Ölkəmiz payız fəslinin gəlməsinə az qalıb. O qədər də isti keçməyən 2020-ci ilin yay mövsümü sentyabr ayının gəlişi ilə də bir qədər havalar soyumağa başladı.Təbii ki, belə olan halda insan orqanizması da yeni mövsümə uyğunlaşmağa çalışır.
Koronavirusdan öncə bu mövsümdə respirator xəstəliklərə yoluxma halları çoxalırdı. Amma təssüf ki, indi bir qədər qızdırmamız yüksələndə belə COVİD19-dan şübhə duymağa başlayırıq.
Metbuat.az xəbər verir ki, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayevanın sözlərinə görə, payız-qış aylarında digər xəstəliklərlə yanaşı koronavirus infeksiyası da normal olaraq artacaq.
"Soyuq aylarda digər respirator infeksiyalarda da müşahidə olunduğu kimi saylarında artım müşahidə olunur. Sıx toplaşmaq, qapalı məkanlardan daha çox istifadə etmək.Yəni bu halların sayı artmış olur. Eyni zamanda həmin məkanlarda da yenə də soyuq hava şəraitindən asılı olaraq havalandırmanı gec-gec edirik. Bu da eyni mühitdə infeksiyanın miqdarının çoxalmasına gətirib çıxarır ki, nəticədə xəstəlik artmış olur" .
Bəs nə etməli? Orqanizmanı payızda baş verməsi gözlənilən yeni epidemiya dalğasından necə qorumaq lazımdır?
Qida Texnoloqu Ağa Salamov Metbuat.az-a müsahibəsində bildirdi ki, immun sistemi zəif olanlar və bioloji qida dəyəri yüksək olan qidalar istehlak etməyənlər bu cür xəstəliklərə daha tez yoluxa bilirlər.
"Payız mövsümündə temperaturun aşağı düşməsi və havaların qəfil soyuması nəticəsində müxtəlif infeksion xəstəliklərə yoluxma riski artır. Bütün bunları nəzərə alaraq payız mövsümündə heyvan mənşəli qidalar, (ət,balıq,toyuq,yumurta və.s) həmçinin liflər, karbohidrat,vitamin və minerallar ilə zəngin olan qida məhsulları ( mövsümi meyvə və tərəvəzlər, paxlalı bitkilər, çərəzlər və.s ) istehlak etmək məsləhətdir.’’
Daha Azərbaycan şairi Nizami Gəncəvinin dili ilə desək, “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir su da”.
Bəs orqanizmanın hansı qidaya tələbat duyduğunu necə müəyyən etməliyik?
Ağa Salamov payızda düzgün qidalanma qaydalarını Metbuat.az-a sadalayaraq bildirdi ki, mövsümün ən əvəzolunmazı “Omega 3”-dür.
“Balıq məhsulları əvəzolunmaz yağ turşusu omega 3, kalsium, fosfor, A,D B vitamini kompleksi ilə zəngindir. Elmi araşdırmalar nəticəsində balığın insan orqanizmini qrip və infeksiyalardan qoruduğu sübut olunub. Beləki payız aylarında da balıq məhsullarından həftədə iki dəfə istehlak etməklə immun sistemini gücləndirə bilərik.
Qırmızı ət məhsulları və yumurtada olan dəmir və sink mineralı sayəsində də immun sistemi güclənir. Dəmir və sink mineralları immun sistemi üçün olduqca faydalı və vacib elementlərdən biridir. Ət məhsullarından hazırlanan şorbalar, süni bulyonlar ilə deyil ətin öz suyunda hazırlanmalıdır ki, bioloji dəyəri yüksək olsun və immun sistemini gücləndirsin.”
Payıza el arasında “Bolluq Fəsli” deyilir. Səbəbi də bu mövsümdə meyvə tərəvəzin yetişib qışa tədarük üçün yığılmasındadır.
Qida texnoloqu Ağa Salamov deyir ki, ən vacib vitaminlər payızda meyvə istehlakı ilə alına bilər.
“Mövsümündə istehlak olunan meyvə və tərəvəzlərdən bədənimizə lazım olan vitamin və mineralları ala bilirik.
Meyvə və tərəvəzlər A C,B,E vitaminləri, folik turşusu, beta-karoten, kalsium, kalium, dəmir, maqnezium, lif və digər antioksidanlar ilə zəngin olduğu üçün immun sistemi üçündə əvəzolunmazdır. Xüsusilə payız aylarında alma ,armud, üzüm,nar,limon, portağal,brokkoli, gül kələm, çuğundur, zəncəfil, balqabaq və.s meyvə və tərəvəzləri istehlak etməkdə fayda vardır.
Payız aylarında immun sisteminin güclənməsində quru meyvələrin də əvəzsiz rolu var. Tərkibi zülal,yağ turşuları, vitamin və minerallarilə zəngin olan quru meyvələri gün ərzində ovuca sığacaq qədər istehlak etmək məsləhətdir. Yaxşı olar ki çay içərkən istehlak edilsin.”
Qida texnoloqu bildirdi ki, immunitet sistemimizi gücləndirmək üçün təbii yaşıl bitkilərdən hazırlanmış çaylara da ehtiyacımız var. Kofe, rəngli qazlı içkilər əvəzinə kəklikotu, itburnu, çobanyastığı və müxtəlif təbii çaylar içməklə də immun sistemini gücləndirmiş olarıq.
Gülbəniz Hüseynli / Metbuat.az