x
Loading...
.

Ermənistan cəzasız qaldığı üçün daha çox cinayətlərə əl atır - AÇIQLAMA

''Fövqəladə hallarda və silahlı münaqişələr dövründə qadınların və uşaqların müdafiəsi haqqında bəyannamənin 1-ci bəndində deyilir ki, mülki əhaliyə, xüsusən də onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara saysız-hesabsız əzab-əziyyətlər gətirən hücumlar, bombalamalar qadağan edilir və belə hərəkət pislənilməlidir''.

Bu barədə Metbuat.az-a açıqlama verən AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru Ramilə Dadaşova bildirdi ki,

uşaq hüquqları konvensiyasının 4-cü maddəsində deyilir ki, silahlı münaqişələr zamanı mülki əhalinin qorunması, beynəlxalq hüquq normalarına riayət etmək üçün iştirakçı dövlətlər uşaqların qorunması və onların münaqişə zonasından çıxarılmasını təmin etmək məqsədilə bütün mümkün tədbirlərdən istifadə etməlidirlər.


"Bəyannamənin 5-ci bəndinə görə müharibə edən tərəflərin hərbi əməliyyatların gedişində və ya işğal edilmiş ərazilərdə həbs etmə, işgəncə vermə, güllələmə, kollektiv cəzalandırma, mənzilləri dağıtma və yaşayış yerlərindən zorla qovma daxil olmaqla, qadınlara və uşaqlara qarşı törətdikləri bütün repressiya və qəddar, insanlıqdan kənar davranış formaları cinayətkar hərəkətlər hesab edilir.

Ermənistan bu beynəlxalq hüquq normalarından irəli gələn öhdəlikləri yerinə yetirmir. Dünyada qadağan olunmuş silahlardan XXI əsrdə insanlığa qarşı istifadə edən barbar, terrorçu Ermənistan dövləti dünya dövlətləri tərəfindən qəbul edilən heç bir beynəlxalq hüquq normasına məhəl qoymur.

Azərbaycana qarşı hərbi təcavüzə başladığı gündən etibarən uşaqları, qadınları, qocaları qətlə yetirməkdə davam edir və bütün bunlar dünya birliyi tərəfindən sükutla qarşılanır. Cinayətkar, terrorçu Ermənistan hökuməti cəzasız qaldığı üçün daha da şirniklənir və daha çox cinayətlərə əl atır''.

Ramilə Dadaşova bildirdi ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti qarşısında dayana bilməyən, artıq öz məğlubiyyətini görən Ermənistan hazırda yalnız Dağlıq Qarabağ, ətraf rayonlar, sərhəd rayonlarında olan mülki əhalini deyil, həmçinin bu ərazilərdən çox-çox uzaqda olan sənaye əhəmiyyətli şəhərləri, mülki əhalini hədəfə alır. Öz ərazisindən - Gorus, Sisian, Cermuk və Berd şəhərlərindən Azərbaycanın şəhərlərini, mülki əhalini, obyektləri atəşə tutur.


''Ermənistan oktyabrın 4-də Azərbaycanın ikinci ən böyük ikinci şəhəri olan Gəncəyə 4+ kasset tipli “Smerç” raketləri, Xızı və Abşeron rayonlarında əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinə atdı. Çarəsizliyin barbar ifadəsini bu dəfə Ermənistan silahlı qüvvələri Azərbaycanın Mingəçevir sənaye şəhərinə qarşı raket hücumu təşkil edərək nümayiş etdirdi. Mingəçevirdə su anbarı və əsas elektrik stansiyası var.

Bununla kifayətlənməyən işğalçı Ermənistan oktyabrın 6-da regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirdi.

Bu təxribat əhalidə qorxu, panika yaradılmasına, müharibə şəraitində əhalini enerjisiz qoymağa, iqtisadiyyata zərər vurulmasına, üçüncü dövlətləri müharibəyə cəlb etməyə yönəlib.

Ermənistanın bu mənfur siyasəti nəticəsində mülki əhali, o cümlədən uşaqlar, qadınlar, qocalar həlak olurlar, yaralanırlar.

Sentyabrın 27-də Ermənistan hərbi birləşmələrinin Naftalan rayonunun mülki əhalisinini toplarla atəşə tutmaları nəticəsində bütöv bir ailə - 5 nəfər, o cümlədən ailənin məktəbli olan iki övladı - 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova, sentyabrın 28-də Tərtəri artelleriya atəşinə tutmaları nəticəsində bir ailənin iki üzvü Abbasov Xaliq və Abbasov Elşən, oktyabrın 3-də düşmənin top atəşi nəticəsində Beyləqanda yenə bir ailənin iki üzvü - İsmayılova Zülfiyyə və Əsədova Arzu həlak oldular.

Yalnız sentyabrın 27-dən etibarən Ermənistanın mülki əhaliyə hücumu nəticəsində 28 nəfər həlak olub, 145 nəfər yaralanıb, 300-dən çox yaşayış binası və mülki obyekt dağıdılıb. Həlak olanlardan 5 nəfəri qadın, 3 nəfəri uşaq, yaralananlardan 30 nəfəri qadın, 7-nəfəri uşaqdır ''.

Siyasi elmlər doktoru Ramilə Dadaşova bildirdi ki, Ermənistanın döyüş bölgəsindən kənar əraziləri, mülki əhalini atəşə tutması, mülki əhali arasında həlak olanların, yaralananların olması, kütləvi dağıntılar insanları daha da qəzəbləndirir.

Azərbaycan Ordusuna və Ali Baş Komandana güvənən xalqımız heç bir təxribata uymur və torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün daha qətiyyətlə mübarizə aparır.

Onun sözlərinə əsasən beynəlxalq sənədlər silahlı münaqişələrdə vətəndaşların hüquqlarının qorunmasında vacib mexanizmdir.

Bütün bunlar ilə bərabər Ermənistan mülkü əhalinin müharibələr dövründə qorunması ilə birbaşa bağlı olan bir çox konvensiyalar -1907-ci il Quru müharibəsi qanunları və adətləri haqqında IV Haaqa konvensiyası, 1949-cu il 12 avqust tarixli müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair dördüncü Cenevrə konvensiyasının tələblərini pozub.

Həmçinin hazırda Ermənistan tərəfindən ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi haqqında 1976-cı il 10 dekabr tarixli konvensiya,1989-cu il uşaq hüquqları konvensiyası və insanlığın müdafiəsinə yönəldilmiş bir çox konvensiyalar pozulur.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR