Ermənistanın təkcə döyüş xətti deyil, informasiya səddi də dağıdılıb

Prezident İlham Əliyev döyüş cəbhəsində olduğu kimi, informasiya cəbhəsində də məharətli sərkərdə kimi davranır

Hərbi əməliyyatlar bərpa olunandan sonra keçən qısa dövr ərzində - sentyabrın 27-dən bu günədək Prezident İlham Əliyev dünyanın nüfuzlu 10 televiziya kanalına müsahibə verib. “CNN International”, “CNN-Türk”, “Sky News”, “Euronews”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” kimi dünyanın aparıcı transmilli KİV-lərinə,o cümlədən Türkiyənin nüfuzlu “TRT Haber”, Rusiyanın “Rossiya-1”, “Pervıy Kanal”, RBK televiziya kanallarına müsahibələrində Prezident Azərbaycana qarşı irəli sürülən yanlış arqumentləri, tirajlanan “feyk-nyuslar”ı ifşa etdi, Ermənistanın yalan üzərində qurulmuş informasiya maşınına ağır zərbələr vurdu. Bu müsahibələrdə Prezident Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri, hazırkı vəziyyəti, habelə Azərbaycanın mövqeyini əsaslandıran tarixi, hüquqi, siyasi, mənəvi amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı, Azərbaycanın haqlı mövqeyini əsaslandırdı.

Ermənilər döyüşlərin ilk günlərindən iddia edirdilər ki, guya Azərbaycan Qarabağ cəbhəsinə İraqdan, Suriyadan cihadçı dəstələr gətirib. Təəssüf ki, bu fikri digər ermənipərəst qüvvələr kimi, Fransa prezidenti də dilə gətirdi. Prezident İlham Əliyev xarici TV-lərə müsahibəsində bu ittihama qısa, lakonik cavab verdi. Azərbaycan əhalisinin 10 milyon nəfər, Ermənistan əhalisinin isə 2 milyon nəfərdən bir az artıq olduğunu qeyd etdi. Kənardan silahlı dəstələr cəlb etməyə onların ehtiyacının olduğunu əsaslandırdı. Cavab o qədər sərrast oldu ki, Ermənistan tərəfi bu ittihamı geri çəkib fərqli tezislər üzərində düşünmək məcburiyyətində qaldı.

Növbəti həmlələrini 2 istiqamətdə qurduqları görünürdü. Bir istiqamət Türkiyənin mövcud müharibədə rolunu qabartmağa, ikinci istiqamət isə Rusiya Federasiyası ilə münasibətləri korlaya biləcək faktların uydurulmasına yönəlib. Hiss olunurdu ki, erməni lobbisi, ermənilərin xaricdəki havadarları bu cür həmlələrlə özləri üçün münbit informasiya mühiti yaradıb dünya ictimaiyyətini çaşdırmağa cəhd edirlər. Prezident İlham Əliyevin məsələlərə operativ müdaxiləsi, reaksiyası prosesləri nəzarətə götürməyə, vəziyyəti idarə etməyə şərait yaratdı. Prezident ilk növbədə Türkiyəyə və Rusiya Federasiyasına məxsus telekanallara müsahibələr verdi, erməni şəbəkəsi tərəfindən uydurulan qondarma faktlara tutarlı cavablar verdi. Türkiyənin Azərbaycana yalnız mənəvi və siyasi dəstək verdiyini əsaslandıra bildi. Rusiya Federasiyasına məxsus telekanallara intensiv müsahibələrin verilməsi də, bu baxımdan ciddi önəm daşıyır.

Bu dövrdə diqqət çəkən amillərdən biri də Prezident İlham Əliyevin sosial şəbəkə platformalarındaaktiv şəkildə görünməsidir. Prezidentə məxsus Facebook, Twitter hesabları intensiv şəkildə yenilənir, gün ərzində bir neçə dəfə münasibət, şərh və yeni xəbərlərlə təmin edilir. Hazırda Prezidentə məxsus sosial şəbəkə hesabları rekord sayda izləyici auditoriyasına malikdir.

TV kanallar, sosial şəbəkə hesabları kimi müxtəlif platformalarda çıxış edən Prezident nitq üslubunu da uyğun seçir. Dövlət başçısının istər daxili, istərsə də xarici auditoriya qarşısındakı çıxışlar üçün seçdiyi üslub, sərgilədiyi manevrlər, səsləndirdiyi arqumentlər xüsusi önəm daşıyır. Xarici mediaya müsahibələri, kəskin suallara cavab olaraq səsləndirdiyi tutarlı arqumentlər onun mahir siyasətçi, diplomat kimi məharətini göstərir. Daxili auditoriya üçün müsahibələri isə xalqı ruhlandırır, xalqın ürəyindən xəbər verir, xalqın sözünü və mövqeyini ifadə edir. Bu müsahibələr Azərbaycan xalqını Prezident İlham Əliyev ətrafında daha sıx birləşdirir, ona olan güvəni artırır. Xalq öz prezidentini birmənalı şəkildə və tam olaraq dəstəkləyir.

Ali Baş Komandan həm döyüş cəbhəsində, həm də informasiya cəbhəsində məharətli sərkərdə kimi ölkəsinin maraqlarını inamla və qətiyyətlə müdafiə edir.

Müşfiq Ələsgərli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR