''Doğma torpağı itirmək hissini yaxşı bilirəm''-

Bir canlı tarix yaşadığımız bu günlərdə Azərbaycan xalqına müxtəlif millətlərdən olan vətəndaşlarımız əllərindən gəldiyi qədər dəstək nümayiş etdirirlər.

Onlar üçün doğma vətənə çevrilən Azərbaycana onun güclü ordusuna dəstək olduqlarını bəyan edirlər. Azərbaycanı haqlı savaşında dəstəkləyən, dostluğunu daima nümayiş etdirən dövlətlərdən biri də Ukraynadır. Azərbaycanı ikinci vətəni hesab edən, Azərbaycan Ukrayna konqressinin üzvü, Ukrayna Ticarət evinin nümayəndəsi həmçinin Ukraynanın milli mətbəxini Azərbaycanda təqdim edən "Soloha" restoranının sahibi Lidiya Şestak-Əliyevanın

Metbuat.az-a özəl müsahibəsini təqdim edirik.

- Xoş gördük Lidiya xanım! Özünüz haqqında oxucularımıza nə deyə bilərsiniz?


“Mən Lidiya Şestak Luqan vilayətinin Dombas bölgəsində doğulmuşam.

15 il öncə mən Azərbaycana gəlib burada marketinq üzrə bir kompaniyada çalışmağa başladım. Sonra mən öz biznesimi qurdum. Sahibi olduğum “Soloha” restoranı 12 ildir ki, fəaliyyət göstərir. Hazırda Azərbaycanda yaşayıram. Burada mənim ailəm, dostlarım, sevdiyim insanlar var. Həmçinin mənim övladım da yarı azərbaycanlıdır. Mən Azərbaycanı, torpağımızı ikinci vətənim hesab edirəm”.

- Siz "Facebook'' sosial şəbəkə hesabınızdan Azərbaycana böyük dəstək nümayiş etdirirsiniz. Azərbaycana olan sevginizin xüsusi bir səbəbi varmı?

“Azərbaycan-Ukrayna dostluğu böyük keçmişə dayanır. Bu indi yaranan bir sevgi deyil. Ukrayna-Azərbaycan dostluq və qardaşlıq bağlarını izah etməyə sözlər kifayət etməz.

Mən azərbaycanlıların hazırda nə hisslər keçirdiyini çox gözəl anlayıram. Bir ukraynalı kimi doğma torpağımı itirməyin nə olduğunu bilirəm. İnsanın doğulub boya-başa çatdığı torpağın yadelli tərəfindən işğal edilməsinin nə olduğunu mən yaxşı başa düşürəm. Mən bir zamanlar Luqan vilayətinin Dombas bölgəsində də hazırda Azərbaycanda baş verən bu hadisələrə bənzər situasiyalar yaşamışam ”.

- Hazırda Azərbaycan işğal altında olan torpaqlarını azad edir. Qələbəmizdə sizin də sevinc payınız var. Nə hisslər keçirirsiniz?

“Azərbaycan-Ermənistan cəbhə bölgəsində baş verənləri izləyirəm və Azərbaycanın qələbəsinə çox sevinirəm. Mən şadam ki, Vətənim - Ukrayna bu vəziyyətə belə böyük dəstək verir. Həmişə xüsusi münasibətimiz, dostluğumuzla seçilmişik və onları daha da inkişaf etdiririk. Hər şeydən əvvəl, belə çətin anlarda dəstəyə böyük ehtiyac var.

Hazırda ön cəbhədə uğurlar ilə yanaşı qazanılan qələbənin yanında şəhidlərimizin xüsusilə də gənc əskərlərin şəhid olması məni kədərləndirir.

Ukrayna hər bir cəhətdən Azərbaycanın yanındadır. Mən düşünürəm ki, hazırda cəbhədə Azərbaycanın torpaqlarını geri alması çox önəmli addımlardır”.

Son günlər hərbi əməliyyatlardan kənarda Ermənistanın Azərbaycanın mülki əhalinin yaşadığı şəhərləri raket zərbəsinə tutması beynəlxalq hüquqa zidd bir addımdır...

“Bu yalnız aqressiyadır. Bu baş verənlərə heç bir halda haqq qazandırmaq olmaz. Bəzi insanlar düşünürdülər ki, Ermənistanla savaşın səbəbi dini zəmindədir.

Amma mən 15 ildir burada yaşayan bir şahid kimi deyə bilərəm ki, Azərbaycanda dünyəvi dövlətdir. Burada bütün dinlərdən olan insanlar tolerant bir şəkildə yaşayırlar. Biz burada sakit bir şəkildə öz mədəniyyətimizi təbliğ edirik.

Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. İnanıran ki, tezliklə Azərbaycan işğal altında olan torpaqlarını geri alacaqdır.

Səngərdə vətənin torpaqlarını işğaldan azad edən Azərbaycan əskərinə dualarım sonsuzdur!”

- Səmimi müsahibə üçün sizə təşəkkür edirik Lidiya xanım!

“Çox sağ olun”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR