İlham Əliyev: “Rusiya neytral mövqedə olmalıdır”

.

“Bir aydan çoxdur ki, müharibə gedir. Biz işğalçılara dərs veririk, onları torpaqlarımızdan qovuruq. Artıq bir çox yaşayış məntəqəsi işğaldan azad edilibdir. Hər həftə onlarla yeni yaşayış məntəqəsi - şəhərlər, kəndlər, qəsəbələr işğalçılardan azad edilir və Müzəffər Azərbaycan Ordusu öz uğurlu əməliyyatlarını davam etdirir”.

Metbuat.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifatı, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədri Adham İkramovu və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyevi qəbul edərkən deyib.

Ölkə başçısı bildirib ki, işğal edilmiş ərazilərdə vəziyyət acınacaqlıdır.

“Bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, təhqir edilib. Ermənilər Zəngilan rayonunda, işğal edilmiş ərazilərdəki məsciddə donuz saxlayırdılar, bu videogörüntülər internetdə var və bu, bütün müsəlman aləmini hiddətləndirir. Bu, bir daha onu göstərir ki, Ermənistan dövləti bütün müsəlman aləminə nifrətlə yanaşır, əks-təqdirdə belə alçaq hərəkətlər baş verməzdi. Əlbəttə ki, bütün müsəlman dünyası bir daha görür ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Döyüş meydanında bizim qabağımızda dayana bilməyən Ermənistan şəhərlərimizi, kəndlərimizi hər gün atəşə tutur. Bu gün səhər mənə verilən məlumata görə səhər saat 6-dan, - indi saat 9-a beş dəqiqə qalır, - bizim şəhər və kəndlərimizə 200-dən çox mərmi atılıbdır. Bu bir ay ərzində namərd atəş nəticəsində 91 mülki şəxs həlak olub, onlardan 10-u uşaqdır, 404 mülki şəxs yaralanıbdır və 2 mindən çox ev dağılıbdır. Ermənistan maksimum çox insanı öldürmək üçün qadağan olunmuş silahlardan istifadə edir. Bizim isə intiqamımız döyüş meydanındadır. Bunu mən dəfələrlə bildirmişdim, demişdim ki, biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq. Düşməni qovuruq və sona qədər qovacağıq. Eyni zamanda, Ermənistana üç dəfə şans verildi. Bizim ordumuzun uğurlu əməliyyat keçirməsinə baxmayaraq, biz beynəlxalq vasitəçilərin təkliflərinə hörmətlə yanaşaraq üç dəfə atəşkəslə bağlı razılığa gəldik. Üç dəfə də Ermənistan bunu kobudcasına pozmuşdur - Birinci dəfə Gəncəni ballistik raketlərlə bombalaması ilə. İkinci dəfə atəşkəsdən 4-5 dəqiqə keçəndən sonra atəşkəsi pozdu. Üçüncü dəfə isə Bərdəyə “Smerç” raketi ilə atəşin açılması nəticəsində 21 insan həlak olmuş, 70 insan yaralanmışdır. Gəncəyə isə iki ballistik raketlə atəş nəticəsində 30-a yaxın insan həlak olmuşdur. Bax bu, erməni faşizminin eybəcər sifətidir. Biz nəinki öz torpaqlarımızı düşməndən azad edirik, biz region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq və bunu davam etdirəcəyik. Heç kim bizim qabağımızda dura bilməz, heç kim bizi bu yoldan çəkindirə bilməz.

Bununla yanaşı, mən dəfələrlə demişəm və bu, mənim mövqeyimdir, əgər Ermənistan, misal üçün, bu gün atəşi dayandırsa və danışıqlar masası arxasında konstruktiv mövqe nümayiş etdirsə, qalan torpaqlarımızdan qoşunların çıxarılması ilə bağlı üzərinə konkret öhdəlik götürsə, biz dayanmağa hazırıq. Biz hesab edirik ki, münaqişənin hərbi həlli siyasi müstəviyə keçməlidir və biz buna hazırıq. Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti onları vadar edəcək ki, onlar çox ciddi düşünərək bu qərara gəlsinlər.

Ancaq biz bunun əksini görürük. Ermənistan baş naziri Rusiya Prezidentinə məktub göndərir və hərbi yardım istəyir. Bu, tamamilə qəbuledilməzdir. Buna heç bir əsas yoxdur. Biz öz torpağımızda düşməni əzirik, vururuq və torpaqlarımızdan çıxarırıq. Biz Ermənistana hər hansı bir təcavüz etməmişik. Bu birincisi. İkincisi, Rusiya Minsk qrupunun həmsədr ölkəsidir, bütün həmsədrlər kimi neytral mövqedə olmalıdır və həmsədrlərin, əslində, ATƏT tərəfindən onlara verilmiş mandatı bunu tələb edir. Paşinyanın bu məktubu göndərməsi onun əslində, etirafıdır. Etiraf edib ki, Ermənistan məğlub olub. Hesab edirəm ki, bu etiraf Ermənistan cəmiyyətində də ciddi təhlil olunmalıdır və Ermənistan rəhbərliyinə ciddi təzyiq edilməlidir ki, bu müharibə dayandırılsın, işğalçılar bizim torpaqlarımızdan çıxsın və bölgədə sülh təmin edilsin”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR