Cenevrə danışıqları ''görüş xatirinə görüş'' -

ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Cenevrədə keçirilən danışıqlar ciddi bir siyasi format deyil. Danışıqlarda müzakirəyə çıxarılan məsələlər yalnız atəşkəsin əldə edilməsi, Azərbaycanın Şuşa, Hadrut, Xoxavənddən ordusunu geri çəkməklə "5+2" variantını qəbul etdirmək müstəvisini özündə ehtiva edir.

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. Siyasi ekspert qeyd etdi ki, Cenevrə danışıqları və həmsədrlər artıq prosesə təsir edə bilməyəcəklər.

''Azərbaycan üçün bu danışıqlar "görüş xatirinə görüş" kimi xarakterizə edilməlidir. Minsk qrupu Azərbaycan xalqı üçün legitim deyil və bu format Azərbaycan üçün öz missiyasını itirib.

Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə atəskəs o zaman ola bilər ki, Nikol Paşinyan qoşunlarını Azərbaycan ərazisindən çıxarılmasını bəyan etməklə, Prezident İlham Əliyevlə birbaşa görüşüb, müzakirə aparmaga hazır olduğunu diplomatik yollarla deməlidir.

Ermənistan burada da maraqlı deyil. Hətta könüllü dəstələr yaradıb Qarabağa göndərilir. Belə olan təqdirdə hansı müzakirə və atəşkəsdən söhbət gedə bilər?''

Prezident İlham Əliyevin də bu kimi danışıqlarda maraqlı olmadığını deyən Məhəmməd Əsədullazadə bildirdi ki, bu müzakirələr ədalətli sülhə və atəskəsə xidmət etmir.

''Ermənistan XİN rəhbəri Zoqrab Mnatsakanyanı göndərməklə Minsk qrupunun Azərbaycana təsir edəcəyinə düşünərək Cenəvərəyə ümidlə gəlirlər. 27-ildən sonra Ermənistan məğlub tərəf kimi danışıqlara qoşulur və hələki özlərini 90-ci illərin eyforiyasında hiss edib, geri çəkilmirlər.

Anlamırlar ki, Azərbaycan ordusu Şuşanı mühasirəyə alıb. Millət olaraq Azərbaycanın qalib olmasını həzm edə bilməyərək, ciddi şəkildə sarsılıblar.

Bu danışıqlar müharibənin gedişinə müsbət təsir etməyəcək daha da kəskinləşdirəcək. Humanitar atəskəs və bu kimi məsələlər Azərbaycanı hazırkı mövqeyindən gəri çəkməyəcək.

Cenevrə danışıqlarından sonra, Rusiya və Türkiyə arasında intensiv müzakirələr başlayacaqdır. Hazırki situasiyada Qarabağ məsələsində ortaq həll variantları yoxdur və siyasi həll mümkün görünmür.

Ona görədə Minsk qrupunun bu danışıqları səmərəsizdir. Çünki Ermənistan tərəfi Qarabağın statusunda geri addım atmır''.

Qeyd edək ki, Cenevrə görüşündən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayıb. Bəyanata əsasən Azərbaycan və Ermənistan Dağlıq Qarabağda mülki obyektləri və dinc əhalini hədəfə almamağa razılaşıblar.

Bundan əlavə, tərəflər münaqişə zamanı həlak olanların meyitlərinin axtarışı və dəyişdirilməsi sahəsində aktiv əməkdaşlıq etməyə və bu axtarışların təhlükəsizliyinə zəmanət verilməsinə öhdəlik götürüblər.

Bakı və Yerevan hərbi əsirlərin siyahılarını ATƏT və Qırmızı Xaç Komitəsinə təqdim etməyə razı olublar ki, onlara görüşə bilsinlər və mübadiləyə imkan yaransın.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR