.

Bakıda bu tarixdən istilik sistemləri işə salınır - RƏSMİ AÇIQLAMA

.

2020-2021-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqadar “Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planıına uyğun olaraq istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılıb.

“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev Metbuat.az-a bildirib ki, istilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında 1 noyabrdan, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən başlanılması nəzərdə tutulur:

“Mövsüm ərzində Cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə 3870 yaşayış binası, o cümlədən 182,0 mində yaxın mənzil, 287 məktəb, 159 uşaq bağçası, 162 səhiyyə müəssisəsi və 1950 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi planlaşdırılır.

Bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunmuş, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənmiş, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilmiş, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilmiş və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunmuş, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin olunub.

Tədbirlər planına əsasən 559 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb, 507 odluq, 861 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub. 1150 ədəd qazan mexaniki və kimyəvi üsulllara təmizlənib, qazanlarda 1680 m2 izolyasiya örtüyü və 796 metr kərpic örtüyü təmir edilib. İstilik şəbəkəlirində 24310 ədəd siyirtmə və ventil təftiş olunaraq, onlardan 12760 ədədi əsası və cari təmir edilib, 580 ədədi isə yenisi ilə əvəzlənib.

Magistral və məhəllədaxili İstilik xətlərində 3850 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 7520 m2 dam örtüyü təmir edilib. Bundan başqa 396 dəst istilik mübadilə qurğusu mexaniki və kimyəvi üsullarla təmizlənib, 600 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib və Na-kationit süzgəclərində 5 ton kationit materialları dəyişdirilib.

İstilik təchizatı sistemində ən vacib sahələrdən birinin magistral istilik xətləri olduğu nəzərə alınaraq 2020-2021-ci illəristilik mövsümünə hazırlıq tədbirləri çərçivəsində bu sahədə də əhəmiyyətli işlər görülmüşdür. Belə ki, 977 km istilik xətləri yuyulmuş və hidravlik təzyiqə yoxlanılmış, 6000 metrə yaxın məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunmuş, 404 km istilik kəməri təmirdən sonra hidravlik təziyiqə yoxlanılıb.

Bundan başqa 1694 ədəd qoruyucu klapan və 2290 ədəd əks klapan, 418 ədəd ehtiyat su çəni təftiş və təmir olunmuş, 2850 ədəd çirktutan təmizlənmiş və cəmiyyətə aid qaz təsərrüfatı təftiş olunaraq cəmiyyətin balansında olan 155 km qaz xətti və 495 ədəd qaz kəsici klapan yoxlanılmış, 515 ədəd qaz tənzimləyici yoxlanılaraq təmizlənmiş istismara yararsız olanlar yenisi ilə əvəzlənib”.

Qurum rəsmisinin sözlərinə görə, Cəmiyyətə məxsus yüzdən artıq qazanxana və istilik məntəqələrində istilik parametrlərinə məsafədən nəzarət sistemi quraşdırılıb ki, bu da Bakı şəhəri və respublikanın regionlarında qazanxana və istilik məntəqələrində texnoloji rejim parametrlərinə uzaqdan nəzarət etməklə qəbul edilən qərarların operativliyinin artırılmasına və yanacaq-enerji resurslarına qənaət etməyə imkan verir:

“Ümumiyyətlə, “Azəristiliktəchizat” ASC tərəfindən ümumilikdə 10 xidmət, o cümlədən:

- İstehsal edilmiş isti suyun satışı;

- İstehsal edilmiş istiliyin satışı;

- Abonent məlumatlarının dəyişdirilməsi;

- Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi;

- Borcun olmaması (və ya olması) haqqında sənədin verilməsi;

- Əhali istehlakçı qrupuna aid olan istehlakçının qeydiyyata alınması;

- İsti su sayğaclarının istismarında yaranmış qüsurun aradan qaldırılması ilə bağlı müraciət;

- İsti su sayğaclarının quraşdırılması üçün müraciət;

- İstilik enerjisi təchizatı sisteminə qoşulmalar üçün texniki şərtlərin verilməsi;

- Qeyri əhali istehlakçı qrupuna aid olan istehlakçının qeydiyyata alınması ilə bağlı xidmətlər göstərilir və cari ilin sentyabr ayından etibarən bu xidmətlərin “ASAN Kommunal” mərkəzləri vasitəsi ilə göstərilməsinə başlanılıb”.

“Payız qış mövsümünün yaxınlaşması ilə əlaqadar istehlakçılar tərəfindən də yaşayıyış binaları , mənzillər və sosial obyektlərdə enerji qoruyucu tədbirlər görülməli, binaların ümumi istifadədə olunan hissələrində, pilləkən qəfəslərində və digər yerlərdə qapı və pəncərələrdən istilik itkilərin qarşısının alınması üçün müəyyən işlər görülməli, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalı , istilik sistemlərində yaranmış su sızmaları və axıntılar dərhal aradan qaldırılmalı, əvvəlki mövsümdə istilikvermə qabliyyəti zəif olan qızdırıcı cihazlar yuyularaq təmizlənməli və ya yenisi ilə əvəz olunmalı, köhnə polad borulardan olan dik dayaqlarda tutulma halları müşahidə olunduğu zaman həmin dik dayaqlar yenisi ilə əvəz olunmalıdır”, - deyə R.Əliyev bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR