.

LDU yeni tədris ilinə necə hazırlaşır? - Müsahibə

.

''Koronavirus pandemiyasının - COVİD19-un yaratdığı çətinliklərə baxmayaraq Lənkəran Dövlət Universiteti (LDU) yeni tədris ilinə ürəkaçan yeniliklərlə qədəm qoyur.

Əsas yenilklərdən biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2020-ci il tarixli qərarına əsasən Lənkəran Dövlət Humanitar Kollecinin Lənkəran Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar Texnoloji Kollecə çevrilmə yolu ilə yenidən təşkilidir.''

Bu sözləri Metbuat.az-a müsahibəsində Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova bildirdi.

Ali təhsil ocağında yeniliklər barədə danışan Esmira İsmayılova qeyd etdi ki, həm ali təhsil müəssisəsində, həm də kollecdə tədris planlarının eyni ixtisaslar üzrə uyğunluğu kolleci bitirən subbakalavrların ali təhsil müəssisələrinə qəbulu zamanı ali məktəbi normativ təhsil müddətindən tez bitirməsinə imkan yaradacaq.


''2020/2021-ci tədris ili üçün Lənkəran Dövlət Universitetinin əsas prioritet istiqamətini nəzəri biliklərin təcrübi bazasını yaratmaq təşkil edib və bu istiqamətdə müəyyən addımlar atılıb. Turizm və otelçilik , Qida məhsulları mühəndisliyi ixtisasları üzrə keyfiyyətli kadr hazırlığını təmin etmək məqsədi ilə universitetin rektoru vəzifəsini həyata keçirən professor Natiq İbrahimovun təşəbbüsü ilə ölkədə ilk dəfə olaraq məhz LDU-nun nəzdində Turizm tədris mərkəzi - ''Seside Otel'' istifadəyə verilib.

Həmçinin, “Baytarlıq”, “Baytarlıq cərrahiyəsi”, “Qida məhsulları texnologiyası” və “Qida təhlükəsizliyi və ekologiyası” laboratoriyaları üçün xaricdən yeni, modern avadanlıqlar alınıb. Tələbələrin iştirakı ilə 0,6 hektarda çay, 1,3 hektarda sitrus plantasiyası salınıb, 100 ədəd kivi kolu əkilib.

Cənub bölgəsinə xas relikt və endemik bitki növlərindən şitillik təsərrüfatının salınması,modern tipli oranjeriyanın inşa olunması cari tədris ilinin ürəkaçan yeniliklərindəndir.Tədris-təcrübə bazası nəzdində bu yay tövlənin inşa edilməsi, bu məqsədlə heyvanların alınması baytarlıq ixtisaslarında təhsil alan tələbələrə nəzəri biliklərini praktik məşğələlərlə zənginləşdirmək imkanı verəcək.''

Qeyd edək ki, bu ildən LDU-da ilk dəfə olaraq müsiqi müəllimliyi, coğrafiya müəllimliyi, beynəlxalq ticarət və loqistika, bitki mühafizəsi kimi yeni ixtisaslarda mütəxxəssis hazırlığı da həyata keçiriləcəkdir.

''Tələbələrin təhsilə olan maraqlarını artırmaq məqsədilə universitetin gəlirləri hesabına 5 tələbə və magistr üçün universitet təqaüdu müəyyənləşdirilib ki, bu da semestrlər üzrə ÜOMG yüksək olan və heç bir təqaüd almayan tələbələrə veriləcəkdir.

Lənkəran Dövlət Universitetində son illərdə təhsilin modernləşdirilməsi, müasir dünya standartları səviyyəsinə çatdırılması, professor-müəllim-tələbə heyəti üçün əlverişli iş, dərs şəraitinin yaradılması istiqamətində böyük layihələrə start verilib.''

LDU-da müəllim və tələbə heyətinin rahatlığı necə təmin edilir?

'2 il öncə ilk dəfə olaraq LDU-da professor-müəllim heyətinin mobilliyini təmin etmək məqsədilə hər birinin sahəsi 50,5 kv.m olmaqla 6 ikiotaqlı mənzil tikilərək istifadəyə verilmişdir.Cari tədris ilində də bu ənənə davam etdirilir və daha 12 mənzilin inşa olunaraq müəllimlərin istifadəsinə verilməsi həyata keçiriləcək.

Bu, 45 yerlik keçmiş qızlar yataqxanasının yenidən rekonstruksiya edilərək inşası nəticəsində reallaşdırılır.

Xatırladaq ki, başa çatmaqda olan 2019 /2020-ci tədris iliLənkəran Dövlət Universiteti üçün iki yeni tədris korpusu və 160 yerlik yataqxana binasının istifadəyə verilməsi ilə yaddaqalan olmuşdu. Cari tədris ilində LDU-da daha bir- 1500 yerlik yeni tədris korpusu inşa ediləcək.

Yeni tədris binası II tədris korpusunun ərazisində inşa olunacaq. Bu korpusdakı köhnə tədris binasının yenidən rekonstruksiya olunmaqla 350 yerlik yataqxana binasına çevrilməsi, yeni korpusun inşası, ərazidə müasir yeməkxana binasının olması isə tələbə və müəllimlərə kampus mühiti yaratmağa hesablanıb.

LDU-nun elmi kitabxanasının əsaslı təmiri də cari tədris ilində reallaşacaq. Ötən əsrin 70-ci illərində inşa olunmuş köhnəbina müasir tələbləri ödəmədiyindən fasad hissəsi sökülərək yenidən rekonstruksiya olunacaq. Binanın 1-ci mərtəbəsində modern akt zalı, oxu zalları, 2-ci mərtəbədə isə kitabxananın işçi heyəti, bölmələri yerləşdiriləcək.

Və ən nəhayət- sentyabrın 1-dən LDU-da əmək haqlarının növbəti dəfə artırılması kollektivin yeni tədris ilinə xoş ovqatla başlamasına stimul yaradıb.''

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR