Ermə­nistan dövləti = “FAİL STATE” - Qənirə Paşayevanın yazısı

.

Sentyabrın 19-da Heydər Əliyev adına Bakı Dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma tədbirində iştirak edən Prezident İlham Əliyevin tədbirdən sonra AzTV, İTV və “Real” TV-yə verdiyi geniş müsahibə özündə bir sıra əməli fəaliyyət sahələrinə aid bilgiləri, təsbit və çağırışları ehtiva edir.

Təsadüfi deyil ki, artıq 4 gün keçməsinə və bu günlərə içində ölkəmizdə, dünyada bir sıra önəmli olaylar baş verməsinə baxmayaraq, həmin müsa­hibədə səsləndirilən fikirlər gündəmin əsas müzakirə möv­zu­su olmaqda davam edir. Cənab Prezidentin hərbi, iqtisadi, siyasi, insan amili, tarixi həqiqətlər, strateji tərəfdaşlıq, milli prioritetlər və b. mövzularda verdiyi təhlillər, bölüşdüyü informasiyalar və etdiyi çağırışlar bir tərəfdən dövlətimizin öncəlik tanıdığı sahələri, digər yandan yerli və beynəlxalq münasibətlər sisteminə dövlət baxışını ifadə edir.

Prezidentin jurnalistlərin suallarına cavabı həm də üslub özəllikləri, ritorikası baxımından özünə diqqət tələb edir. Mövzunun işlənməsi, fikir ardıcıllığı, sözlərlə ifadə alqo­rit­mi, yaddaşlara xitab etmək kimi incəliklər dövlət başçısının nitqinin ritorikasını müəyyən­ləşdirir. Burada ciddiyyət, siyasi gurultulara heç vəchlə yer verməmək kimi nüansları da fərqləndirməliyik. Bu, qarşı tərəflə müqayisə etdikdə daha qabarıq görsənməsi ilə də diqqəti cəlb edir. Biz burada “qarşı tərəf” dedikdə, işğalçı Ermənistanı, erməni Baş naziri nəzərdə tuturuq. (Əlbəttə, “qarşı tərəf” anlayış olaraq çox yerdə işlənə bilsə də, ərazisi işğal olunmuş, milyondan artıq mülki vətəndaşı məcburi köçkün və qaçqın həyatı yaşayan, bir sözlə, özünə belə xeyri dəyməyən (“Fail state”) uğursuz Ermə­nistan dövləti adlı terrorçu xislətli, hüquqtanımaz “qonşu” ilə həmhüdud olan bizlər üçün başqa “qarşı tərəf”lər şərti sıralamada çox sonrakı yerlərdə gəlir və gəlməlidir. Cənab Prezidentin hər­tərəfli islahatlar kursunun mahiyyətini də bu planda başa düşməkdə fayda var). Demokrat libaslı amma işğalçı zehniyyətli Paşinyanın, digər erməni başbilənlərinin boş sözlər yığını, hay-küy mə­nasızlığında işlətdiyi “fikir”lər sabun köpüyü kimidir. Sözsüz ki burada Ermənistanın haqsız tərəf olması, Ermənistan rəhbərliyinin hər çıxışında, daha çox yalanı, riyanı gizlətmək zorunda qalma­sının da rolu var. – Prezidentin “Biz erməni rəhbərliyindən fərqli olaraq, piar üçün yox, mahiyyət üçün işləyirik” ifadəsi Azərbaycan hökumətinin apardığı siyasətin mahiyyətini nü­mayiş etdirir.

Beləliklə, ölkə başçısının yerli TV-lərə geniş müsahibəsindəki ritorika hər nə qədər hərbi, strateji, iqtisadi, siyasi yükümlü olsa da, eyni dərəcədə üslub(iyyat), tarix (tarixi həqiqətlər), beynəlxalq davranış etikası, psixologiya və məntiqlə bağ­lıdır.

Məsələn, hərbi ritorikaya diqqət etsək, cənab Prezidentin “Ermənilər təkbaşına bizim torpaqlarımızı işğal edə bilməzdilər” fikri, əslində, açıq siyasi ismarıncdır. Bu ismarınc hadisələrin inkişaf ssenarilərindən asılı olmayaraq, Azərbaycanın hər zaman müharibəyə hazır olduğunu nümayiş etdirir. Bu ismarınc, eyni zamanda, gücümüzü, o cümlədən dövlət siyasətimizin müs­təqillik dərəcəsini əks etdirir.

Barış və diplomatik üsullara sadiq olan Azərbaycan Respub­likası, öz hərbi gücünə yaxşı bələddir və müharibə ehtimalını inkar etmir. Dövlətimiz hərbi ritorikaya çağırmır – hərbi əmə­liyyatlar vasitəsi ilə işğal olunmuş ərazilərimizin məhz adekvat vasitələrlə qaytarıl­masına hazır olduğunu bildirir. “Danışıqlar faktiki olaraq getmir. Mən demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, biz Ermə­nistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır”. Beynəlxalq ictimaiyyət bilməlidir ki, bu sözlər hərbi ritorikanın təzahürü deyil. Bu sözlər tarixi ədalətin bərpasına dair bir çağırışdır. Prezidentin “Faktiki olaraq Ermənistan rəhbəri danışıqlar prosesini pozub, pozur yox, pozub” - fikri artıq Ermənistana inamın olmadığını açıq şəkildə nümayiş etdirir.

Cənab Prezidentin “Mən danışıqların hazırkı vəziyyətini mənfi qiymət­ləndi­rirəm. Hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır” deməsi, dövlətimizin qəti qələbəli müharibəyə hazır olmasının ifadəsidir. Bu ifadə xüsusi olaraq onu müəyyən edir ki, müharibənin başlanması yalnız hökumətin deyil, eyni zamanda xalqın çağırış və istəyinin nəticəsidir. Bu yerdə, vətən­daşlarımızın yaşından, cəmiyyətdə tutduğu mövqedən, digər amillərdən asılı olmadan, könüllü surətdə hərbi xidmətə getmək üçün hərbi komissarlıqlara kütləvi şəkildə axın etməsini yada salmaq istərdim. Bu sətir­lərin müəllifinin Milli Məclisdə təmsil etdiyi Tovuz rayonunda iyulda baş vermiş sərhəd toqquşması (daha dəqiq ifadə ilə desək, Ermənistanın növbəti avantüsit hücumu) zamanı vətənə bağlılıq yönündə yaşananlar yaxşı örnəklər təşkil etməkdədir. – Dövlət müs­təqilliyi tarı­ximizdə ilk dəfə, ölkədə fəaliyyət göstərən 43 siyasi partiyanın birgə, 4 siyasi partiyanın isə ay­rılıqda, Ali Baş Komandanın ətrafında birləşməsi Bəyanatı ölkədə sağlam iqtidar-müxa­lifət münasibətlərinin formalaşmasının təzahürüdür.

Hərbi ritorikaya toxunmuşkən, onu da vurğulayaq ki cənab Prezident elanolunmamış müha­ribə və torpaqlarımızın işğalında bütövlükdə erməni xalqını yox, məhz Ermənistan siyasi ha­kimiyyətini günahlandırır. Bu, beynəlxalq ictimaiyyətin nəzərə almalı olduğu prinsipial ya­naşmadır. Azərbaycan Prezidentinin bu sözləri, eyni zamanda erməni cəmiyyətinə də ünvanlanmış ismarıncdır: “Ermənistanın indiki rəhbərliyi məsuliyyəti dərk etmir. Halbuki Ermənistanda rasional düşüncəli insanlar, siyasətçilər var. O siyasətçilər özləri artıq bu məsələni qaldırırlar və Ermə­nistan ictimaiyyətinə öz fikirlərini çatdırırlar ki, Ermənistanın bugünkü rəhbərliyi Ermənistanı uçuruma aparır.”

Qeyd etməliyik ki, bizimlə güc dili ilə danışmaq cəhdi də, özünü qalib ədasında tutmaq da, yeri gəldikdə beynəlxalq ictimaiyyət qarşısında məzlumanə görkəm almaq da Ermənistan dövlət rəhbərliyinin dəyişməz “taktika”sıdır. Belə diametral dəyişkənliklə (mövqesizliklə), çətinə düşəndə sülhdən dəm vurmaqla, Azərbaycan dövlətinin Ermənistanla deyil, qondarma Dağlıq Qarabağ xunta rejimi ilə danışıqlar aparmalı olduğunu deməklə... qarşı tərəf həm həyasızlıq edir, həm də növbəti məntiqsizliyə imza atmış olur. “Faktiki olaraq bu açıqlamalar onu deməyə əsas verir ki, Ermənistan danışıqlardan çıxıb – biz yox, Ermənistan.” – Prezidentin bu fikri “Azər­baycanı müharibəyə sövq edirlər” şəklində də oxuna bilər. Beynəlxalq ictimaiyyət, ilk növbədə ATƏT-in Minsk qrupu, sülhyaratma mandatlılar bu cür açıqlamalara dair qəti fikrə sahib olmalıdır. Cənab Prezidentin dediyi kimi, biz ətrafımızda nələr baş verdiyini bilirik, bilirik ki Ermənistan və havadarları növbəti hərbi əməliyyatlara hazırlıqla məşğuldur. Beynəlxalq birlik tərəfindən tanın­mış sərhədləri içərisindəki torpaqlar belə başdan-başa Azərbaycanın tarixi torpaqları olan Ermənistan və onun hüquqtanımazlığına göz yuman havadarları da bilməlidir ki, bizim bir addım belə geri çəkilməmiz mümkün deyil, mümkün olan yalnız irəli getməyimizdir. Və bu təhdid deyil, məhz tələb olunan ən uyğun cavabdır.

Qəbul edilməlidir ki, Azərbaycanın dövlət başçısının fikirləri artıq simulyasiyaların deyil, konkret və adekvat addım­ların zamanının çatdığını çox açıq şəkildə ifadə edir: “Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir və bu, pandemiyaya görə baş vermir”.

“Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma tədbirindən sonra verilən mü­sahibədən danışarkən, cənab Prezidentin qardaş Türkiyənin ünvanına səsləndirdiyi məhəbbət dolu fikirlərə toxunmasaq olmaz. –Türkiyə və Azərbaycan birliyinin “böyük sərvət” adlandırılması ölkələrimiz arasında münasibətlər tarixində yeni eranın başlanmasına işarə edir. Prezidentin “Biz Türkiyə ilə bütün məsələlərdə bir yerdəyik, hər bir məsələdə bir-birimizin yanındayıq” – ifadəsi Ümum­milli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfi və siyasi prinsipinə yeni nəfəs vermək, o kamil prinsipi davam və inkişaf etdirmək deməkdir.
“Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz” deyən cənab Prezidentin siyasəti xəlqi siyasətdir. Qəbul olunan qərarlar məhz milli maraqların tələbidir. – Dövlət başçısı xalqın dəstəyini əsas amil kimi müəyyən edir və yalnız xəlqi maraqlara istinad edir.

Şübhəsiz ki gerçəkçi əməl və konstruktivlik üzərində qurulmuş siyasət bütün dövrlərdə xalq tərəfindən rəğbətlə qarşılanır. – Bu, alternativlərin ən yaxşısıdır.

Və nəhayət: “Biz məsuliyyətli ölkəyik”! – Belə ki, məsuliyyət çağdaş, peşəkar və müsbət təsirli siyasətin əsas göstəricisidir.

DÖVLƏTİMİZ VAR OLSUN!

Qənirə Paşayeva
Milli Məclisin Mədəniyyət komitəsinin sədri


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR