Nə üçün Ermənistan Gürcüstana dəstək vermədi? -

''İlk növbədə onu qeyd etmək lazımdı ki, bir dövlət olaraq Qafqazda yaradıldığı dövrdən bəri Ermənistan heç bir zaman region dövlətləri ilə həmrəylik nümayiş etdirməyib.''

Bu sözləri Metbuat.az-a müsahibəsində AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

BMT Baş Assambleyasında Gürcüstan qaçqınları ilə bağlı qəbul edilən qətnaməyə Ermənistanın tərəfsiz qalmasının səbəblərini açıqlayan politoloq bildirdi ki,

1918-1920-ci illərdə Azərbaycan və Gürcüstan regionda yenidən müstəmləkəçiliyi müxtəlif formalarda bərpa etmək istəyən qüvvələrə qarşı həmrəylik nümayiş etdirdiyi halda, Ermənistan bu birlikdə yer almayıb. Əksinə Azərbaycana və Gürcüstana qarşı ərazi iddiaları irəli sürüb. Erməni-gürcü müharibəsi baş verib.


''1991-ci ildə Cənubi Qafqaz dövlətlərinin müstəqilliklərini elan etməsindən sonrakı dövrdə də irəli sürülən müxtəlif təşəbbüslər məhz Ermənistanın pozucu mövqeyi səbəbindən tam reallaşa bilməyib.

Bu baxımdan Ermənistanın yenə də işğaldan, təcavüzdən yana olmasını, haqqın deyil nahaqqınyanında yer almasını təəccüblə qarşılamaq lazım deyil.

BMT-nin Baş Assambleyası Nyu-Yorkda keçirdiyi 74-cü sesiya çərçivəsində, Gürcüstanın məcburi köçkünlərinin statusu və geri qayıtmaları haqqında qəbul edilən sənədi 84 ölkə, o cümlədən Azərbaycan Respublikası dəstəklədi. Ermənistan isə qorxaq və məkrli bir şəkildə Gürcüstana lazımi dəstəyi vermədi.''

- Bu məsələdə Ermənistanın mövqeyinə təsir edən amillər hansıdır?

''Bu məsələdə Ermənistanın mövqeyinə bir neçə məsələ təsir göstərir. Əvvəla ona görə ki, Ermənistan özü Azərbaycan ərazilərini işğal edib, milyonlarla azərbaycanlı indiki Ermənistan adlanan ərazidən, işğal edilmiş Dağlıq Qarabağ regionundan və ətraf rayonlardan qaçqın, məcburi köçkün, didərgin düşüb.

Deməli, qaçqınlar məsələsi Ermənistanın işğalı nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi səbəbindən Azərbaycan üçün də aktualdır. Ermənistan isə bu məsələ ilə bağlı diqqətlərin Qafqaza yönəlməsini, presedent yaradacaq sənədlərin qəbulunu istəmir.

İkincisi, Ermənistan və erməni təşkilatları illərdir Abxaziyada və Tsxinvalidə (Cənubi Osetiyada) Gürcüstanın mərkəzi hakimiyyətinə qarşı separatçı qüvvələri dəstəkləyir. XX əsrin 90-cı illərində baş vermiş gürcü-abxaz münaqişəsi zamanı ermənilərdən təşkil olunmuş Baqramyan batalyonu gürcülərə qarşı qətliamlar törədib. Ermənistan Gürcüstana münasibətdə yürütdüyü kriptomiatsum siyasəti ilə Abxaziya və Acarıstanı “Qaradənizsahili Ermənistan”a çevirmək niyyətindədir.

Samtsxe-Cavaxetiyada ikinci Qarabağ yaratmaq kimi məkrli məqsədlər güdür.

Üçüncüsü, Gürcüstan ərazisindəki hər iki separatçı qurumda özünəməxsus maraqları olan Rusiya faktoru var.

Rusiya Qərbəpərəst şüarlarla hakimiyyəti ələ keçirən küçə siyasətçisi Nikol Paşinyana qısa müddətdə kifayət qədər ağır iqtisadi, siyasi zərbələr endirib. Paşinyan hökuməti Azərbaycan Respublikası ilə qarşıdurmanın kifayət qədər gərgin olduğu vəziyyətdə qucağına sığınmağa çalışdığı Rusiyanın xətrinə dəymək istəmir.

Bütün bunlar bir daha sübut edir ki, Ermənistan Gürcüstana münasibətdə səmimi deyil, bu dövlətin ərazi bütövlüyünü faktiki olaraq dəstəkləmir.''

Qeyd edək ki, 2020-ci il sentyabrın 3-də BMT Baş Assambleyasında Gürcüstan tərəfindən ənənəvi olaraq irəli sürülən “Gürcüstanın Abxaziya və Sxinvali/Cənubi Osetiya regionundan olan qaçqın və məcburi köçkünlərin statusu” adlı qətnamə layihəsi səsvermə ilə qəbul edilib.

Azərbaycan hər zaman olduğu kimi qətnamə layihəsinin lehinə səs verib. Ermənistan isə bu dəfə də öz simasızlığını nümayiş etdirərək səsvermədə iştirak etməyib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR