x
Loading...

Paşinyan rejimi indi də öz xalqına müharibə elan edib

.

44 günlük müharibədə məğlub olan Ermənistan ölkədə demokratik azadlıqları tapdamaqda davam edir.

Metbuat.az xəbər verir ki, ölkədə fərqli düşünənlərə qarşı sözün əsl mənasında müharibə elan olunub. Belə ki, müharibədə sarsıdıcı məğlubiyyətə uğramış Paşinyan iqtidarı ölkə daxilində baş qaldıran narazılıq və xalqın qəzəbini söndürmək üçün amansız repressiyalara başlayıb. N. Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda 10 müxalifət lideri saxlanılıb. Eyni zamanda, siyasi fəallar saxlanılır, həbs edilir, deputatlara qarşı hücumlar təşkil olunur. Paşinyan hakimiyyətdə olduğu cəmi 2 il ərzində “korrupsiyaya qarşı mübarizə” adı altında siyasi rəqibləri ilə haqq-hesab çürütməyə başlayıb,keçmiş prezidentlərdən birini həbs edib, digərinə qarşı cinayət işi qaldırıb. O, aparıcı müxalifət partiyasının sədri, deputat Sarukyanı bu gün də həbsdə saxlayır.

Ölkədə media sərt senzura şəraitində fəaliyyət göstərir, QHT-lərin fəaliyyəti tam məhdudlaşdırılıb. Artıq etirazçıların qətlə yetirilməsi halları da müşahidə olunur. Belə ki, tarixi bəyanatdan sonra Ermənistan Parlamentinə daxil olan şəxslərdən birinin İrəvanda Razdan körpüsünün altında meyiti tapılıb. Qeyd edək ki, həmin şəxs spikerin kreslosunda əyləşərək siqaret çəkməsiylə məşhurlaşmışdı. Mərhumun yaxınları bunu hakimiyyət orqanlarının qisası kimi qiymətləndirir.

Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov və “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan həbs olunub. Daha əvvəl Daşnaktsutyun Partiyasının rəhbərliyində olan İşxan Saqatelyan saxlanılıb. Parlamentdə “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Naira Zoqrabyan ona güclü təzyiqlər olduğunu bəyan edib. Bildirib ki, başına bir iş gələrsə, bunda N.Paşinyan günahkar olacaq. “Mənim addımım” fraksiyasının üzvü deputat Vardan Atabekyan Nikol Paşinyanın imzaladığı kapitulyasiya bəyanatından narazılığını ifadə etdiyinə görə onun evinə hücum təşkil edilib.

Təqib və təzyiqin adi hal aldığı Ermənistanda təkcə siyasi fəallar deyil, onların yaxınları da basqılara məruz qalır. Hüquq-mühafizə orqanlarının əməkdaşları “Ayrenik” partiyasının sədri Artur Vanesyanın valideynlərinin mənzilinə daxil olaraq orada axtarış həyata keçiriblər. Əhali Paşinyanın istefası tələbiylə küçələrə çıxmaq istəsə də, hakimiyyət orqanları buna ciddi şəkildə maneə yaradır. Həmin şəxslərin ailələri təzyiqlə üzləşir. Faktiki olaraq xarici ölkələrin əlində oyuncağa çevrilmiş Paşinyan rejimi erməni xalqına müharibə elan edib.

Paşinyan hakimiyyətinin bədxah əməlləri yenə də Qərb dairələrini narahat etmir. İşğalçı Ermənistanın faşizm ideologiyasına söykənən siyasətinə “dur” deyilmir. İkili standartlar, ədalətsizlik təcavüzkar dövləti daha böyük cinayətlərə sövq edir. İnsan haqlarından danışan qərbyönümlü təşkilatları Ermənistanda həbslər və boğulan söz azadlıqları narahat etmir. Onlar bu ölkədə baş verən biabırçılığa göz yumurlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR