.

Sürətlə bahalaşan qızılın ''qızıl bəxti'' - Yaxın gələcəkdə nə baş verəcək? / AÇIQLAMA

.

Artıq qızıl üçün dünya bazarlarında yüksək həddin hansı olduğunu demək çətin məsələdir.’’

Metbuat.az-a özəl müsahibəsində iqtisadçı ekspert Elman Sadıqov bildirdi ki, qızıl ən sürətli dəyər qazanan və qazanacaq qiymətli metallardan biri olacaq. Yeri gəlmişkən, növbəti yaxın bir neçə ildə ən çox dəyər qazanacaq qiymətli metalın isə gümüş olması gözlənilir. Ekspert bildirdi ki, hal-hazırda bir sıra investisiya bankları qızılın qiyməti ilə bağlı proqnozlarını artırıblar. Proqnozlara görə qızılın bir unsiyası 2300 dollara, digər qiymətləndirmələrə görə isə 3000 dollara qədər yüksələ bilər.

“Düşünürəm ki, bu proses davam edəcək. Qızılın qiymətinin artması bir sıra amillərə dayanır. Bunlardan birincisi Covid-19-la bağlı qeyri-müəyyənlikdir. Amma koronavirus (Covid-19 ) olmadığı dövrlərdə də qızılın qiyməti qalxıb. Yəni Covid-19 qızılın qiymətinin qalxmasına səbəb olan yeganə amil deyil. Bu bütün səbəblərin yalnız 15-20 faizini əhatə edir. Qiymətin qalxmasına səbəb olan səbəblər çoxdur. Sadəcə pandemiya bunu bir qədər sürətləndirdi.’’

Elman Sadıqov bildirdi ki, qızılın dünya bazarlarında qiymətinin qalxmasına səbəb olan ikinci məsələ Mərkəzi Bankların sürətlə pul, xüsusi ilə də FED-in dollar çap etməsidir.

“Aşağıdakı qrafik 01.01.2017-08.04.2020-ci illər arasında FED-in balansındakı dəyişiklikləri göstərir. Bu qrafik 4 həftə ərzində 1.77 trilyon dollar artmasını göstərir. Qrafikin başlığı isə “Wall Street üçün Helikopter Pulu” adlanır. Bu başlıq 2 mesaj verir. Birinci mesaj odur ki, dövriyyəyə buraxılan pul birjalarda səhmlərin alışına, investisiyalar üçün (helikopterlə) göydəndüşmə puldur. İkinci mesaj isə odur ki, FED-in balansının artımı kəmiyyət yumşalması ilə paralel olaraq həm də pulun “helikopter effekti” ilə dövriyyəyə buraxılması baş verir.

Yeri gəlmişkən, bir çox iqtisadçıların da 2 nüansı qarışdırması səbəbindən bir məsələyə aydınlıq gətirmək istəyirəm. FED-in balans artımı təkcə kəmiyyət yumşalması ilə bağlı deyildir. Sadə dillə desək, kəmiyyət yumşalması dövriyyəyə pulun bazardakı qiymətli kağızların (daha çox xəzinə vekselləri və istiqrazların) geri alışı ilə həyata keçirilən əməliyyatdır. FED və Mərkəzi Banklar emissiya etdikləri pulları əsasən bu yolla buraxırdılar.


Həm istiqraz bazarında gərginlik azalır, həm də dövriyyəyə digər sahələrə investisiya və ya istehlakı dəstəkləmək üçün vəsait buraxılır. Lakin, bu dəfə FED maliyyə bazarlarına nağd pulu təkcə kəmiyyət yumşalması əməliyyatları ilə deyil, həm də “helikopter effekti” ilə buraxmışdır. Kəmiyyət yumşalması əməliyyatlarını isə iyun ayında tamamilə saxlamışdır. Balans isə artmaqda davam edir. Səbəb maliyyə bazarlarına nağd pulun yalnız “helikopter effekti” ilə buraxılmasıdır. Yəni, qiymətli kağızları geri almadan FED maliyyə bazarlarına pulu birbaşa borc (kredit) şəklində buraxır. FED-in maliyyə bazarlarına bu sxemlə pul buraxması ayrıca maraqlı və geniş mövzudur. Hər 2 sxemin müsbət və mənfi tərəfləri, riskləri vardır. Mövzudan yayınmamaq üçün davam etməyək. Sadəcə olaraq, bu 2 məsələni qarışdıraraq bəzən yanlış təhlillərə və nəticələrə yol verildiyi üçün qeyd etməyi faydalı hesab etdim. Qısaca desək, hazırda FED-in balansının artmasını kəmiyyət yumşalması kimi qələmə vermək doğru deyildir.

Qeyd edim ki, 10 avqust 2020-ci il tarixə FED-in balansı 7 trilyon dollardır. Ötən il bu rəqəm 3.8 trilyon dollara qədər enmişdi. İlin sonuna qədər FED-in balansının 9.2 trilyon dollara qədər artması proqnozlaşdırılır. Müxtəlif hesablamalara əsasən isə pandemiyanın nə qədər davam etməsindən asılı olaraq bu rəqəm 10 trilyon və daha çox ola bilər. Məhz bu balans artımı qızıl və gümüşün daha sürətli artımına səbəb ola bilər. Burada qiymət artımı qızıl və gümüş kimi olmasa da digər qiymətli metalların, xüsusilə elektrik avtomobillərin istehsalında istifadə olunan palladiumun da qiymət artımı burada istisna deyildir”.

Bəs balansın artmasına səbəb olan amillər hansılardır?

“Balansın artırılması qeyd etdiyim kimi həm istiqrazların geri alınması ilə, həm də “helikopter effekti” adlanan sxemlə bağlıdır. Hazırda dünya bazarında mənfi gəlirliliklə olan 15 trilyon dollarlıq istiqraz var. Bu rəqəm keçən ilin sonu 17,2 trilyon dollar idi. Kəmiyyət yumşalmaları sxemi ilə pul buraxılışı istiqraz bazarlarında gərginliyi nisbətən azaltsa da, bu gərginlik qalmaqdadır. Hesablamalara görə, bu gərginliyin aradan qaldırılması üçün bundan sonra da minimum 10 trilyon dollara ehtiyac vardır. Bu artım da qızılın qiymətinə təsir edəcək. Daha çox valyutanın çapı (iqtisadiyyat müvafiq həcmdə böyüməsə və/və ya əks təsirlər görülməsə) həmin valyutanın qiymətinin düşməsi ilə nəticələnir. Qızılın da qiyməti dollarla ölçüldüyü üçün burada qızılınmı qiyməti qalxır, yoxsa dollarınmı qiyməti düşür məsələsi var.Çünki, biz hazırda həm də dolların indeksinin düşməsinin şahidi oluruq. Faktiki olaraq hazırda fiziki qızılın (külçə və sikkələr) dünyanın müxtəlif ölkələrində dövriyyədə azalması, bəzən isə tapılmaması müşahidə olunmaqdadır. Əlavə olaraq, həm mərkəzi banklar, həm də investisiya şirkətləri portfellərində qızılın payını artırırlar. Məşhur investor U.Buffetin də qızıl mədəninə 600 milyon dollar civarında investisiya yatırması bu sahənin perspektivi ehtimalını artırır. Qızılın qiymətinin qalxmasında da qeyd etdiyim faktorların, o cümlədən növbəti 10 il ərzində maliyyə dünyasında gözlənilən dəyişiklər fonunda sığortalanmaq və vəsaitləri qorumaq ehtiyacının hiss olunmasının da böyük rolu var.’’

Son olaraq, bir məsələni də dəqiqləşdirmənizi istərdik. Qızılın qiymətinin dünya birjalarında müxtəlif formalarda formalaşması haqqında danışılır. Hansı formalardır?

Əgər dünyada qızılın qiyməti təkcə fiziki qızıla olan tələb-təklif əsasında formalaşsaydı, qızılın qiyməti bir neçə qat baha olardı. 1971-ci ildə məşhur “Nikson şoku” (dollar və qızılın bağlılığının, yəni qızıl standartının ləğvi) adlanan hadisədən sonra qızıla olan tələbin qarşısında təklifi tənzimləmək üçün törəmə alətlər icad olundu. Yəni, bir çox banklar, investisiya şirkətləri qızıl alarkən fiziki qızıl almırlar, qızıl öhdəliyi verən kağız üzərində qızıl alırlar. Yəni, qızıl satıcısı, məsələn mərkəzi bank öhdəlik verir ki, sizin ilk tələbiniz zamanı sizə aldığınız 1000 unsiya qızılı verəcəm. Hazırda bu cür öhdəliklərin həcmi faktiki fiziki qızıldan çoxdur. Yəni, bu öhdəliklərin yerinə yetirilməsi tələb olunsa faktiki fizik qızıl kifayət etməz. Burada ciddi mənfi saldo mövcuddur. Bu səbəbdən bu cür törəmə alətlərdən daha çox fiziki qızılın alışına üstünlük verilməkdədir. Hətta, fiziki qızılların repatriasiyası həyata keçirilməkdədir. Yəni, məsələn, Almaniya, Hollandiya, Polşa və digər ölkələr ABŞ-da saxladıqları qızılların fiziki olaraq öz ölkələrinə gətirirlər. Şübhəsiz ki, dünya ciddi maliyyə və iqtisadi sahələrdə yeni düzən formalaşdıracaq. Buna hazır olmaq üçün hər bir ölkə maksimum hazırlıq görməkdə və öz risklərini ölçməkdədir”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR