Azərbaycanda koronavirusla bağlı yeni statistika: Əhalinin NƏZƏRİNƏ

.

Xüsusi karantin rejimi çərçivəsində son günlər müşahidə edilən yoluxma dinamikası ölkəmizdə koronavirus xəstəliyinin nəzarət altında olduğunu göstərir. Virusa gündəlik yoluxanların sayı 100-200 nəfər arasında dəyişir. Bəzi bölgələrdə, məsələn, Masallı, Salyan, Mingəçevir, Yevlax, Gəncə, Goranboy, GöygölXaçmazda yoluxma sayı əvvəlki vaxtlara nisbətən xeyli azalıb. Buna görə də həmin bölgələr artıq “sarı zona” adlandırıla bilər. Ümumilikdə isə ölkə ərazisində yoluxma dinamikası stabil və nəzarət altındadır.

Sərhədlərin, tədris müəssisələrinin, vətəndaşların kütləvi toplandığı yerlərin bağlanması yoluxmanı nəzarət altına almaq üçün dövlət tərəfindən atılan çox doğru və uğurlu bir addım idi. Bu gün əldə edilən nəticələr də məhz həmin vaxt atılan addımların nəticələridir.

Metbuat.az xəbər verir ki, bu fikirləri AzərTAc-a Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda yoluxma sayı ölkə əhalisinin 0,3 faizini təşkil edir. COVID-19-a yoluxanlar arasında ölüm faizi 1,5-1,6 faiz təşkil edir: "Həmin rəqəmi dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə etsək, İngiltərədə 16, İtaliyada 14, İranda 6 faiz olduğunu görərik. Əldə edilən bu göstəriciyə xəstəliyin gedişi, ağırlaşma halları və müalicəsi ilə əlaqədar dünya təcrübəsinə operativ şəkildə yiyələnib onun tez bir zamanda tətbiq edilməsi sayəsində nail olmaq mümkün olub. Burada xəstələrin müalicəsində lazım olan bütün avadanlıqlar, dərman və tibbi ləvazimatların vaxtında təminatının da rolu böyükdür. Həmin tədbirlərin görülməsində gecikən ölkələrin ağır epidemioloji vəziyyətlə üzləşdiyini gördük.

Virusa yoluxma üçün 10-15 təmasa ehtiyac yoxdur. Üç-dörd dəqiqəlik bir təmas yoluxma baş verməsi üçün yetərlidir. Yoluxma vətəndaşların məsuliyyətsizliyi ilə yanaşı, maariflənmə istəyinin azlığı ilə də əlaqədardır. Şəxsi müşahidələrimə görə, xəstəlik haqqında kifayət qədər məlumatlı olanların və onların yaxın ətraflarının virusa yoluxma faizi digərlərinə nisbətən daha azdır. Bu, onu göstərir ki, bu sahədə maariflənmə çox böyük əhəmiyyət daşıyır. Virusa yoluxmaq ehtimalı ilə hər yerdə üzləşməyin mümkünlüyünü qətiyyən unutmaq olmaz. İnsanların evdən kənarda, yəni, ictimai nəqliyyatda və vətəndaşların toplandığı məkanlarda şəxsi və respirator gigiyenaya əməl etdiklərinə, maska taxdıqlarına şahid oluram. Lakin qohumlar bir yerə toplananda çox vaxt bu qaydalara əməl etməyi unudurlar. Sanki onlarda qohumların virus daşıyıcısı olmadığı və yoluxdura bilmədiyi təəssüratı formalaşır. Azərbaycanda ailədaxili yoluxmalar çox qeydə alınırdı. Bunun başlıca səbəbi insanların öz yaxınlarını virus təhlükəsi kimi görməməsi idi. Halbuki qaydalara istisnasız olaraq hər kəsin və hər yerdə əməl etməsi yoluxmaların qarşısını ala bilər".

Həkim-infeksionist bildirib ki, payız-qış mövsümü virus mənşəli respirator xəstəliklərin, eləcə də bakterial mənşəli respirator xəstəliklərin artdığı bir mövsümdür: "Təbii ki, pandemiya dövründə qarşıdan gələn həmin mövsüm daha çox narahatlıq doğurur, çünki respirator xəstəliklərin əlamətləri bir-birinə çox yaxındır. Həmin xəstəliklər nəticəsində qızdırma, öskürək və halsızlıq kimi əlamətlər müşahidə olunur. Burada ən vacib tədbir sosial məsafənin gözlənilməsi və qoruyucu tibbi maskanın taxılmasıdır. COVID-19 xəstəliyinə qarşı tətbiq olunan qaydalara ciddi əməl olunması respirator xəstəliklərə yoluxma riskini xeyli azaldacaq. Həmin qaydalara əməl olunması səhiyyə sisteminin yüklənməsinin və dövlət qurumlarının fəaliyyətinin ləngiməsinin qarşısını alacaq.

COVID-19-la əlaqədar bütün dünyada, o cümlədən Azərbaycanda seroloji testlərin tətbiqinə başlanılıb. Könüllülük prinsipi əsasında həyata keçirilən skrininqlərlə əlaqədar indiyədək 300-ə yaxın test alınıb və onlardan 200-ü işlənib. Həmin skrininqlər Gəncə və Sumqayıt şəhərlərində də aparılacaq. Burada əsas məqam digər respirator xəstəliklərlə COVID-19 infeksiyasını ayırd etməkdir. Buna da öncədən COVID-19 infeksiyasına yoluxduğuna dair seroloji test nəticəsi müsbət olanlar kömək edəcək. Belə ki, xəstəliyi keçirən və seroloji test nəticəsi müsbət olan xəstələrdə payız-qış mövsümündə digər respirator əlamətlər olduqda COVID-19 deyil, digər xəstəliklərlə əlaqədar müalicə aparılacaq.

Seroloji testlər ölkədə əhali arasında immunitet səviyyəsini öyrənməyə kömək edəcək. Testlər 18 yaşdan yuxarı vətəndaşlar arasında aparılır. Lakin irəlidə hədəf qrupları və bölgələrə görə testlərin aparılması davam edəcək. İndiyədək dövlətin koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar apardığı testlər nəticəsində 35 minə yaxın yoluxma olduğu aşkar edilib. Lakin xəstəliyi heç bir simptomu və şikayəti olmadan keçirənlər var ki, onlar təbii olaraq səhiyyə müəssisələrinə müraciət etməyiblər. Ona görə də xəstəliyi nə qədər vətəndaşın keçirib-keçirmədiyi məlum deyil. Seroloji testlərin aparılması həqiqi xəstəliyi keçirmə faizlərini ortaya çıxaracaq. Testlərin nəticələri COVID-19-la mübarizədə mərhələli şəkildə yumşalma prinsiplərinin tətbiqi və ya karantin rejiminin davam edib-etməməsi üçün ən optimal yanaşma imkanı verəcək. Məsələn, cənub bölgəsində seroloji testlərin nəticəsi əhalinin 80 faizinin xəstəliklə təmas edib immunitet qazandığını aşkar edibsə, həmin bölgə riskli bölgə sayılmayacaq. Deməli, həmin bölgədə mərhələli şəkildə yumşalmalara getmək olar və bu, yoluxma sayında artıma səbəb olmayacaq".

F.Sədiyev məktəblərin açılması məsələsinə toxunaraq bildirib ki, bununla əlaqədar bəzi planlaşdırmalar aparılır. Təhsil Nazirliyi bununla bağlı ciddi yanaşmalar hazırlayır. Uşaqların məktəblərdə nəzarətsiz şəkildə bir araya gəlməsi yoluxma sayını artıra bilər. Bu, ehtimal olunandır. Lakin qabaqcadan görülən tədbirlər - sosial məsafənin saxlanılması, dərs saatlarında sıxlığın və sinif otaqlarında şagirdlərin sayının azaldılması, tənəffüs vaxtının 15-20 dəqiqə deyil, 5-10 dəqiqə olması, respirator və şəxsi gigiyena qaydalarına əməl olunması, məktəb daxilində buna nəzarət sistemi kimi amillər yoluxma tendensiyasının qarşısını ala bilər. Valideynlərə payız-qış mövsümündə respirator xəstəliklərin artdığı vaxtda da evdən çıxmadan və evə daxil olarkən heç nəyə toxunmadan övladlarının əllərini yumasını təmin etmək tövsiyə olunur. Şübhəsiz ki, maarifləndirmə tədbirlərinin aparılması burada da çox əhəmiyyətlidir. Uşaqlara məktəblərdə hər zaman nəzarət etmək mümkün olmadığı üçün onlara yoluxma yolları və ondan qorunmaq üçün qaydalara əməl olunması aşılanmalıdır. Bunlara əməl etdikdə uşaqlar özlərini qoruya bilərlər.

Bəzi valideynlər apteklərdə satılan yuxarı tənəffüs yolları üçün istifadə edilən dəniz suları alır və uşaqlar qoruyucu məqsədlə bundan istifadə edirlər. Onu deyim ki, dəniz suyunun virusdan qorumaqda heç bir əhəmiyyəti olduğu göstərilməyib. Əksinə, ondan istifadə olunması selikli qişalarda digər problemlərin yaranmasına səbəb ola bilər. Əllərin sabunla yuyulması infeksion xəstəliklərdən 50 faizə qədər qoruya bilir. Bundan əlavə, maska taxmaq və sosial məsafə saxlamaq COVID-19-la yanaşı, digər respirator virus infeksiyalardan da qoruyur.

Xəstəliyə gənclər də, orta yaşlılar da, yaşlılar da yoluxa bilər. Uşaqların virusa yoluxmaması haqqında informasiya yoxdur, lakin onlarda xəstəliyin gedişatı yüngül olur. İndiyə qədər Azərbaycanda COVID-19-la əlaqədar uşaq ölümü və ağırlaşması qeydə alınmayıb. Uşaqlar xəstəliyi yüngül keçirsələr də, onun daşıyıcısı ola bilirlər. Virus artıb çoxalmaq üçün orqanizmdə müəyyən hüceyrələrdən, yəni reseptorlardan istifadə edir. Uşaqlarda xəstəliyin yüngül formada keçirilməsini onlarda həmin reseptorların inkişaf etməməsi, immun sisteminin tam formalaşmaması və virusa lazım olan bağlanma yerlərinin olmaması ilə əlaqələndirirlər".

Peyvəndlər barədə məlumat verən həkim-infeksionist deyib: “Xəstəliyi keçirən və immuniteti formalaşanlar peyvənd edilmirlər. Orqanizmin təbii yolla əmələ gətirdiyi anticisimlər var. Vaksinasiya xəstəliyi keçirməyənlərdə aparılır, lakin onun əks göstərişləri və yan təsirləri də ola bilir. Həmin halları müəyyən etmək üçün əvvəlcədən sınaq keçirilir. Növündən asılı olaraq müəyyən hədəf qruplarında və ya bütün əhali arasında aparılan vaksinlər var. Məsələn, qrip vaksini hər il oktyabrda, xüsusilə 65 yaşdan yuxarı, ağciyər, ürək-damar sistemi xəstəlikləri olanlar, hamilələr və azyaşlı uşaqlar arasında aparılır, çünki onlar qripi ağır keçirir və bəzən də faciəvi sonluqlarla üzləşirlər. Bəzi vaksinləri isə istəyə görə də aparmaq olar”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR