​Erməni xalqına bu işğal lazımdırmı? –

''Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi üçün başlanan Böyük Vətən Müharibəsi xalqımızın zəfəri ilə başa çatacaqdır.

Azərbaycan Respublikasının Prezidentinin də çıxışlarında qeyd etdiyi kimi, erməni xalqı başa düşməlidir ki, Ermənistanda illər boyunca hakimiyyətdə olmuş terrorçu qüvvələr bu xalqı inkişafdan məhrum edib, bu gün hakimiyyətdə olan Nikol Paşinyan isə avantürist siyasəti ilə insanları qurban verir''.

Bunu Metbuat.az-a müsahibəsində AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

O qeyd edib ki, bir sıra təşkilatların açıqladıqları məlumatlara görə təkcə son dövrlər ərzində Ermənistan bir neçə milyard dollar itirib.

Niyə itirib? Çünki erməni xalqının rifahı üçün xərclənməli olan vəsait Yaxın Şərqdən terrorçuların, muzdluların işğal edilmiş ərazilərə gətirilməsinə xərclənib.

Çünki Nikol Paşinyanın avantürist iddiaları işğalçı rejimin saxlanılması xərclərinin artırılmasını tələb edirdi.

Erməni xalqı indi özü bəzi suallara cavab verməlidir. Bu işğal onlara lazımdırmı? Erməni analarına min əzab əziyyətlə yetişdirdikləri övladlarının başqalarına məxsus ərazilərdə ölməsi lazımdırmı?

E.Kəlbizadə deyib ki, indi əsas suallardan biri Azərbaycan Respublikasının əraziləri işğaldan azad edildikdən sonra ermənilərlə birgə yaşayışın mümkünlüyü məsələsidir.


Təbii ki, Azərbaycan Ermənistandan fərqli olaraq sivil insanlarla – qadınlar və uşaqlarla müharibə aparmır. İllər boyunca Bakı, Gəncə və digər şəhərlərimizdə erməni vətəndaşlarımız necə dinc şəraitdə yaşayıblarsa, işğaldan azad edilmiş ərazilərdə də onlar yaşaya biləcəklər.

Lakin burada əsas sual hansı ermənilər məsələsidir. 30 ilə yaxın müddət ərzində indiki Ermənistan ərazisindən, xarici ölkələrdən Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülmüş ermənilər gəldikləri yerlərə qayıtmalıdırlar.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR