ci il avqustun 21-nə təsadüf etdiyi bildirilib.

Həmçinin, qeyd olunub ki, Məhərrəm ayının 10-u – Aşura günü 2020-ci il avqustun 30-na təsadüf edir.

Bu il Aşura dünyada davam edən koronavirus pandemiyası dövrünə təsadüf etdiyindən Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan ediblər ki, Operativ Qərargahın qərarına əsasən, bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməməsi, ibadətlərin müvəqqəti dayandırılması qərara alınıb. Bu məcburi addımın atılmasında əsas məqsəd vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasıdır. Pandemiya dövrünün məcburi təcrid tədbirləri virus təhlükəsinin qapalı və açıq məkanlarda insanların sıx toplaşdıqları şəraitdə artması ilə əlaqədardır. Dünyanın bütün ölkələrində bu və ya digər şəkildə təcridolunma həyata keçirildiyi, İslamın vacib şərtlərindən biri olan müqəddəs Həcc ziyarətinin, habelə digər dinlərin müqəddəs ayinlərinin müvəqqəti dayandırılması artıq dövrümüzün gerçəkliyidir.

Məhərrəmlik dövründə təziyə ehsanı olaraq imkansız ailələrə, maddi sıxıntı çəkən insanlara ərzaq və ya hər hansı sovqatın çatdırılması Allaha xoş gedən bəyənilən əməldir. Həmçinin son illər Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunəsidir. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının müraciətində dindarlarımızın bu il də humanist ənənəni davam etdirərək, pandemiya səbəbindən məscidlərdə deyil, ölkəmizin qan bankının paytaxtda və bölgələrdəki filiallarında ehsan niyyəti ilə qan verəcəklərinə əminlik ifadə olunub.

Qeyd edək ki, həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb-səhifəsində (www.qafqazislam.com) yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR