“Allah bizimlədir, haqlı mübarizəsində Azərbaycanın tərəfindədir” -

“Azərbaycanın qazandığı qələbələri görəndə qəlbimiz riqqətə gəlir” .

Bu sözləri Metbuat.az-a verdiyi açıqlamada Türkiyəli politoloq, Osmanlı Səfərbərlik Xalq Hərəkatının sədri Mehmet Barbaros Öztürk deyib.

Hərəkat sədrinin sözlərinə görə, 27 sentyabr tarixindən etibarən hər keçən gün bizi - iki dövlət, bir millət olan Azərbaycanı və Türkiyəni qələbəyə bir az da yaxınlaşdırır.


M.Barbaros Öztürk bildirib ki, Azərbaycan Prezidenti, ölkənin Ali Baş Komandanı cənab İlham Əliyevin işğaldan azad olunan Qarabağ torpaqları ilə verdiyi bəyənatları, xarici media nümayəndələrinə verdiyi müsahibələri maraqla izləyir:

“Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın və eləcə də ölkəmizin digər rəsmi şəxslərinin qardaş Azərbaycana verdikləri mənəvi dəstək bizim başımızı uca edir. Azərbaycan ordusunun qazandığı qələbələri eşitdikcə ürəyimiz dağa dönür. Sevinirik ki, 27 ildir düşmən tapdağında olan torpaqlarımız geri qayıdır, azad olunan torpaqlarda müqəddəs azan səsləri yüksəlir. Bütün bunlar hamısı gələcəyimizin daha gözəl olacağından xəbər verir.”

Politoloq bildirib ki, Qarabağ torpaqları işğaldan azad olunduqdan sonra qarşımızda daha güclü Azərbaycan olacaq və regionda onsuz da söz sahibi olan qardaş Azərbaycanın uğurlarını qürurla seyr edəcəyik. Siyasi- iqtisadi, sosial və təhlükəsizlik baxımından Cənubi Qafqazda fərqli mövqeyə yüksələcək Azərbaycan Türkiyənin mütəffiqi kimi həm də regiondakı digər Türk respublikalarına da nümunə olacaq:

“Torpaqları Ermənistanın işğalı altında olan Azərbaycan illərlə səbrlə gözlədi. Bu müddət ərzində bütün dünya bu haqsızlığı görmədi, eşitmədi. Amma artıq görəcək və eşidəcək. Çünki, Azərbaycan 5 – ci nəsil texnologiyaların savaşında dünyanı məcbur etdi ki, onu görsün və bu haqsızlığa son qoysun. İkili standartlara hadisələrə yanaşan dünya hələ də israr edir ki, ermənilərin haqlı olduğunu dolayısı ilə ortaya qoysun. Ancaq bu cəhdlərinin bir faydası olmayacaq. Haqq nazilər, amma üzülməz. Allah bizimlədir, haqlı mübarizəsində Azərbaycanın tərəfindədir” – deyə politoloq fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR