.

Gürcüstana qarşı erməni iddiaları və Abxaziya məsələsi - Tarixçi alimdən ŞƏRH

.

Gürcüstanda erməni separatizminin əsas ocağı Samtsxe–Cavaxeti hesab edilsə də, ermənilərin artıq real olaraq prosesləri idarə etdiyi bölgə Gürcüstanın mərkəzi hökumətinin nəzarətindən çıxmış olan Abxaziyadır.

Tarix üzrə fəlsəfə doktoru, AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri Elnur Kəlbizadə Metbuat.az-a müsahibəsində bildirdi ki, təhlillər göstərir ki, XX əsrin 90-cı illərində baş verən Abxaziya münaqişəsi zamanı mərkəzi gürcü hökumətinə qarşı abxazların yanında yer alan ermənilər, sonrakı dövrdə bu bölgədə say baxımından sürətlə artmağa, separatçı quru­mun müxtəlif dövlət strukturlarında möhkəmlənməyə başlamışlar.

“İndi tez-tez ermənilərin Abxaziyanın “Qara dəniz sahili Ermənistan”, özlərinin isə buranın “köklü sakinləri olması” ilə bağlı iddialarına rast gəlmək mümkündür.

Təbii ki, ermənilərin Abxaziyada yerləşməsi, eləcə də tədricən əhalinin etnik tərkibində ön sıralara çıxması çar Rusiyasının, sonrakı dövrdə isə bolşeviklərin dəstəyi ilə mümkün olmuşdur.

Çar Rusiyasının bu bölgədə erməniləri yerləşdirməsinin əsas məqsədi daha çox bir zamanlar Osmanlı imperiyasının idarəçiliyində olmuş abxazları nəzarət altında saxlamaqdan, əhali arasında özünə dayaq yaratmaqdan ibarət olmuşdur.

Uydurma “Böyük Ermənistan” xəstəliyinə yoluxmuş qruplar üçün Abxaziya–Samtsxe–Cavaxeti xətti Rusiya Federasiyasında ermənilərin kompakt yaşadıqları Krasnodar və ətraf bölgələri Ermənistana bağlayan körpüdür.

Erməni millətçilərinin uzaq məqsədlərində nəinki Samtsxe–Cavaxeti–Abxaziya xəttində yerləşən Gürcüstan ərazilərinin, hətta Soçi və Krasnodar kimi Rusiya ərazilərinin də ələ keçirilməsi planları var. Doğrudur, hələlik onları Qafqaza köçürən, Ermənistanın Qafqazda siyasi varlığını qoruyub saxlamasının qarantı olan Ru­siyaya qarşı belə iddiaları açıq-aşkar ifadə etməkdən çəkinirlər, lakin Abxaziyanı artıq “dənizsahili Ermənistan” adlandırdıqlarını tez-tez görmək mümkündür’’.

Tarixçi alim bildirdi ki, yaxın məqsədlərdə isə Abxaziya Ermənistanı Rusiya ilə birləşdirən nəqliyyat marşrutlarının keçməsi üçün, həmçinin Ermənistanın dənizə çıxışını təmin edə biləcək limanların yerləşdiyi mühüm bölgədir. Dənizə çıxışın təmin olunması üçün Batumi daha əlverişli ola bilər. Lakin hələlik, Batumidə kifayət qədər gücü olan Türkiyə təsiri, Gürcüstanın mərkəzi hökumətinin bu muxtar bölgəni daha möhkəm nəzarətdə saxla­ması nəzarətsiz Abxaziyanı daha əlverişli edir.

“Digər tərəfdən Abxaziyada mövcud olan kömür yataqları və meşələr bu ehtiyatlarla pis təmin olunmuş Ermənistana gərəklidir.

Ən azından, bu bölgədə ermənilərin siyasi və iqtisadi nüfuzundan istifadə edərək bu məhsulları daha əlverişli şərtlərlə almaq Ermənistanın ən yaxın məqsədləri sırasındadır.

Abxaziyadakı separatçı rejim həm də Ermənistana işğal etdiyi Azərbaycan ərazilərində qurduğu oyuncaq rejimə presedent yarat­maq baxımından lazımdır’’.

Abxaziyada etnodemoqrafik dəyişikliklər: müti gəlmələr separatçı qurumun siyasi elitasına necə çevrildilər?

“Ermənilərin bütün Qafqaza olduğu kimi, Abxaziya ərazilərinə gəlmələri də XIX əsrdə baş vermişdir. Ermənilərin aborigen Qafqaz xalqlarına qarşı iddialarının dəyişməsi prosesində də oxşarlıq mövcuddur: əvvəlcə məzlum qonaq, sonra “sədaqətli və qonaqpərvər” qonşu, sonda isə tarixi vətən və erməni yurdu iddiası. XX əsrin əvvəllərinə qədər özlərini Abxaziyada qonaq hesab edən ermənilər, indi bütün Abxaziyaya sahiblik iddiaları irəli sürür və özlərini abxazların “ağaları” kimi aparmağa çalışırlar.

Z.Qamsaxurdiyanın devrilməsindən sonra Gürcüstanın mərkəzi hökumətinin Sovet dövrü konstitusiyasının qüvvədən düşdüyünü və 1921-ci il konstitusiyasının bərpa edildiyini elan etməsi abxazların müqaviməti ilə qarşılandı.

Hansısa qüvvələr bunu “Abxaziyanın muxtariyyət statusunun ləğvi” kimi əhali arasında təbliğ edərək abxazları mərkəzi hökumətə qarşı qaldıra bildilər. Təbii ki, bu prosesdə katalizator rolunu oynayan əsas qruplardan biri ermənilər oldu’’.

Gürcüstanın dövlət idarəçiliyinə soyadını dəyişdirmiş və dəyişdirməmiş ermənilər necə yerləşdilər?

“Müasir Abxaziyada etnodemoqrafik proseslər də sübut edir ki, abxazlara dəstək verən ermənilərin məqsədi sonrakı mərhələdə abxazların özlərini Abxaziyada azlıq vəziyyətinə salmaq, separatçı rejimin dövlət strukturlarına yerləşməkdən ibarət olmuşdur.

Nəticədə, ermənilər xarici havadarlarının köməyi ilə 1992-1996-cı illərdə Abxaziya Ali Sovetinin vitse-spikeri vəzifəsini ələ keçirdilər.

Albert Topalyan parlamentin sədr müavini oldu. Qeyd edək ki, o da “Abxaziya qəhrəmanı” adına layiq görülmüş 20 erməni terrorçudan biri idi.

Ermənilərlə abxazlar arasında nüfuz üstünlüyü uğrunda güclü mübarizənin getdiyi əsas rayonlardan digər biri isə Qaqra rayonudur.

Rayon Rusiyada erməni icmasının kifayət qədər güclü olduğu Soçi- Krasnodar yolu üzərində yerləşir və Abxaziyanı Rusiyaya bağla­yan bir sıra əsas nəqliyyat yolları məhz buradan keçir.

Bu rayona nəzarət etmək şimal istiqamətində Abxaziyanın qura biləcəyi əsas nəqliyyat və iqtisadi əlaqələrə nəzarət etmək deməkdir. XX əsrin 80-ci illərinin sonlarında Qaqra rayonun əhalisinin sayı 77 min nəfərdən artıq idi.

1992-1993-cü illərdə Abxaziyada Gürcüstandan ayrılmaq uğrunda ermənilərin gizli dəstəyi ilə separatçı hərəkatın baş­lanması regionun gürcü əhalisinin buranı tərk etməsi ilə nəticələndi.

Məhz bunu nəzərə alan erməni təşkilatları Gürcüstanın müxtəlif yerlərindən olan ermənilərin müxtəlif bəhanələrlə rayona yerləşməsini təşviq etmişlər.

2003- cü il statistikasına diqqət yetirsək ermənilərin bu regionda abxazları çoxdan sıxışdırdığının şahidi ola bilərik. Belə ki, 2003-cü ilə aid statistik rəqəmlərdə rayonun əhalisi 37 min nəfər olaraq göstərilirdi. Onlardan 16 min 322 nəfəri erməni, 10 min 235 nəfəri isə abxaz idi. Başqa sözlə desək ermənilər əhalinin 44,1 faizini, abxazlar isə 27,7 faizini təşkil edirdilər’’.

Abxaziyadakı erməni təşkilatları və Ermənistan...

“ Abxaziya ermənilərinə mərkəzi Gürcüstan hökumətinə qarşı vuruşmaq üçün çağırış edən ilk təşkilatlardan biri Qaqra ermənilərinin sözdə mədəni təşkilatı olan “Maştots” idi.

Məhz "Maştots" rəhbərliyinin fövqəladə yığıncağında guya gürcülərin ermənilərə qarşı talan və zorakılıq törətməsi əsas gətirilərək Abxaz tərəfini rəsmi dəstəkləmək və onlarla bərabər vuruşmaq barədə qərar qəbul edilmişdir. Lavernti Amşençi adlı müəllif yazır ki, bu təşkilat Ermənistanın Mədəniyyət Nazirliyi ilə fəal və açıq əlaqə saxlayırdı.

Ermənistanın Azərbaycan ərazilərini ələ keçirmək uğrunda işğalçı müharibə apardığı dövrdə Abxaziya erməniləri işğalçı ölkəyə yardım etmək üçün maaliyyə vəsaiti toplamış, toplanan vəsait hesabına hərbi ləvazimatlar alıb Ermənistana göndərmişdilər. Abxaziya ermənilərindən bir qismi terrorçu dəstələr yaradaraq Qarabağa gəlmişdilər.

2000-ci illərin əvvəllərində yuxarıda adları qeyd edilən hər iki təşkilatın fəaliyyətini özündə birləşdirməyə çalışan Abxaziya Erməni İcması yaradılmışdır ’’.

Tarixçi alim bildirdi ki, yuxarıda sadalanan faktlar bir daha təsdiq edir ki, Ermənistan Gürcüstan ərazisində separatizmin birbaşa dəstəkçilərindən biridir. İlk növbədə abxazların mərkəzi Gürcüstan hökumətinə qarşı separatizmi bu və ya digər formada dəstəkləməklə Ermənistan Samtsxe-Cavaxeti­yadan diqqəti yayındırmağa və burada möhkəmlənməyə çalışır.

İkincisi, ermənilər Abxaziyada möhkəmlənir, buranın gələcəkdə Qaradənizsahili Ermənistana çevrilməsi üçün münbit zəmin ha­zırlayırlar. Üçüncüsü, bu cür sepa­ratçı rejimlərin mövcudluğunu işğal olunmuş Azərbaycan ərazilərində qurduqları oyuncaq qurum üçün presedent kimi göstərməyə çalışırlar.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR