Uşaqlara indiki dövrdə peyvənd vurulması təhlükəlidir? –

“Peyvəndlər vurulmasaydı, bəlkə də, bu gün çox sayda uşağı göy öskürək, difteriya, qızılca və digər xəstəliklərdən itirmişdik”.

Metbuat.az xəbər verir ki, bu sözləri açıqlamasında tibb sahəsi üzrə professor, həkim Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, uşaqların peyvəndi mütləq cədvəl üzrə getməlidir: “Əvvəla onu deyim ki, payızda koronavirus və hər il mövsümi şəkildə baş qaldıran soyuqdəymə xəstəlikləri bir-birindən fərqləndirilməlidir. Bunu etməsək, xeyli problem yarana bilər. Düşünürəm ki, Operativ Qərargahın bu istiqamətdə vacib tövsiyələri olmalı və müvafiq yol xəritəsi hazırlanmalıdır. Bu, çox ciddi məsələdir.

O ki qaldı UNİCEF-in sxemi üzrə vaksinasiyaya, Azərbaycanda bir ara bu istiqamətdə işlər yaxşı getsə də, təəssüf ki, son dövlər vəziyyət bərbaddır. Peyvəndlərin vurulmasını COVID-19 və digər virusları bəhanə edib saxlamaq olmaz. Bu, uşaqların təhlükəsizlik məsələsidir.

Bir şeyi qeyd etmək lazımdır ki, vaksinasiya hesabına dünyada qorxulu karantin infeksiyalardan biri olan çiçək xəstəliyi yoxa çıxıb. Bu səbəbdən vaksinasiya mütləq olmalıdır. Peyvəndlər vurulmasaydı, bəlkə də, bu gün çox sayda uşağı göy öskürək, difteriya, qızılca və digər xəstəliklərdən itirmişdik.

Nəzərə alsaq ki, uşaqlarda xüsusilə koronavirus infeksiyası subklinik formada keçir, peyvənd vurdurmaq vacibdir. Çünki başqa xəstəliklər fonunda koronavirus baş qaldıra bilər. Hesab edirəm ki, uşaqların vaksinasiyası mütləq olmalıdır və bundan qorxmaq lazım deyil. Bu bədənə antitellərin yeridilməsidir, burada qorxulu heç nə yoxdur”.(Baku.ws)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR